“Mən Azərbaycan jurnalistlərinin sosial müdafiəyə böyük ehtiyacı olduğu bir dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlə mətbuat işçilərinə mənzil tikilməsi həmişə təqdir etmişəm. Mətbuat Şurasının açıqladığı kriteriyalar da prinsipcə doğrudur və media daxilindəki mövcud reallıqda mənzillərin ədalətli bölüşdürülməsinə maksimum imkan yaradır. Ancaq bəzi istisnalar var ki, nəzərə alınmazsa, bir çox peşəkar, təcrübəli, özünü imza kimi təsdiqləmiş, mənzilə ciddi ehtiyacı olan qələm sahiblərinin haqqı tapdanmış olar”.
Modern.az xəbər verir ki, bu açıqlama ilə “Gündəlik Teleqraf” qəzetinin redaktoru Taleh Şahsuvarlı çıxış edib.
Jurnalist qeyd edib ki, “əgər özümü misal çəksəm, mən 1995-ci ildən mətbuatda çalışıram, elə illərdən populyar imzalardan biri olmuşam. Hazırda gündəlik nəşr olunan qəzetdə hər gün yazı ilə çıxış edirəm. Ancaq çalışdığım qəzet 3 il əvvəl mövcud olmayıbsa, mənim də son iş yerimdə fəaliyyətim bu müddəti əhatə edə bilməz. Ancaq bu o demək deyil ki, mən son üç ildə mətbuatda çalışmamışam. Əksinə, 18 aylıq hərbi xidmət dövrünü çıxmaqla, bir gün də olsa mətbuatdan kənar fəaliyyət göstərməmişəm. Mənzilə də son dərəcə ehtiyacım var. Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşovla da görüşdüm və bu ehtiyacın nə qədər ciddi olduğunu ona izah etdim. Ayrıca, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və ictimai-siyasi şöbənin müdiri Əli Həsənova etdiyim yazılı müraciətlərdə də bu barədə ətraflı bəhs etmişəm. Bu qədər təcrübənin və ehtiyacın qarşısında indi mən mənzilsiz qalmalıyam? Ədalət məhz odur ki, insan faktorunu əsas götürür. İndiki halda mənim sosial müdafiəmi təmin etmək üçün Mətbuat Şurası prinsipial mövqe tutmalıdır”. Taleh Şahsuvarlı ümid edir ki, həm Mətbuat Şurası, həm də Prezident Administrasiyası bu kimi məqamları nəzər alacaq və mənzillərin bölüşdürülməsini daha ədalətli şəkildə həyata keçirmək üçün bütün nüansları nəzərə alacaq.