Modern.az

Azərbaycan diasporu İranın terror simasını bütün dünyaya göstərdi

Azərbaycan diasporu İranın terror simasını bütün dünyaya göstərdi

1 Fevral 2023, 09:10

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində mühafizə xidmətinin rəisinin həlak olması, daha iki nəfərin yaralanması ilə nəticələnən terror hücumu ölkə daxilində şok effekti yaradan gündəmə çevrildi və hadisə ətrafında geniş müzakirələr başlandı. Azərbaycan ictimaiyyətinin xain terrora sərt reaksiyası haqlı və yerində oldu. Lakin vacib məqamlardan biri də bu cür emosional situasiyalarda hadisələrin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq dəstəyin əldə edilməsinə nail olunması, Azərbaycan üçün önəmli olan məsələnin qlobal gündəmə daxil olması və xaricdən siyasi reaksiyaların ortaya qoyulması üçün zəmin hazırlanması idi.

 

Təsadüfi deyil ki, səfirliyə hücumun ilk günündən, hətta məlumatların yayılmasından sonra ilk anlardan xaricdəki Azərbaycan diasporu, azərbaycanlıların müxtəlif təşkilatları mövzunun ölkənin hüdudlarından kənarda da aktuallaşması üçün səy göstərməyə başladılar. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi İranın terror simasının dünyada tanıdılması istiqamətində bütün işləri intensiv və sistematik şəkildə koordinasiya etdi.

 

 

Belə ki, hadisədən dərhal sonra dünya azərbaycanlılarının bəyanatı yayıldı. "Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsi, ikisinin isə yaralanmasından dərin kədər hissi keçirdiyimizi bildiririk. Dünya azərbaycanlıları baş vermiş hadisəni İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı hesab edir, hər bir soydaşımız bu xain hücumü və qanlı cinayətləri törədənləri lənətləyir, diqqəti yayındırmaq üçün yayılan yalan məlumatlara inanmadığını bəyan edir. Baş vermis qanlı olay məntiqə və insanlığa sığmır.

 

Cənubi Azərbaycanda 40 milyon soydaşımızın yaşaması, onların davamlı olaraq hüquqlarının pozulması və İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmaması bizi hədsiz narahat edir. Biz dünya ictimaiyyətinin diqqətini regiona yönəldir, insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizəyə çağırırıq.

 

Regionda sülh və sabitliyə əngəl törədən terror aktı barədə məlumatları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə çatdıraraq, İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısını almaq üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırırıq. Nəzərinizə çatdıraq ki, biz İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinin şahidiyik. Belə ki, son vaxtlar 27 İran vətəndaşı Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlərlə Qarabağ ərazisində olan separatçıların yanına keçmiş, bu günə qədər Ermənistan və İran bu barədə heç bir açıqlama verməmişdir.

 

Biz törədilən terror aktı nəticəsində həlak olanların xatirəsini ehtiramla anır, davamlı olaraq Ermənistanın müxtəlif istiqamətli terror əməlləri ilə üz-üzə qalan Azərbaycana qarşı İran İslam Respublikasının da eyni mövqedən çıxış etməsini pisləyir, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunmasını tələb edir, beynəlxalq ictimaiyyətdən ədalətli mövqe gözləyirik", - bəyanatda deyilirdi.

 

Bu bəyanat dünya azərbaycanlılarının hadisəyə ilkin siyasi qiymət verməsi, Azərbaycan diasporunun məhz vahid mövqedən çıxış etməsi baxımında olduqca mühüm əhəmiyyət kəsb edir. Bəyanat Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasından sonra dünya ictimaiyyəti tərəfindən terror hücumu ilə bağlı müşahidə olunan ilk reaksiya idi.

 

Bəyanatın ardınca Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası terror hücumunu pislədi. Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamberin adından yayılmış bəyanatda hücum xəbərinin dəhşətlə və böyük kədər hissi ilə qarşılandığı ifadə olundu.

 

Ardınca İsveçdə yaşayan, əslən Güney Azərbaycandan olan, “Tribun ”jurnalı və saytının baş redaktoru, siyasi icmalçı, yazıçı Əlirza Ərdəbili terror aktını qınadı. "Törədilən terror aktları nifrətin nəticəsidir və biz bunu Tehranda müşahidə etdik. İran Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəni həzm edə bilmir. İranda heç bir dövlət adamı bu terror aktına reaksiya vermir", - Ə.Ərdəbili bəyan edib.

 

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan icması isə beynəlxalq təşkilatlara müraciət edib. “Benilüks Azərbaycanlıları Konqresi”, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi və “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun yaydığı bəyanatlarda Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumun və qanlı cinayətin hiddətlə qınandığı vurğulanıb.

 

Ərəb ölkələrindəki Azərbaycan icması da hadisəyə ilk münasibət bildirən diaspor təşkilatlarından oldu. Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, İordaniya, İraq, Sudan, Livan və digər ərəb mətbuatında məsələ ilə bağlı Azərbaycan icmasının bəyanatı yayıldı. 

