Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran səfəri çərçivəsində Qum şəhərinə gedib.
Modern.az saytının əldə etdiyi məlumata görə, nümayəndə heyəti Qum şəhərində ali dini təhsil verən təhsil müəssisəsində azərbaycanlı tələbələrlə görüşüb.
Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti belə bir görüşü Qumdakı ali dini təhsil verən təhsil ocağının rəhbərliyilə də keçirib. Bu görüşdə Allahşükür Paşazadənin şəxsən qarşı tərəfdən xahiş edib ki, müəyyən məsələlərlə bağlı ilkin razılıq əldə olunsun. Şeyx həzrətlərinin xahişi ali dini təhsil ocağının rektorluğu tərəfindən müsbət qarşılanıb. Belə ki, razılaşmaya əsasən, qərara alınıb ki, azərbaycanlı tələbələrin Qum şəhərində ali dini təhsil almasına Azərbaycandan rəsmi səviyyədə dəstək verilsin. Eyni zamanda, Bakıdakı İslam Universiteti ilə Qumdakı sözügedən təhsil ocağı arasında tələbə mübadiləsi həyata keçirilsin.
Qeyd edək ki, indiyədək Azərbaycandan olan gənclər Qum şəhərinə dini təhsil almağa yalnız öz hesablarına - özəl xətlərlə gedirdilər.
Modern.az