Borc müqaviləsinin predmeti pul məbləği olduğu halda o, kredit müqaviləsi hesab olunur.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, bu tələb aradan qaldırılır. Bu isə pul vəsaitləri ilə bağlı borc müqavilələrinin tanınmasına, habelə müqavilə üzrə tərəflər arasında yaranacaq mübahisələrin hüquqi müstəvidə çözülməsinə və hüquqi qiymət vermənin səmərəliliyinin artmasına son nəticədə hüquqların daha etibarlı qorunmasına imkan verəcək.
Eyni zamanda bankın və digər kredit təşkilatının borc (kredit) verməsilə digər şəxslərin borc verməsi differensiasia olunur. Belə ki, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi bank və digər kredit təşkilatları tərəfindən həyata keçirilə bilər. Bununla da borc müqaviləsinin bir növü olaraq kredit müqviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq, kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs (bank və ya digər kredit təşkilatı) ola bilər.
Kredit müqaviləsi mahiyyətcə borc müqaviləsi olduğundan borc müqaviləsi haqqında müddəalar kredit müqaviləsinə də şamil ediləcək.