Modern.az

Yevda Abramov: “Mənə “Azərbaycan parlamentindəki sionist deputat” deyirlər, vecimə də almıram” - MÜSAHİBƏ

Yevda Abramov: “Mənə “Azərbaycan parlamentindəki sionist deputat” deyirlər, vecimə də almıram” - MÜSAHİBƏ

Parlament

23 May 2013, 11:26

“Kim deyirsə Azərbaycan yəhudilərin əlindədir, bu ağ yalandır”-


“İranı dövlət kimi qəbul etmirəm”

Modern.az saytı Mili Məclisin Qubadan seilmiş yəhudi əsilli deputatı Yevda Abramovla müsahibəsini oxuculara təqdim edir.

- İran həmişə Bakını sionizmin əlində olan ölkə kimi təqdim edir. Qonşu ölkənin siyasətçiləri, KİV-ləri, ekspertləri Azərbaycanda yəhudilərin siyasi idarətmədə mühüm rolunu qeyd edirlər. Siz yəhudi xalqının Milli Məclisdəki təmsilçisi kimi belə mülahizələrlə razısınız?

- Kim deyirsə Azərbaycan yəhudilərin əlindədir, bu ağ yalandır. Mənə deyin görüm, Azərbaycanın hansı sahəsi yəhudilərin əlindədir? Azərbaycanda  dövlət aparatında, nazirliklərdə işləyən yəhudi varmı? Parlamentdə məni çıxmaq şərti ilə, ikinci bir yəhudini göstərin. Hansı rıçaqlar Azərbaycan yəhudilərinin nəzarəti altındadır? Bunlar hamısı ağ yalandır. Bu gün regionda Azərbaycanı açıq dəstəkləyən, heç kimdən qorxmayan ölkə İsraildir. O qorxmadan deyir ki, mən Azərbaycanı təkləməyə qoymaram. Müdafiə işinə də, hərbi manevr keçirməsinə də qarışır.

- İran bundan qıcıqlanır?

- İranın qorxduğu elə Amerika və İsraildir. İran daha kimdən qorxur ki? Xəritədə elə bir ölkə göstərin ki, İran o dövlətdən çəkinir. Türkiyədən, Azərbaycandan qorxur? Yox. İranın çəkindiyi  Amerika, ikinci isə İsraildir. Əslində İsrail İranın yanında kiçik bir dövlətdir. Amma  İsrail prinsipial dövlətdir, dediyini edəndir. Tehran qorxur ki, İsrail sabah dediyini edə bilər. Ona görə Azərbaycanı belə bir dostdan məhrum etmək istəyir. Əslində bu erməni siyasətinə uyğun gəlir. Hər ikisinin bölgədə apardığı xarici siyasət uyğun gəlir. İran əvvəldən ermənipərəst olub, onların ictimai bazası bir olub. Hər ikisinin millətçilik mövqeyi birdir. Hər ikisinin dünyadan, xəritədən  küskünlüyü var. Onlar dünya ağalığı istəyirlər.

- Belə şəraitdə maraqlı qüvvələr tərəfindən  “yəhudi kartı” ilə oynamaq ehtimalı varmı?

- Azərbaycanda “yəhudi kartı”ndan söhbət gedə bilməz. Çünki yəhudilərdə belə bir mentalitet var. Salam verdikdən sonra mütləq cavab alırlar. Salam verməsən, o “şalom”u ona deməsən, sənə reaksiya vermir. Yəhudilər dünyada heç bir ölkənin işinə qarışmağı sevmirlər. Amma onunla məsləhətləşəndə, onunla oturub-duranda, o artıqlaması ilə etməyi sevir.

Xalqın prinsipi belədir. Bu prinsiplə də yaşayır. İstər öz ölkəsində, istər öz ölkəsindən qovulduğu vaxt harada olubsa, çox sakit yaşayıb. Heç kəsdən ərazi iddia etməyib, heç kəsin çörək kanalının qarşısını kəsməyib. O ölkədə bir sənət yerli millətin əlində olubsa, bu sənətə girişməyib. Çünki bu yerli millətindir. Özü nə gətiribsə, nə öyrənibsə, onunla dolanıb. Yəhudilər sakit xalqdır. Düzdür, mətbuatda deyirlər ki, yəhudilər müsəlmanları qırır. Söhbət ondan getmir. Vurub- qırmağın səbəblərini öyrənmək lazımdır. Niyə və necə öldürür? Bilmədən məqalə yazmaq düzgün deyil. Heç olmasa həmin jurnalist yəhudi ilə oturub-durmalı, bu ölkənin qanunlarını bilməlidir. Əsl yəhudidən söhbət gedirsə, o nahaq yerdən insan öldürməz. Bu “Tövrat”da ən böyük günahdır.

- Azərbaycanda təxminən nə qədər yəhudi var?

- 2009-cu ilin rəsmi statistik məlumatı hələ məndə yoxdur. Amma sinaqoqların rəhbərləri ilə görüşlərimdə öyrənmişəm. Bizdə elə bayramlar var ki, o bayramda yeyilən bir sıra ərzaq məhsulları sinaqoqdan alınmalıdır, mağazalarda satışda olmur. Orada hər bir yəhudi ailə üzvünün sayını deyir və sayına görə ərzaqlarını alırlar. Bu gün o siyahıya görə, Azərbaycanda  təxminən 25-30 min arasında yəhudi yaşayır. Mən bu rəqəmi cənab Prezidentin bir sıra məruzələrində də eşitmişəm. Dövlət rəhbərlərinin, hökumət nümayəndələrinin çıxışlarında mən bu rəqəmə qədər olan sayı oxumuşam.

- Sinaqoqun hazırda yəhudi xalqı üzərində idarəetmə baxımından vəziyyəti necədir? Yəhudi xalqı üzərində təsir imkanları varmı? Sovet dövrünün “şinelindən” çıxan yəhudilər var ki, onlar öz dinlərindən, İslamdan da xəbərsizdilər.

- Sinaqoq ona görədir ki, yəhudilər keçmiş tarixini unutmasınlar. Sinaqoqun bu gün Azərbaycanda rolu odur ki, yəhudi olan şəxs öz yəhudi rituallarını, yəhudiliyini  unutmasın. Allah tərəfindən vəhy edilmiş “Quran”da, Musanın yəhudilər üçün göstərişlərində bu gün tələb olunan postulatlar sinaqoq yolu ilə təbliğ olunur. Hər bir yəhudi də öz dini boşluğunu doldurmaq üçün sinaqoqa müraciət edir. Bu çox vaxt yas mərasimlərində və milli bayramlarda yada düşür. Desək ki, yəhudilər teokratikdir, mən bu sözlə razı deyiləm. Yəhudilər var ki, sizin sualınıza uyğun gəlir. Onlar daha çox dindardırlar. Amma Azərbaycanda yaşayan yəhudilər Azərbaycan xalqı kimi dünyəvilik prinsipləri ilə nəfəs alırlar. Çox dünyəvidirlər. Heç kimlə dini fanatizmləri yoxdur. Azərbaycanda yaşayan yəhudilərin balaları iki dildə təhsil alır. Ya Azərbaycan ya da rus dilində. Amma Bakıda yəhudi dərnəklər fəaliyyət göstərir.
Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən yeganə yəhudi məktəbi tikildi. Orada da tədris rus dilində gedir. Amma bir iki fənn ivrit dili öyrədir. Məktəbdə xarici dil kimi iudaizmin tarixi və ivrit dili öyrədilir. Burada dindən əsər-əlamət yoxdur. Bu da dünyəvi məktəbdir. Amma adı yəhudi məktəbidir. Burada xaricdən gələn və Azərbaycanın savadlı müəllimləri dərs keçir. Mən görmüşəm ki, çox yüksək səviyyədə işləyən insanların övladları yəhudi məktəbində oxuyur. Bu o demək deyil ki, o yəhudi olmaq istəyir. Digər məktəblərdən fərqli olaraq ivrit dili öyrədilir.

- Azərbaycan ailələri bu məktəblərə oxumaq üçün gəlirlər?

