Modern.az xəbər verir ki, Azərbaycan Milli Platforması Avronest Parlament Assambleyasına bəyanat ünvanlayıb. Bəyanatda deyilir:
Avronest Parlament Assambleyasının 27-28 may 2013-cü il tarixində Brüsseldə keçiriləcək plenar iclasının gündəliyinə tanınmayan, konfliktli ərazilərin QHT və fəallarının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda iştirakları ilə bağlı məsələnin salınması Azərbaycan Milli Platforması kimi tərəfimizdən narahatçılıqla qarşılandı və bizi bununla bağlı bir daha mövqeyimizi bəyan etməyə vadar etdi.
Qeyd edək ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin aprelin 4-5-də İrəvanda keçirilmiş toplantısında “Şərq Tərəfdaşlığı – regionları ilə bağlı təklifi Azərbaycan Milli Platformasında müzakirə olunmuş və bununla bağlı münasibətimiz 2013-cü ilin aprel ayında Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətləri Forumu İdarə Heyətinə ünvanladığımız müraciətdə əksini tapmışdır. Bu gündə Azərbaycan Milli Platforması olaraq, bir daha fikrimizdə qaldığımızı bildirərək bəyan edirik ki, Azərbaycanın işğal altında olan ərazilərindəki erməni icmasının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna müraciətləri yalnız Azərbaycan nümayəndə heyətinin tərkibində baxıla bilər. Bunun üçün isə öncə həlledici addımların atılması zəruridir. Azərbaycan Respublikasının işğal altında olan əraziləri Ermənistan tərəfindən azad olunmalıdır. Bölgədə sülh təmin olunmalı və Azərbaycan vətəndaşları olan hər iki icmanın ( erməni və azərbaycan icmalarının) nümayəndələrinin Dağlıq Qarabağda bərabər hüquqlu şəraitdə yaşayışı təmin olunmalıdır. Daha sonra isə hər iki icma arasında sivil əməkdaşlıq münasibətlərinin formalaşması üçün zəmin yaranmalıdır. Bu zəruri addımlar atıldıqdan sonra Azərbaycanın erməni əsilli vətəndaşlarının təmsilçiləri Azərbaycan Konsititutsiyasında təsbit olunmuş hüquqlar çərçivəsində qanuni fəaliyyət göstərə və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycan Milli Platforması kimi seçimlərə qatıla və iştirak edə bilərlər. Nəzərə alsaq ki, Şərq Tərəfdaşlığının fəlsəfəsi və hüquqi prinsipi məhz tanınan ərazilər və ölkələrlə əməkdaşlıqdır, o halda bu təklifin Avronestin plenar iclasının gendəliyinə salınması qurumun soykəndiyi hüquqi prinsipləri kobud şəkildə pozur. Diqqətinizə bir daha çatdırırıq ki, bu gün Dağlıq Qarabağ dünya tərəfindən Azərbaycanın işğal altında olan ərazisi kimi tanınırsa və həmin ərazilərdə formalaşmış qondarma qurumun legitimliyi heç bir dövlət və beynəlxalq qurumlar tərəfindən tanınmırsa, o halda həmin ərazilərdə formalaşmış QHT-lərin də nə statusu, nə də fəaliyyəti qanuni hesab oluna bilməz. Leğitim hesab olunmayan vətəndaş cəmiyyəti isə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda təmsil oluna bilməz.