Modern.az

Müsavat Milli Şura ilə bağlı toplandı

Müsavat Milli Şura ilə bağlı toplandı

Təhsil

20 May 2013, 19:03

Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Toplantıda ötən həftə verilən qərarların icrası, görülən işlər, partiyadaxili məsələlər, seçki hazırlıqları, ictimai – siyasi duruma dair müzakirələr aparılıb.Toplantıda öncə qərarların icrasına dair fikirlər dinlənilib.

Divanda mayın 18-də Nəsiman Yaqublunun müəllifi olduğu “Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası” kitabının təqdimat mərasimi haqqında məlumat verilib. Qeyd edilib ki, yüksək səviyyədə keçən təqdimat mərasiminə cəmiyyətin tanınmış simaları da qatılıblar. Divan yeni kitabın nəşrini müsbət qiymətləndirib, N.Yaqubluya isə uğurlarının davam etməsini arzulayıb.

Görülən işlərə dair bölümdə Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı İtaliyanın Milan şəhərinə səfəri haqqında məlumat verib. Avropa Siyası Məsləhətçiləri Assosiasiyasının dəvətilə  bu təşkilatın 18-ci konfransına qatıldığını qeyd edən G.Aslanlı bildirdi ki,  konfransda Azərbaycanda seçkilərin durumuna dair məruzə ilə çıxış edib.

Daha sonra seçkilərə hazırlıqlara dair müzakirələr aparılıb. İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının hazırladığı “Dairə Seçki Qərargahlarının  Əsasnaməsi”  Divanın müzakirəsinə çıxarılıb. Fikir mübadiləsi aparıldıqdan sonra əsasnamənin qəbuluna dair qərar verilib.

İctimai – siyası duruma dair müzakirələrdə Milli Şuranın formalaşdırılması istiqamətində  aparılan danışıqlar haqqında məlumat verilib və prosesin müsbət yekunlaşacağına inam ifadə edilib.

Daha sonra hakimiyyətin qanunlara etdiyi mürtəce dəyişikliklər haqqında müzakirələr aparılıb. Həbs olunanlar barədə inzibati cəzanın 15 sutkadan 60 sutkayadək artırılması qətiyyətlə pislənib. Divan hakimiyyəti bu dəyişiklikləri ləğv etməyə çağırıb.

Divanda bildirilib ki, Müsavat Partiyası başqanının İsmayıllı hadisələrinə görə həbs olunan müavini Tofiq Yaqublu və “REAL” sədri İlqar Məmədovun həbsi daha üç ay uzadılıb. Qeyd edilib ki, həbsdə olan N!DA Vətəndaş Hərəkatı üzvləri barəsində seçilən həbs qətimkan tədbirinin də müddəti uzadılıb. Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə sosial şəbəkələrdə geniş yayılmış  “Harlem şeyk” videoçarxına görə həbs olunub.

Sonda cari məsələlərə baxılıb. 

Anar RÜSTƏMOV              

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama