Modern.az

Ayətullah Şirazi: “Mən Azərbaycan prezidentinə təklif etdim ki...”

Ayətullah Şirazi: “Mən Azərbaycan prezidentinə təklif etdim ki...”

Təhsil

21 May 2013, 10:58

Ayətullah əl-üzma Məkarim Şirazi Bütün Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə ilə görüşüb. O, İran İslam Respublikasının Azərbaycan və Qafqaz regionu ilə qonşuluğundan bəhs edib. Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Ayətullah Şirazi bildirib ki, İslam dinində  qonşularla yaxşı münasibət qurmaq əmr olunub. Daha sonra İran rəsmisi qonşuların düşmən hiylələri qarşısında ayıqlıq göstərmələrinə də işarə edib.

“Düşmənlərin aramızda ayrılıq salmasına və anlaşılmazlıq yaratmalarına icazə verməməliyik", – deyə iranlı ruhani vurğulayıb. O, müsəlmanlar arasında hər növ ixtilafları düşmən meydanında hərəkət adlandıraraq deyib: “İslamın düşmənləri müxtəlif hiylələrlə müsəlmanları bir-birinin canına salmaq və onlar arasında təfriqə yaratmaq istəyirlər. Hal-hazırda bir neçə İslam ölkəsində müsəlmanlar düşmən hiylələri nəticəsində bir-birini öldürür və bu durumdan yalnız düşmən xeyir götürür".

Daha sonra  Şeyxülislam Allahşükür Paşazadəyə xitab edərək Azərbaycanın bölgədəki nüfuzundan söz açıb.  
"Bizim eşitdiklərimizə əsasən, sizin Azərbaycan və Qafqaz regionunda nüfuzunuz vardır. Öz nüfuz və təsirli olmağınızdan düşmənin hiylələrini məhv etmək və mövcud problemlərin həlli üçün istifadə edin. Sizin bu səfəriniz mütləq bizimlə Azərbaycan və Qafqaz regionu arasında dostluğun daha da dərinləşməsinə səbəb olacaq"-deyə münasibətini gizlətməyib.

Ayətullah Məkarim Şirazi Azərbaycan rəsmilərinə də xəbərdarlıq göndərib. Eyni zamanda Azərbaycanın dövlət başçısı İlham Əliyevə təklifi barədə də danışan Şirazi bildirib: “Öz mövqeyinizdən istifadə edərək  müsəlman xalqının azad olmasına, öz dini mərasimlərini icra edə bilmələrinə çalışın. Çünki onlar öz dini mərasimlərinin keçirilməsində nə qədər azad olsalar, hökumətlə xalqın bağlantısı bir o qədər möhkəm olar. Mən Azərbaycan Prezidentinə təklif etdim ki, zindanda olan bəzi dini şəxsiyyətləri azad etsin. Bunun həm ölkə xalqı, həm də qonşu ölkələrin xalqı arasında yaxşı təsiri vardır".

O, Azərbaycan və İran alimlərinin daha artıq münasibət yaratmalarına, elmi-mədəni əlaqələr qurmalarına təkid edərək, dostluq bağlantılarının daha da möhkəmləndirilməsini dilə gətirib və  bunu hər iki ölkənin xeyrindən əlavə bütün müsəlmanların xeyri adlandırıb. Qeyd edək ki, bu görüşün əvvəlində Şeyxülislam Paşazadə Qafqaz və Azərbaycan xalqının səmimi salamlarını həzrət Ayətullah Məkarim Şiraziyə çatdırıb və onu Azərbaycana və Qafqaza səfərə dəvət edib.  

Aqşin KƏRİMOV
     
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama