
Tez-tez məhkəmə çəkişmələrində olan “Yeni Musavat” və “Azadlıq” qəzetlərinin rəhbərləri Modern.az-a açıqlama veriblər.
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovun sözlərinə görə, hazırda qəzetə qarşı 3 məhkəmə iddiası mövcuddur.
“Tağı Əhmədovun iddiası üzrə məhkəmə prosesi artıq yekunlaşıb. İcra ilə bağlı müraciət etmişik ki, 30 min manat cəriməni 6 il müddətinə ödəyək. İlkin şifahi razılaşma da var. Amma bu məsələyə mayın 31-də baxılacaq”.
Sücəddin Şərifov deyib ki, müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədovun qəzetə qarşı 100 min manatlıq məhkəmə iddiası ilə bağlı Yasamal Rayon məhkəməsində proses davam edir. Üçüncü məhkəmə prosesi isə Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın 30 min manatlıq iddiası ilə bağlıdır. “Ali Məhkəməyə apelyasiya şikayəti olunub, iş onun icraatındadır”.
“Yeni Musavat”dan verilən məlumata görə isə qəzetə qarşı Dövlət Sərhəd Xidmətinin qaldırdığı iddia ilə bağlı Nəsimi Rayon Məhkəməsində proses gedir. Müdafiə Nazirliyinin şikayəti əsasında baxılan işin məhkəməsi isə mayın 31-nə təyin olunub. Ümumilikdə isə Müdafiə Nazirliyi ilə bağlı artıq prosesi yekunlaşmış 6 iddia mövcuddur.
Vüqar İsmayılov