- Oxumağa gəlirlər. Bu məktəb orta təhsil verən məktəbdir.  Müəllim kadrları seçmədir. Maaşları da olduqca yüksəkdir. Belə də olmalıdır. O məktəbin arxasında çox böyük adam durub. Ona görə o məktəb seçilmə məktəbdir. Orada tərbiyə üsulu da güclüdür.

- Azərbaycanda yaşayan yəhudilərin təhsil aldıqdan sonra işləmək problemi yoxdur? Siz bayaq dediniz ki, nazirliklərdə və digər icra strukturlarında yəhudilər işləmir.

- Mən öz millətim haqqında sizdə təsəvvür yaratmaq istəyirəm. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra  yəhudilərin Azərbaycandan getməsi prosesi bir az dayandı. Onlar 90-cı illərdəki  vəziyyətdə dayanardılarmıı? Vaxtilə “Bakı Soveti” metrostansiyasının yanında “qoy bir ermənilərlə qurtaraq, sora yəhudilərə keçəcəyik” deyirdilər. Mən bu hadisələrin içində olmuşam. O vaxt  sovet qoşunları buradan çəkiləndə bir boşluq əmələ gəldi. Milli məsələlərdə, respublikada xaos yaratmağa başladılar. Bunu da edirdilər ki, tramplin kimi hakimiyyətə gəlsinlər. Qarışıqlıq yarandı. Cavanlar qorxdular. İnsanları yaşı çatdı-çatmadı tutub cəbhəyə  aparırdılar. Yəhudilər xarici ölkələrə üz tutmağa başladı. Ulu öndər hakimiyyətə gəldikdən , təhlükəsizlik qarantiyaya çevrildikdən sonra yəhudilər yenə öz evlərinə qayıtdılar. Onların bir çoxu artıq Moskvada bizneslə məşğul olurdular. Rusiya bazarı boş idi. Ticarət də yəhudilərin milli peşəsidir. Artıq Rusiyanın ayrı-ayrı böyük şəhərlərində biznes qurmağa başladılar. Cənab prezident İlham Əliyev yəhudilərlə görüşdü, səmimi söhbət apardı və yəhudiləri özünün doğma qardaşı elan etdi. Artıq insanlarda gələcəyə böyük inam yarandı. Bir neçə insan Azərbaycanda biznes qurmağa başladı. Bu gün deyə bilərəm ki, çoxu Rusiyaya meyl edir. Xarici ölkələrdə təhsil alan yəhudilərin sayı ilbəil artır.

- Onlar qayıdıb gəlirlər?

- Çoxu da qayıtmır. Mən başa düşmürəm ki, İran nəyə əsaslanıb belə deyir? Azərbaycandan olan yəhudilərin milyonçu və milyarder olmalarında Rusiyanın qanunları da rol oynadı. Buna baxmayaraq, onlar Azərbaycanı unutmurlar. Öz yaşadıqları yerə, yenidən bərpasına kömək edirlər. Cənab Prezident Moskvada olanda həmişə bu insanlarla görüşür. Həmin azərbaycanlılar arasında yəhudilər də olurdu.

- Bəs dövlət strukturlarında təmsil olunurlar?

- Bu gün Azərbaycanın dövlət strukturlarında yəhudilər barmaqla göstəriləcək qədər ola bilər. Mən seçicilərlə görüşmüşəm. Elə bir şöbədə rast gəlməmişəm ki, orada yəhudi otursun və mənim xəbərim olmasın. Ola bilsin hansısa bank işində işləyərlər.

- Onlar işləmək istəmirlər yoxsa öz kariyeralarını burada görmürlər?

- Suyu axıdırsan, su öz yolunu tapır. Haradan rahat gedirsə, oraya da gedir. Bu insanlar artıq öz sərmayələrini orada qoyublar, orada qazanmağın yolunu bilirlər. Buraya da ikinci dəfə gəlib hər şeyi sıfırdan başlamaq çətin olar. Yeni nəslin çoxu orada yaranır. Burada qalan yaşlı insanlardır. Moskva həyat tərzinə öyrəşmələri çətin olar. Yaradıcı nəsil oradadır.

- Vətənlə əlaqələri varmı?

