Jurnalistika elə bir sahədir ki, burda yüksək təminatlı yaşayışdan, geniş maddi imkanlardan söhbət gedə bilməz. Doğrudur, sovet dönəmində bu peşənin sahibləri bəzi üstünlüklərə sahib olublar, müəyyən mənada rəhbər təşkilatları özləri ilə hesablaşmağa məcbur edə biliblər. Amma indi hər şey tam fərqlidir. Jurnalistika peşəsinin nüfuzu da, jurnalistlərin maddi durumu da. Heç şübhəsiz ki, dediklərimin böyük mənada sıravi jurnalistlərə daha çox aidiyyatı var.
İndi yazıçı statusudaşıyan, daha doğrusu özlərini belə adlandıran bir kəsim qələm adamları var ki, jurnalistlərin boğazına şərikdirlər. Bunlar görüntüdə jurnalistikanı bəyənmirlər, hətta bir qədər yuxarıdan aşağı baxdıqlarını da söyləmək olar. Amma yedikləri çörək saytlara verdikləri yazının müqabilində aldıqları qonorarla alınır.
İndi intriqadan və qalmaqaldan uzaq olmaq şərtilə bir neçə ad çəkəcəm. Məsələn, Aqşin Yenisey özünün və mənsub olduğu çevrənin dediyinə görə şairdir. Amma bu gün bir neçə saytda həm də köşə yazarıdır. Seymur Baycan da bizi bəyənməyənlərin sırasındadır. Bu adamın mətbuata istənilən müsahibəsində maarifləndirmə adı ilə aşağılayıcı fikirlər söylədiyini görmək mümkündür. Nə cəmiyyətimizi bəyənir, nə də jurnalistikamızı. Bəyəndiyi beş-üç yazar dostu var ki, onlar da özü kimi mətbuatdan “çak-çuk” eləyənlərdi.
Şairə Günel Mövlud isə daha “orijinal” yol seçib. Mən 2006-cı ildə “Bakı xəbər” qəzetində işləyəndə Günel mətbuata yenicə gəlmişdi. O vaxt “Alma” qəzetinin bir rubrikası var idi. Həmin rubrika çərçivəsində şairə xanım qəzet redaksiyalarından reportaj hazırlayırdı. İndi isə YEKƏ şairədir.
Deməli, bu xanım bir müddət yerli mətbuatdan uzaqlaşır, gedir Gürcüstana. Orda yaşayır, yaradır, sonra gəlir o yaratdıqlarını burda xərcləyir. Yetərincə maraqlı taktikadır. Amma daha maraqlısı odur ki, bu xanım oxunmadığını görüncə ortaya bir seks mövzusu atır. Millətimiz də ki maşallah belə şeylərə biganə deyil. İstənilən yazının başlığına “seks” sözünü çıxarmaqla ortabab saytda onu 1500 dəfə oxutmaq mümkündür. Məşhur reklamda deyildiyi kimi, özüm sınamışam.
Məsələ burasındadır ki, özlərini göylərdə hiss edən dostlar heç də göründükləri kimi o qədər də yuxarılarda deyillər. Çünki bir şair, bir yazıçı yazdığı kitabla dolanmırsa, əksinə hansısa nəşriyyata pul verib kitab buraxdırıb, sonra da o kitabı qoltuğna vurub dost-tanışa paylayırsa...
Bildiyimə görə adlarını çəkdiiyim şəxslərdən yalnız Seymur Baycan “Quqark” kitabından müəyyən məbləğ əldə edib.
Bu da mənzərə. Yəqin ki, adlarını çəkmədiyim bəzi dostlar da özlərini “görə bildilər”. Hər birinizin intellektinə, mütaliəsinə zərrə qədər şübhəm yoxdur. Nə dərəcədə mütaliəli olduğunuzdan da xəbərdaram. Bilməyiniz lazım olan bir şey var - boğazımıza şərik olduğunuzu bilə-bilə dahilik iddiasına düşməyin. Bir gün saytlar yazınızı verməkdən imtina edər, evin içində acından o məsələ...