Türk Amerikan Dərnəkləri Federasiyası (TADF) tərəfindən düzənlənən 32-ci Nyu-York Türk Günü Yürüşünə Azərbaycanı təmsil edən millət vəkili Qənirə Paşayeva ilə bərabər, ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, Tomris Azərinin rəhbərlik etdiyi Amerika Azərbaycanlıları Şurası və Nyu-Yorkda fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri də qatılıb.
Türkiyə tərəfindən Avropa Birliyi naziri və baş müzakirəçi Egemen Bağış, Türkiyə- Amerika Parlamentlərarası dostluq qrupu sədri və AK Parti genel başkan yardımcısı Mevlüt Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Halit Çevik, Nyu-Yorkdakı baş konsul Levent Bilgen, Kuzey Kıbrıs Türk Cumhuriyyəti (KKTC) baş naziri İrsen Küçük, eyni zamanda TADF Başkanı Ali Çınar, türk dövlət və xalqlarını təmsil edən çoxlu sayda insanlar tədbirin iştirakçısı olublar. On minlərlə Türk kökənli insanın iştirak etdiyi və on minlərlə amerikalının maraqla izlədiyi 32-ci Türk Günü Yürüşünə bir sıra konqresmenlər və bir sıra ABŞ rəsmiləri də qatılıb.
Millət vəkili Qənirə Paşayeva deyib ki, tədbirin ən önəmli özəlliklərindən biri odur ki, bu yürüş Türk millətinin gücünü, birlik və bərabərliyini göstərməklə bərabər, Türk milləti əleyhinə çalışan bəzi qruplar üçün də bir xəbərdarlıqdır. Bizim birlik və bərabərliyimizi görüb dərs almalıdırlar ki, apardıqları düşmənçilik, yalan, böhtan və işğalçılıq siyasəti nəticəsiz qalacaq. Türk Günü Yürüşünün 32-ci ildir bütün Türk dünyası təmsilçilərinin iştirakı ilə gerçəkləşdirildiyini deyən Qənirə Paşayeva artıq BMT-də Türk dünyasının bir çox ölkə ilə təmsil edildiyini vurğulayəb.
Qənirə Paşayeva 32-ci Türk Günü Yürüşü çərçivəsində Nyu-Yorkda Türk kökənli diaspor təşkilatları rəhbərləri ilə də görüşüb. Millət vəkili görüş zamanı bildririb ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan türk kökənli insanlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.
Türk diasporunun rəhbərləri ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə birlikdə Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin ABŞ cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər.