Modern.az

Dövlət Nəzarəti Xidməti benzinin keyfiyyətinə nəzarəti gücləndirəcək

Dövlət Nəzarəti Xidməti benzinin keyfiyyətinə nəzarəti gücləndirəcək

Təhsil

24 May 2013, 10:36


Bakıdakı yanacaqdoldurma məntəqələrinin çoxluğu ilə xidmətin keyfiyyəti əsla üst-üstə düşmür. Avtomobilinə yanacaq dolduran maşın sahibləri daim aldadılmalarından şikayətçidirlər. Sayğacdakı rəqəm, sifariş edilən benzinin miqdarı maşına tökülən maye həcmə uyğun gəlmirsə, deməli, saxtakarlıq mövcuddur. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçıların aldadılması faktlarını azaltmaq üçün daimi monitorinqlər aparsalar da qanun pozuntuları davam edir.

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az-a bildirib ki, Azərbaycanda istehsal və realizə edilən yanacaq doldurma məntəqələrində satılan yanacağın keyfiyyətinə nəzarət gücləndirilir. Bu nəzarət həm metrologiya, həm də keyfiyyətlə bağlıdır. Onun sözlərinə görə, son aylarda standartların təhlili onu deməyə əsas verir ki, ildən-ilə yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyətinə müdaxilə faktları azalır:
“Metroloji nəzarətlə bağlı vəziyyət stabildir. Hər yanacaqdoldurma məntəqəsində bir neçə ölçmə vasitəsi var. Standartın tələbində qoyulur ki, hər 10 litrdə 25 qram plyus, minus ola bilər. Yəni standart yol verilən həddi müəyyən edib. Ondan artıq ola bilməz. Biz də yoxlama apararkən həmin 25 qram mənfi və müsbət xətalara öz iradımızı bildirmirik. Çünki standart buna icazə verir. Bu miqdardan artıq olursa təbii ki, ölçmə vasitəsindən istifadə dayandırılır, cərimə tətbiq olunur və müəyyən iradlar bildirilir”.

Yanacaqdoldurma məntəqələrində baş verən qanun pozuntularının Bakı şəhərində az müşahidə olunduğunu söyləyən komitə rəsmisinin sözlərinə görə, bölgələrə getdikcə bu müdaxilə halları artır:
“Təbii ki, bölgələrdə də ərazi bölmələrimiz var. Komitənin Dövlət Nəzarəti Xidməti bu sahəyə nəzarəti mütəmadi olaraq nəzarətdə saxlayır. Məqsəd isə istehlakçıların aldadılması faktlarının azaldılması hallarının minimuma endirilməsindən gedir. Konkret rəqəm deyə bilməsəm də deyə bilərəm ki, bu rəqəm çox da deyil. Təqribən onlarla belə fakt var. Keyfiyyət məsələsində problemlərdən biri də aşağı oktanlı benzinin yuxarı oktan adı ilə satılması idi. Belə ki, oktan ədədi A 92 olan yanacaq A 95 adı ilə satılırdı. Bunu da önləmək üçün standartlara dəyişiklik etdik. A 92-ni qırmızı rəngə, gələcəkdə istehsal olunacaq A 95-i isə yaşıl rəngə boyamaqla istehlakçının işini asanlaşdırmış olacağıq. Yəni istehlakçı Heydər Əliyev adına Neft Emalı Zavodundan çıxan yanacağın hansı rəngdə olduğunu, hansı oktan ədədini xarakterizə etdiyini rənglə müəyyən edə biləcək. Artıq aldadılmaq faktı sıfra enəcək”.

Gültəkin ƏLƏSGƏR  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama