Modern.az

Azər Ayxanın prezident və nazirə müraciətinə rəsmi münasibət bildirildi

Azər Ayxanın prezident və nazirə müraciətinə rəsmi münasibət bildirildi

Media

23 May 2013, 09:31

“Azər Ayxanın cənab prezidentə və daxili işlər nazirinə ikinci dəfə müraciət etməsi barədə məlumatla tanışam. Azər Ayxanı birinci müraciətindən sonra cənab nazirin müvafiq tapşırığına əsasən onun şikayəti araşdırılmağa başlanıb”. Bu sözləri Aznews.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib.
O, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın təhqir edilməsi və hədələnməsi ilə bağlı prezident İlham Əliyevə və daxili işlər nazirinə ikinci dəfə müraciət etməsinə münasibət bildirib.

O.Mansurzadə A.Ayxanı açıq nömrələrdən sms yazaraq təhqir edən şəxslərin kimliyinin aşkarlanmasının niyə ləngidiyi barədə suala isə belə cavab verib: “Hazırda bu işlə bağlı istintaq gedir. İstintaq sirri olduğu üçün bəzi məlumatların açıqlanması mümkün deyil. Qeyd olunan nömrələrin sahiblərinin tapılması kiməsə asan görünə bilər, ancaq bu, o qədər də asan deyil. İstintaq həmin şəxslərin kimliyinin aşkarlanması üçün müvafiq tədbirlər görür. İstintaq uyğun bildiyi təqdirdə yeni məlumatlar açıqlana bilər”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan ötən günlərdə açıq nömrələrdən təhdid mesajları almışdı. Redaktor bununla bağlı ötən həftə prezidentə müraciət etmişdi.

A.Ayxan may ayının 15-də məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə olub, orada ifadə verib.

A.Ayxan prezidentə və nazirə göndərdiyi məktublarında xahiş edir ki, günahkarların tapılaraq qanun qarşısında cəzalandırılmaları, məsuliyyətə cəlb olunmaları üçün müvafiq dövlət qurumlarına və şəxslərə yenidən göstəriş verilsin.

Modern.az
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi