20-21 may 2013-cü il tarixlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Mirhəsən Seyidov Ukraynanın Odessa şəhərində Azərbaycan Hökuməti, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, ASAİF, Ukrayna Gənclər Forumu və Ümumukrayna Gənclər Assambleyasının dəstəyi ilə Ukrayna Azərbaycanlı Gənclər Birliyi tərəfindən təşkil olunan 3-cü Ümumukrayna Forumunda iştirak edib.
Forum Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifə və tapşırıqlara Ukraynada nail olunması məqsədi ilə həyata keçirilib.
Forum zamanı Şərqi Avropa və Ukraynada təhsil alan və məzun olan gənclərin Azərbaycanın milli-mənəvi dəyərlərinin ətrafında birləşərək, Azərbaycanın maraqlarının təbliğinin gücləndirilməsi, təbliğatın səmərəliliyinin artırılması və başqa mövzular ətrafında müzakirələr aparılıb və dövlət rəsmilərinin çıxışları dinlənilib. Şərqi Avropa və Ukraynada təhsil alan 350-dən çox azərbaycanlı gəncin qatıldığı forum zamanı həmçinin orada təhsil alan gənclərin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin dəstəkləməsi ilə bağlı bəyanat qəbul olunub.
Ukrayna-Azərbaycan münasibətlərinin gücləndirilməsi, həmçinin hər iki ölkə gənclərinin əməkdaşlığının gücləndirilməsi mövzusunda müzakirələrlə davam edən Forumda həmçinin ARGTMŞ-nın sədr müavini tərəfindən, ARGTMŞ-nın təqdimatı keçirilib və ARGTMŞ-nın hər zaman Azərbaycan və Ukrayna gənclərinin əməkdaşlığına dəstək olacağı vurğilanıb.