- Bəli, var. Amma biznes, təhsil məsələlərində oraya daha çox meyl edirlər. Həmin suala ona görə cavab vermək istədim ki, bu, qarayaxmadan başqa bir şey deyil. Hər bir şüurlu Azərbaycan ziyalısı bilir ki, bu gün sovet dövründə olduğu qədər nə Azərbaycan Səhiyyə Nazirliyində, nə Elmlər Akademiyasında, nə də başqa bir yüksək müəssisədə yəhudilər var.

Yəqin ki, gələcəkdə gənc nəsildən elələri olar. Qayıda bilərlər. Bu gün nədənsə bu insanlar Azərbaycanda bəzi problemləri həll etməkdən çəkinirlər. Ona görə də cənab prezidentin 12 fevral çıxışı Moskvada çox böyük əks-sədaya  səbəb oldu. Mənə xəbər çatdı ki, hətta gecə o barədə oturub müzakirə ediblər. Bu gizli deyil. Mən öz pulumla gəlim niyə kiməsə əyilməliyəm? Mənə elə gəlir ki, bunlar həqiqətən reallığa çevrilsə, yaxşı olar. Onlar cənab prezidentin yenidən namizədliyini verməsini səbirsizliklə gözləyirlər. Yəqin ki, o insanlar sərbəst kapitalını Azərbaycana gətirmək fikrindədirlər.

- Bakıda əvvəl yəhudi məhəllələri var idi. Özünəməxsusluğu ilə fərqlənirdi..

- Yadımdadır ki, Korqanov, Dimitrov küçələri deyəndə, insan beynində yəhudi məhəlləsi asossiasiyası olurdu. İndi onlar yoxdur. O insanlar çıxıb gediblər. Bu gün yəhudilərin kompakt yaşadığı yerlər İsrail və Qubanın Qırmızı qəsəbəsidir. Amerikada Roşenpark ərazisi yəhudilərin məskənidir. Yəhudilər 1972-ci ildə Helsinki konfransından sonra Avstriyaya, Vyanaya getdilər. Gördülər ki, kompakt halda yaşamağa imkan yoxdur. Ancaq buna baxmayaraq, bu gün Oşenpark yəhudilərin kompakt yaşadığı yerdir. Bu gün Bakıda olan o küçələr belə, yoxdur. Onların yerində müasir parklar var.

- Yəhudi həyat tərzində bir dəyişiklik varmı?

- Bu gün demokratiya şəraitində yəhudilər yəhudiliyə qayıdıblar. Özü də qorxmadan, çəkinmədən. Əgər bəzi ritualları ev şəraitində gizli keçirirdilərsə, indi bu rituallar xalqın malı olub. Bizim Nisan bayramımız Novruzun son günüdür. Elə neçə ildir ki, belədir. Bu bayramdan çıxıb o  biri bayrama giririk. Çox bayramlarımız belə üst-üstə düşür. Amma vaxtı ikən biz qorxurduq. Bayramların adını çəkmirdik, ancaq evdə qeyd edirdik. Cənab Prezident yəhudilərə sinaqoq tikdi. Deyin görüm, dünyanın hansı dövlət  başçısı yəhudiyə sinaqoq tikib? Heç biri. Azdan-çoxdan tarixi oxumuşam. Mən bilirəm ki, türk sultanı Sultan Səlimdən başqa dövlət başçısı tərəfindən yəhudilərə xüsusi qayğı olmayıb. Çox böyük addımdır. Özü də çox qısa müddətdə tikdi. Bu yaxınlarda mənə sual verdilər ki, yəhudilər kimə səs verəcək? Dedim ki, sizə birmənalı şəkildə deyirəm ki, yəhudilər İlham Əliyevdən başqa prezident görmür. Bu yaxşılığı edəndən sonra ayrı kimə səs verməlidirlər ki? Dövlət başçısının Qırmızı qəsəbənin yaradılmasında böyük rolu var. Azərbaycanda yəhudiləri pambıq içində saxlayırlar. Heç kəsin burnu qanamır. Fransada yəhudilər təhqir olunur, Moskvada yəhudi rahibini dua zamanı   kürəyindən bıçaqladılar. Bu yaxınlarda Fransada yəhudi uşaqlarını qətlə yetirdilər.

Bunlar “demokratiya beşiyi” adlanan dövlətlərdir. İnsan haqlarının qorunmasını gözə soxurlar. İndi görün, bizdə insanlar nə qədər rahat yaşayırlar.

- Azərbaycanda yəhudilərə qarşı hər hansı bir təhqir, milli zəmində ayrı-seçkilik təzahürləri hiss edirsinizmi?

- Nə Elxanilərin, nə də Eldəgəzlərin dövründən bu yana belə şey  olub. Millət təhqir olunmayıb. 1936-cı ildən sonra bütün məscidləri bağladılar. Ancaq Qırmızı qəsəbədə olanlar qalıb. Hətta müharibə ərəfəsində onların birinin fəaliyyət göstərməsinə icazə verilmişdi. İndi həmin sinaqoqları xalqa qaytarılır. Xalq onları təmin edir. Cənab Prezident həmişə öz çıxışlarında deyir ki, tolerantlığı Azərbaycandan öyrənin. Gəlin görün ki, Fələstində olduğu kimi bir yerdən azan səsi gəlir, bir yerdən kilsə səsi gəlir, bir yerdən də sinaqoq. Başqa yerdə belə bir şey yoxdur. Bunlar bir-biri ilə bir yerdə yola getmirlər. Amma Azərbaycanda bu dinlər 3 qardaş kimi şeyxin ətrafındadırlar. Şeyx haradadırsa, onlar da oradadır. Din dostluğun, qardaşlığın rəmzidir. Nümunə götürün Azərbaycandan.

Özünüz  görün, bir insan mənlə görüşməkdən imtina edirmi? Mən onlardan seçilmirəm. Hansı rayonda hüzür düşürsə, kim toya çağırarsa, gedirəm. Millətə böyük hörmətim var və o hörməti qazanmışam. Mənsub olduğum millətə də hörmət edirlər. Başqa bir işlə məşğul olmuram. Millətimin başını da uca tuturam. Partiyamın, hörmətli Prezidentin adını dünyada ləkələmərəm. Xarici ölkələrdə olanda da mən Azərbaycan xalqı adından çıxış edirəm. Amma lazım gələndə, yəhudiliyimdən də istifadə edirəm. Ona görə də İranı dövlət kimi qəbul etmirəm. “Səhər” kanalında xalqıma qarşı həqarətli sözlər işlədirlər. Vecimə də almıram. “Azərbaycan parlamentində sionist deputat” deyirlər. Ağıllı, ziyalı adam bilir ki, sionizm nədir. Əslində sionizm millətin milli ideologiyasıdır. Mərhum prezidentimiz türkçülük ideologiyası uğrunda mübarizə aparıb. Kommunist partiyasının rəhbərliyində olanda da. Bunun nəyi pisdir? Öz millətini qorumaq faşizmdirmi? Orada da prezident seçkiləri yaxınlaşır. Guya dini dövlətdən ayırmaq olar. Bunlar növbəti manevrlərdir. İran teokratik dövlətdir.

- İranda səfərdə olmusınız?

-1991-ci ildə Türkiyədən qayıdanda İrandan keçmişəm. Bu gün də gedə bilərəm. İranın indi yəhudilərə qarşı tutduğu mövqe məni oraya cəzb etmir. Bəyan ediblər ki, İsrail xəritədən silinməlidir. Bu mənim ideologiyama ziddir. Mən sizə bir sirr açım. Əhmədinejad xəstələnəndə özü yəhudi həkimlərə müraciət edir. Çox qəribədir. Yenə dünya mətbuatında gedən məlumatlara görə, Əhmədinejatın şəcərəsini qurdaladıqdan sonra yəhudi çıxıb.  Bu dövlətinin ən böyük insanları Tehranda olan yəhudi xəstəxanasına müraciət edirlər. İranda yüz illərlə yaşadığımız dövrlər olub. Yəhudilərin 700 illik tarixi İranla bağlıdır. Az yaşamamışıq. Şah dövründə ən yüksək zirvələrdə  yəhudilər olub. Mən bu dövləti ancaq milyonlarca azərbaycanlı olduğu üçün sevirəm.

Xaqani SƏFƏROĞLU
Ulduz İBRAHİMOVA  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...