Bakı şəhər sakininin Abşeron-Binə peşə liseyinində baş verən qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.
İdarənin əməkdaşları tərəfindən liseyin istehsalat təlimi ustası Şərafət Mehdiyevanın xidməti otağına keçirilən baxış zamanı liseydə təhsil alan tələbələrə məxsus və son istifadə tarixi 2013-cü ilin oktyabr ayınadək olan 17 ədəd plastik təqaüd kartları aşkar edilib. Araşdırmalarla həmin kartlarla təqaüdlərin liseyin vəzifəli şəxsləri tərəfindən çıxarılaraq mənimsənildiyi müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.