Dövlət Televiziyası ənənələri unudan deyil, yaşadan televiziyadır
Xalid NİYAZOV,
Əməkdar jurnalist
Televiziya, onun məqsədi, funksiyaları və fəaliyyəti ilə bağlı vaxtaşırı çap mediasında müəyyən fikir və mövqelərin ortaya çıxması tamamilə normaldır və belə bir impulsiv reaksiyanı diktə edən də bəlkə elə televiziyanın günümüzün reallığında tutduğu yer, oynadığı rol və ictimai əhəmiyyətidir. Amma istənilən halda açıqlanan mövqe ədalətli və peşəkar olmalı, konyunktur və fərdi maraqların daşıyıcısına çevrilməməli, oxucu və tamaşaçı auditoriyasını söylənən fikir və hasil olan qənaətin obyektivliyinə inandırmalıdır.
Bəli, bu gün ölkə məkanında bir telekanalın, belə deyək, hökmranlığına son qoyulub. Müstəqil Azərbaycanın Qərb siyasi arxitekturasına və dəyərlərinə inteqrasiyası, sahibkarlıq fəaliyyətinin cəmiyyətin ən müxtəlif sferalarına fəal müdaxiləsi telekanal bolluğuna gətirib çıxarmışdır. Və bu da danılmaz faktdır ki, hər şeyin bazarın tələb və təklifi ilə tənzimləndiyi bir vaxtda televiziya özünü “baxımlı kanala” çevirmək, yaradıcı heyəti saxlamaq, eləcə də ortaya tələbkar tamaşaçının zövqünə cavab verə biləcək kreativ əmtəə- maraqlı verilişlər qoya bilmək xatirinə bəzən keyfiyyəti qurban vermək zorunda qalır. Şübhəsiz, bunu müəyyən istisnalarla hər hansı bir kanal haqqında söyləmək mümkün olsa da, AzTV-nin son illərdəki fəaliyyətinə müncər etmək ən azı insafsızlıq və ortada olan konkret uğurları görməzdən gəlmək olardı.
Bütövlükdə, AzTV-yə qarşı son illər müəyyən “mətbəxlərin iyini verən” bir “səlib müharibəsi” tərtibləndiyi ortadadır. Sıradan bir tamaşaçı kimi bunu liberal dəyərlərin, söz azadlığı və demokratiya kimi fundamental prinsiplərin “ayağına” yazardım. Bir şərtlə ki, bu münasibət yönəldilmiş fobiya və qərəzliu tendensiyaya çevrilməsin.
Bu günlərdə peşəkarlığına və telebiliciliyinə hörmətlə yanaşdığım Qulu Məhərrəmlinin belə bir fikrinə rast gəldim ki, AzTV-nin mədəniyyət, təhsil, ədəbiyyat sahəsində ənənələri var idi. Təəssüf ki, sıradan çıxır. Daha sonra professor bir qədər də irəli gedərək Heydər Əliyevin TV-nin ölçülərini daraltdığı, kanalın verilmiş azadlığın çərçivəsində fəaliyyət göstərdiyindən bəhs edir. Heç şübhəsiz, siyasətin içində olan bir adam kimi səslənən fikirlərin ideoloji konteksti xüsusunda fərqli düşüncələrə sahibəm. Ancaq AzTV-nin bir kanal kimi birbaşa maarifçilik missiyası ilə bağlı olan humanitariya mövzularından iraq düşməsi əndişəsi ilə razılaşa bilmərəm.
Əgər mədəniyyət deyəndə insanların zövq mədəniyyətini, mənəvi-əxlaqi dəyərlərini, əsil incəsənət barədə təsəvvürlərini çığnayan bayağı və miskin şou-proqramlar nəzərdə tutulursa, AzTV-yə bu yolun yolçusu olmadığı üçün səmimi bir tamaşaçı təşəkkürü borcluyuq. Bir şey şəksizdir ki, AzTV özündən pöhrələnən telekanallar üçün bir kadr beşiyi olsa da, güclü texniki modernləşmə aparsa da yaradıcılıq konsepsiyası nöqteyi-nəzərindən sözün pozitiv anlamında mühafizəkarlığını qoruyub saxladı, efiri ənənə ilə modernin çox uğurlu xəlitəsi sayıla biləcək layihələrlə, verilişlərlə zənginləşdirdi. Bu gün biz bir tamaşaçı kimi başqa telekanallarda tapa bilmədiyimizi bu “ixtiyar” kanalda tapırıq. “Poeziya”, “Musiqi xəzinəsi”, “Ovqat”, “Məclisi-üns” kimi layihələr, heç şübhəsiz, şer və musiqi xiridarlarını biganə buraxmır. “Ədəbi abidələr”, “Azərbaycan tarixi”, “Mühazirə”, “Azərbaycan dili”, “İdrak” kimi elmi-maarifçi verilişlərin isə özünün geniş tamaşaçı auditoriyası var. Başqa kanallardakı sırf biznes xarakterli, əsil şoulara parodiyadan başqa bir şey olmayan bayağı və səviyyəsiz şoulardan fərqli olaraq “Breyn-rinq”, “Nə? Harada?Nə vaxt?” kimi intellektual şou proqramları da yeniyetmə və gənclərin maraqla və sevərək gözləyib izlədikləri verilişlərdəndir.
Elə “Mədəniyyət” kanalının təsis olunmasının özü AzTV-nin bu sahəyə yönəlik prioritetinin bariz göstəricisidir. Bu kanalda ölkənin aparıcı teatr müəssisələrinin səhnələşdirdikləri tamaşalar, milli və dünya opera və balet sənətinin şedevrləri, elm, mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş ədəbi-bədii gecələr, dünya kinosunun inciləri nümayiş etdirilir.
AzTV-nin Heydər Əliyev Fondunun dəstəyi ilə ümumdünya mədəni irsi siyahısına daxil edilmiş muğam sənətinin təbliği sahəsində gördüyü işlər təqdirəlayiqdir. Həmin müsabiqələrin sayəsində səhnəyə 40-a qədər istedadlı xanəndə çıxıb ki, onlardan bir neçəsi, efirdən də izlədiyimiz kimi, artıq dövlət televiziyasının solisti kimi fəaliyyətini davam etdirir.
Fikir plüralizmi nöqteyi-nəzərindən çıxış etsək, heç şübhəsiz, eyni məsələyə ən müxtəlif münasibətlərin yer alması təbii və başadüşüləndir. Ancaq bir şərtlə - obyektivliyi, xeyirxahlığı və peşəkarlığı qorumaq şərti ilə. Bütöv bir nəslin zövq mədəniyyətinin formalaşmasında, cəmiyyət həyatında baş verən ictimai-siyasi hadisələrin qiymətləndirilməsində, yeni dövrə, zamana uyğun insanın tərbiyəsində öz sözünü demiş və deyən AzTV barədə söz deyərkən, ən azı, insaflı olmaq, ədalət tərəzisinin obyektivliyini gözləmək vacibdir.