Modern.az

Magistrlara əsgərlikdən möhlət hüququ-Dövlət Xidməti xəbərsizdi

Magistrlara əsgərlikdən möhlət hüququ-Dövlət Xidməti xəbərsizdi

Təhsil

21 May 2013, 09:28

Deputat: “Bakalavr oğlanların hərbi xidmətə çağırılması onların elmə dönmə imkanlarını xeyli azaldır”


Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclasında magistr dərəcəsi almaq istəyən bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə olunacaq. Artıq uzun müddətdir ki, ölkə gündəmində olan bu məsələyə deyəsən budəfəki iclasda nöqtə qoyulacaq. Yəni hərbi xidmətə çağırışla bağlı qanuna əlavə və dəyişiklik edilə bilər.
Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də öz müsbət rəyini bildirib. Bu arada qeyd edək ki, hərbi xidmətə çağırışla bağlı məsələlər ötən ildən etibarən Müdafiə Nazirliyindən alınaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a bildirdilər ki, Milli Məclisin Elm və təhsil komitəsinin hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi ilə bağlı keçiriləcək iclasında iştirakla bağlı Xidmətin aparatına heç bir dəvət məktubu daxil olmayıb.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc elmi potensialın gücləndirilməsi məqsədilə magistr dərəcəsi qazanmış gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsini daha məqsədəuyğun hesab edir. Deputat bunun ölkədəki elmi kontingentin tərkibində gənclərin az olması ilə bağlı problemlərin həllinə müsbət təsir göstərəcəyini düşünür.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda təhsilini növbəti mərhələlərdə davam etdirən şəxslərin 75-77 %-ni qızlar təşkil edir. Z.Oruc onu da bildirib ki, orta məktəblərdə də qadın müəllimələrin sayı kişilərə nisbətən qat-qat çoxdur. Statistik rəqəmlərdə bu, 83%-dən yuxarıdır:

“Həqiqətən də reallıq ondan ibarətdir ki, hazırkı qanuna əsasən bakalavr dərəcəli oğlanların dərhal hərbi xidmətə aparılması onların sonradan elmi fəaliyyətə dönmə imkanlarını xeyli azaldır. Bir illik hərbi xidmət onları elm arxasınca getməkdən, elmi dərəcələr arasın varislik prinsipindən uzaqlaşdırır. Son statistikaya görə, Azərbaycanda alimlərin orta yaşı 55-dən yuxarıdır, onların əksəriyyəti isə sovet dövründə elmi müdafiələr edənlərdir. Bu məsələyə görə hətta Asiya ölkələrindən geri qalırıq. Hətta qonşu Ermənistandan da geri qalırıq. Azərbaycan alimlərinin sayına görə, Ermənistandan 4, Yaponiyadan isə 30 dəfə geridədir”.

Ölkədə cəmi 8340 alimin olduğunu deyən deputat, bunun əhalinin sayına və ölkənin resurslarına görə çox aşağı rəqəm olduğunu bildirib.  

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama