Modern.az

Terrora görə layiqli cəzalarını alacaqlar – Əli Hüseynli

Terrora görə layiqli cəzalarını alacaqlar – Əli Hüseynli

27 Yanvar 2023, 13:30

“Bu qanlı hadisənin törədilməsinə İran polisinin hərəkətsizliyi və məsuliyyətsizliyi şərait yaradıb”.

 

Bunu Modern.az-a Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Azərbaycanın İrandakı səfirliyinə silahlı hucuma münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, əgər səfirliyin mühafizəçilərinin çevik və fədakar müdaxiləsi olmasaydı, faciənin nəticələri daha ağır ola bilərdi:

 

“Məlum olduğu kimi, bu gün səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə odlu silahla hücum olub. Nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib, səfirliyin iki nəfər mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar. Hadisəni törədən şəxs yerində saxlanılıb və onun şəxsiyyəti müəyyənləşdirilib.

 

Hazırda terror aktının təfərrüatı, mahiyyəti və səbəbləri müvafiq orqanlar tərəfindən araşdırılır. Bu cinayəti törətməkdə məsuliyyəti hələlik heç bir terror təşkilatı öz üzərinə götürməmişdir. Lakin istənilən halda ilk növbədə görünən odur ki, bu qanlı hadisənin törədilməsinə İran polisinin hərəkətsizliyi və məsuliyyətsizliyi şərait yaradıb. Əgər səfirliyin mühafizəçilərinin çevik və fədakar müdaxiləsi olmasaydı, faciənin nəticələri daha ağır ola bilərdi.

 

Artıq bir sıra dost ölkələr tərəfindən, o cümlədən qardaş Türkiyə və Rusiyanın  xarici işlər orqanları səviyyəsində terror hadisəsinə kəskin münasibət bildirilib. Bunun ardınca BMT də Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

 

Xüsusi olaraq, Azərbaycan ictimaiyyəti haqlı olaraq faciəvi xəbəri böyük hiddətlə qarşılayıb. Ona görə də ümid edirik ki, cinayəti törədən və təşkilatçılar beynəlxalq hüququn tələblərinə uyğun olaraq tezliklə bu terror hadisəsinə görə layiqli cəzalarını alacaqlar. Həmçinin, səfirliyin mühafizəsinə cavabdeh olan İran polisinin də öz öhdəliklərinə cinayətkarcasına səhlənkar yanaşması, düşünürəm ki, hüquqi qiymətini tapmalıdır”.

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub