Modern.az

İlham Əliyev nazirləri qəbul edib

İlham Əliyev nazirləri qəbul edib

Təhsil

21 May 2013, 16:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib.

Dövlət başçısı ikitərəfli münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edərək bu cür səfərləri intensiv şəkildə həyata keçirməyin vacibliyini bildirib. Prezident İlham Əliyev İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin ölkəmizə səfərinin hərbi əməkdaşlığın inkişafına xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.

İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulate paytaxtımızda böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. İspaniyalı nazir Azərbaycana səfərinin əlaqələrimizin, o cümlədən hərbi sahədə əməkdaşlığımızın perspektivlərinin səmərəli müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Gürcüstanın daxili işlər naziri İrakli Ğaribaşvilini qəbul edib. Daxili işlər naziri İrakli Ğaribaşvili Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin salamlarını dövlətimizin başçısına çatdırıb. Nazir vəzifəsində ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan İrakli Ğaribaşvili Gürcüstanın Azərbaycan ilə strateji tərəfdaşlığa xüsusi önəm verdiyini deyib. O, Gürcüstanın yeni hökumətinin səyləri sayəsində ölkələrimiz arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin bütün sahələrdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə əmin olduğunu bildirib. İrakli Ğaribaşvili Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin ilk səfərlərindən birini Azərbaycana etməsini bunun yaxşı göstəricisi kimi dəyərləndirib.
Azərbaycan ilə Gürcüstan arasında qədim tarixi əlaqələrin, dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev Gürcüstanın yeni hökumətinin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verməsindən məmnunluğunu ifadə edib. Dövlət başçısı Azərbaycanın da öz növbəsində ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi və geniş sahələri əhatə etməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Hüquq mühafizə orqanları arasında əməkdaşlığa toxunan Prezident İlham Əliyev cinayətkarlığa qarşı birgə mübarizəni və informasiya mübadiləsini daha da genişləndirməyin önəmini vurğulayıb.
Dövlət başçısı Baş nazir Bidzina İvanişvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.

Ölkə başçısı həmçinin  Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Qəti əminlik ifadə olundu ki, ölkələrimiz arasında təhsil sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcəkdir.
Görüşdə Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.


Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama