Modern.az

ATƏT-in “sülh göyərçini”

ATƏT-in “sülh göyərçini”

Ölkə

21 May 2013, 14:07

Azərbaycanın qala qapısı hesab olunan Laçının erməni-rus hərbi birləşmələri tərəfindəm işğalından 21 il ötdü. Bundan da cəmi onca gün öncə Şuşanın işğal gününü yad etdik. Hələ ki ömrümüzü torpaqlarımızın işğal günlərini qeyd etməklə keçiririk. Faciələrimizin ildönümlərini qeyd edə-edə yaşlı nəsilin sıraları seyrəlir, gənclər yaşa dolur, asvalt üstündə dünyaya göz açanlarımız da torpaq nisgili çəkə-çəkə böyüyürlər. İllərdir ki, Avropa dövlətlərinin patronajlığı altında atəşkəs elan olunaraq “sülh danışıqları” aparılır, Bakı-İrəvan arası yollarda hərəkət edən diplomatik missiyaların sayı-hesabı sonsuzluğa doğru uzanır. Prosesin nə zaman bitəcəyi isə heç danışıq aparanlara da aydın deyil. Azərbaycan tərəfi nəticəsiz danışıqlardan bezib torpaqlarını silah gücünə azad edəcəyini dilə gətirəndə isə Avropadan Amerikayacan erməni yandaşlarındannaftalin iyi verən “münaqişənin hərbi yolla həlli mümkünsüzdür, onu yalnız danışıqlar yolu ilə tənzimləmək olar” ənənəvi məkrli bəyanatları yenidən dövriyyəyə buraxılaraq yurd həsrəti ilə qovrulan insanların əsəblərini oynadır.

Qarabağ münaqişəsinin ilk illərində siyasətlə məşğul olan başbilənlərimiz gecə-gündüz haray çəkirdilər ki, guya uduzmağımızın başlıca səbəbi dünyanın baş verənlərdən xəbərsiz olması, Moskvanın bizi informasiya blokadasında saxlamasıyla bağlıdır. Onların iddialarına görə, əgər Qarabağ həqiqətlərini olduğu kimi dünyaya çatdıra bilsək problem öz-özünə həllini tapacaq. Artıq 20 ildən çoxdur ki müstəqil dövlətik, əksər ölkələrdə diplomatik korpuslarımız fəaliyyət göstərir, beynəlxalq arenada müstəqil siyasət yürüdürük, iştirak etdiyimiz hər bir tədbirdə də Qarabağ həqiqətlərindən, Ermənistanın işğalçılıq siyasətindən danışırıq. Bunların əvəzində nə isə dəyişibmi, bircə qarış da olsun torpağımız azad edilibmi?

Məgər Vaşinqtonda, yaxud Parisdə Qarabağ torpaqlarını işğala məruz qoyanların rus qoşunları olduğundan xəbərsizdirlər? Yoxsa kosmosdan Tehranda İran mollasının siqarının markasını oxuyan Pentaqon generalının Qarabağda rus tanklarının, toplarının vaxtaşırı keçirdiyi hərbi təlimlərdən, işğal altındakı torpaqları oda qalamasından xəbəri yoxdur?

Nə tez yaddan çıxarırıq ki, vaxtı ilə birbaşa Azərbaycanın dövlət təhlükəsizliyinə qarşı yönəlmiş Moskvanın Ermənistana əvəzsiz olaraq verdiyi 1 milyard dollar həcmində silah-sursatla bağlı informasiyalar elə rus hərbiçilərinin özləri tərəfindən açıq-aydın etiraf olunsa da, bu boyda haqsızlığa qarşı nə BMT səsini çıxardı,nə ATƏT cınqırını çəkdi, nə də Avropa Birliyi.

Öz ağalarının sonsuz qayğılarından, nəvazişlərindən daha da həyasızlaşan ermənilər nəinki Allah yoluna gəlir, əksinə gündən-günə daha da həyasızlaşaraq yeni torpaqlar qamarlamaq iştahası ilə alışıb yanırlar.

Bu yaxınlarda Rusiyanın Ermənistana 500 kilometrlik bir məsafədə hədəfi vurmaq gücündə olan daha qorxulu qırğın silahları olan S-300 raketləri yerləşdirməsi isə Moskvanın nəinki Qarabağ münaqişəsində ədalətli hakim rolunda çıxış etmək fikrində olduğundan, əksinə bu bölgədə daha məkrli, qanlı planlar üzərində işlədiyindən xəbər verir.

Tarix ibrət dərsidir, deyib müdriklərimiz. Zora zorla cavab verməsən uduzacağın qaçılmazdır. Rusiyanın xəstə imperiya təhlükəsindən sığortalanmağın ən təhlükəsiz yolu vaxt itirmədən qardaş Türkiyə ilə hərbi ittifaqa girmək, NATO qurumları ilə danışıqları intensivləşdirmək, gələcəkdə bu qurumun üzvlüyünə can atmaqdan keçir. Ola bilsin ki,bəziləri məni diletantlıqda qınayar,Gürcüstan olaylarını da misal çəkərlər ki, Rusiya bunlara sakit baxmaz. Məgər Rusiya pisliyindən nə zamansa qaldı?Bir də qaradan artıq rəng olmaz ki. Tarix də, yaşadığımız zaman kəsiyi də dəfələrlə sübut edib ki, ən yaxşı müdafiə hücumdur. Elə son illər Türkiyə-İsrail münasibətlərindəki gərginliyin sonucu da dediyimizə əyani sübutdur.

  Unutmayaq ki, nə vaxta qədərki biz ümidimizi ATƏT-in Minsk qrupuna bağlayacağıq, münaqişənin həlli də o qədər uzanacaq. Niyə unuduruq ki,vaxtilə Azərbaycan torpaqlarında qurama Ermənistan dövlətinin yaradılmasının memarları  məhz bu dövlətlər və onların züy tutanlarıdır. Göründüyü kimi ATƏT-in “sülh göyərçini” hələ ki ölü bəyanatlar yumurtlayır. Bundan isə nə ölüyə hay düşür, nə də diriyə pay.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!