Modern.az

Rusiya-Ukrayna müharibəsində hansı ölkə qalib gəlsə, nə dəyişəcək? - ŞƏRH

Rusiya-Ukrayna müharibəsində hansı ölkə qalib gəlsə, nə dəyişəcək? - ŞƏRH

18 Yanvar 2023, 14:08

Rusiya-Ukrayna müharibəsi şiddətli şəkildə davam etməkdədir.  Dünya iqtisadiyyatına və geosiyasətinə çox böyük təsir göstərən bu müharibədə kimin qalib gələcəyi isə hamının diqqət mərkəzindədir. Hər iki ölkə qələbə qazanacağından əmindir.

Rusiya qalib gəlsə nə dəyişəcək, Ukrayna qalib gəlsə nə?
 

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiyanın qalib gəlməsi mümkünsüzdür:

“Epizodik olaraq Rusiyanın müəyyən uğurları ola bilər. Hansısa qəsəbə və şəhəri əldə etmək imkanı var. Bütövlükdə götürəndə Rusiyanın sözügedən müharibədə qalib gəlməsi mümkünsüzdür. Rusiyanın artıq peşəkar ordusu yoxdur. Bu dövlət istər tankçıları, istər artileriyyaçıları, istərsə də piyada kadrları hazırlamaq imkanında deyil. Ukraynanın mütəxəssisləri isə 12-dən artıq ölkədə hazırlanıb. Bundan da əlavə, Ukraynaya 11 ay ərzində döyüş helikopterləri, “Challenger”, “Leopard” tankları, uzaqmənzilli artilerriya sistemləri, modern texnikanın verilməsi həyata keçirilib. Yanvarın 20-də Ramştaynda, Amerikanın Almaniyadakı hərbi bazasında ABŞ-ın müdafiə nazirinin rəhbərliyi ilə görüş keçiriləcək. Bu görüşə çox böyük önəm verilir. Ölkələr arasında hansı silahların ilk növbədə verilməsinin, nə qədər ukraynalı mütəxəssisin hazırlanmasının dəqiq bölgüsü aparılacaq. Eyni zamanda qeyd etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordunun baş komandanı Valeri Zalujnı ölkəni tərk edib, rəsmi səfərə rahatlıqla gedə bilir. Bu isə Ukrayna Ordusunun özündən əmin olduğunu və vəziyyətə nəzarət etdiyini göstərir. Buna görə də, Rusiyanın Solidar istiqamətində nəsə qazanmasını, yaxud Baxmut istiqamətində hücumlarını böyütməyə ehtiyac yoxdur. İndiyə kimi Ukrayna Ordusunun komandanı dəyişməyib, ancaq  Rusiya 4 general, yəni 4 rəhbər dəyişib. Bütün bunlar Rusiyanın artıq məğlub olduğunu göstərir”.
 

Ekspertin sözlərinə görə, Rusiya qalib gəlsə, dünyada çox şeylər dəyişə bilər:


“Rusiya ancaq 2022-ci ilin fevralında - müharibənin ilk günlərində qələbə qazana bilərdi. Əgər onlar bir neçə günə müəyyən məqsədlərinə çatsaydılar, hədəfdə Baltikyanı dövlətlər, MDB-yə üzv dövlətlər, Polşa və digərləri olacaqdı”.
 

Müsahibimiz onu da vurğulayıb ki, indiki halda ehtiyatdan nə qədər qüvvədə çağırılsa, müharibənin taleyi dəyişməyəcək: 
 

“Bu gün Rusiya çağırış yaşını qaldırmağa, bununla da vəziyyətdən çıxmağa çalışır. Ehtiyatdan xeyli qüvvə çağırmaq istəyir. Ancaq bunun heç bir xeyri olmayacaq. Çünki bu gün müharibənin taleyini kəmiyyət yox, keyfiyyət həll edir. Rusiya ora 1 milyon əsgər də gətirə bilər. O əsgərlər dalğavari hücuma keçməklə Ukrayna ordusunun arsenalında olan artileriya silahlarının gücü sayəsində sadəcə "ət maşınında" məhv olacaqlar. Rusiya ciddi-ciddi düşünməlidir. Onun yeganə yolu Ukrayna ərazisindən öz qoşunlarını çəkməkdir. Onlar bunu nə qədər tez etsələr, bir o qədər az itki ilə üzləşəcəklər”.
 

Ü.Cəfərovun fikrincə, Ukraynanın qələbəsi dünyanı köklü şəkildə dəyişəcək:
 

“Ukraynanın qələbəsi dünyanın siyasi, iqtisadi mənzərəsini dəyişəcək. Hərbi sahədə fərqli mənzərənin şahidi olacağıq. Elə Azərbaycanın özü Qarabağda çox şeyi dəyişəcək. Bu gün onlarla beyin mərkəzi 3-5 gün sonra nə olacağı ilə bağlı proqnozlar verir.  Müharibənin əsas fazası fevral-mart ayından başlayacaq. Məqsəd Ukraynanın Kırımı azad etməsinə yönələcək. Bundan sonra Rusiyada ya çevriliş olacaq, ya da Putin məğlubiyyəti etiraf edəcək”.
 

Hərbi ekspertin sözlərinə görə, Rusiya əvvəlki dövlət olmayacaq:
 

“Heç kim Rusiyanın dövlət kimi parçalanmasını istəmir. Rusiya daxildə çox ciddi transformasiyaya uğrayacaq. Ayrı-ayrı subyektlər peyda olacaq. Rusiyanın o cür böyük ərazidə insanlarını idarə etmək imkanı olmayacaq. Ordusunun əvvəlki imkanından əsər-əlamət qalmayacaq. Hələ qarşıdakı dönəmdə Çinin, Yaponiyanın hansı addımlar atacağı maraq doğurur. Çünki Yaponiyanın, Çinin də Rusiyaya qarşı ərazi iddiaları var. Daxildə Tatarıstan və Şimali Qafqaz məsələləri var. Bir sözlə, Putinin bu avantürası çox böyük fəlakətlə müşahidə ediləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var