 

Sözügedən bəyanatda İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı şiddətlə pislənilib. Soydaşlarımızın terror aktı nəticəsində həlak olan səfirlik əməkdaşının xatirəsini ehtiramla andığı, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunmasını tələb etdiyi, beynəlxalq ictimaiyyətdən ədalətli mövqe gözlədiyi öz əksini tapıb.

 

Eyni zamanda Parisdə fəaliyyət göstərən Azərbaycan Evi ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terrorla bağlı bəyanat yayıb və insanlıq əleyhinə yönələn bu cinayəti qətiyyətlə pisləyib.

 

 

Moldova Azərbaycanlıları Konqresi də səfirliyə hücumu qınayaraq İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində birgə qanunsuz əməllər törətdiyini qeyd edib və beynəlxalq təşkilatlardan ədalətli mövqe ortaya qoymağı, cinayəti törədənlərin ən qısa zamanda məsuliyyətə cəlb olunması üçün addımlar atmağı tələb edib.

 

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumu ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Terror aktı nəticəsində həlak olan səfirlik əməkdaşına görə Azərbaycan xalqına başsağlığı verən “Azİz” assosiasiyası dünya ictimaiyyətini və beynəlxalq təşkilatları regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizə aparmağa, hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırıb.

 

Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi də bəyanat yayaraq bu ölkədə yaşayan Azərbaycan əsilli kanadalıların səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktından dərin narahatlıq keçirdiklərini vurğulayıb, qanlı olayın arxasında İranın xüsusi xidmət orqanlarının dayandığına şübhə edilmədiyi qeyd olunub.

 

Bundan savayı, Azərbaycanın İtaliyadakı icması İrandakı terrorla bağlı beynəlxalq birliyə müraciət ünvanlayıb. Törədilmiş qanlı olay İran xüsusi xidmətləri tərəfindən hazırlanmış terror aktı kimi qiymətləndirilib.

 

 

Rusiyada fəaliyyət göstərən Moskva Milli-Mədəni Muxtariyyətinin nümayəndələri olan soydaşlarımız da yerli və beynəlxalq ictimaiyyəti regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, sabitlik əleyhinə yönəlmiş cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması üçün əməli addımlar atmağa səsləyib.

 

Bütün bunlar hadisənin ilk günündə xaricdəki Azərbaycan təşkilatlarının və diaspor qurumlarımızın fəaliyyətinin nəticəsi idi. Yanvarın 28-də - səfirliyə terror hücumundan bir gün sonra da xaricdəki azərbaycanlılar aktiv şəkildə məsələnin ictimailəşdirilməsi üçün əlindən gələni edirdilər.

 

Belə ki, 28 yanvar tarixində ABŞ-da təhsil alan azərbaycanlı tələbələr səfirliyə edilən terror hücumu ilə bağlı bəyanat yayıb. Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Birliyinin yaydığı bəyanatda səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.

 

Həmin gün ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası da səfirliyin təhülkəsizlik xidməti rəisinin qətli və iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı, İranda diplomatik nümayəndəliyin, eləcə də insan hüquqlarının toxunulmazlığına zəmanətin olmaması ilə bağlı dərin narahatlığını ifadə edib.

 

 

Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti Şəhər İctimai Təşkilatının yaydığı bəyanatda da Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.

 

Proses sonrakı günlərdə də davam etdi.

 

İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının və İsveçrə Azərbaycanlıları Dostluq, Mədəniyyət və Həmrəylik Assosiasiyasının yaydığı bəyanatlarda ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı qınanılıb.

 

Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatda səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənilib. İcmamızın bu terror aktının İranın xüsusi xidmət orqanları tərəfindən törədilməsinə şübhə etmədiyi bildirilib.

 

İslandiya-Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatda da səfirliyin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı qətiyyətlə pislənib. İranda diplomatik nümayəndəliklərin, eləcə də insanların toxunulmazlığına zəmanətin olmamasına diqqət cəlb edilib.

 

Yanvarın 30-da isə Almaniyada yaşayan soydaşlarımız  Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı ilə əlaqədar bəyanat yayıb. Bildirilib ki, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Münhen Azərbaycan Evi, Alman- Azərbaycan Dostluq Mərkəzi və Alman-Azərbaycan Dostluq Körpüsünün yaydığı bəyanatlarda Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə etirazlara tuş gəlib. Diaspor təşkilatları alman ictimaiyyətini və beynəlxalq birliyi bu qanlı terror hadisəsinə görə etiraz səsini ucaltmağa, regionda sabitliyi pozmağa yönəlmiş təxribatların qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə tədbirlər görməyə çağırıblar.

 

 

Qardaş Türkiyədə yaşayan azərbaycanlılar isə xüsusilə seçiliblər. Belə ki, 30 yanvarda Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı ilə İzmir şəhərinin Alsancak Kıbrıs Şəhidləri Caddəsində aksiya keçirilib. Aksiyada qurumun rəhbəri Cemal Mehmethanoğlu, idarə heyətinin üzvü Mesut Haray və jurnalist Nigar Ögeday çıxış ediblər. Onlar xain terror aktını şiddətlə pisləyiblər, İranın terrorçu mahiyyətinə etirazlarını bildiriblər. Qanlı olay Azərbaycan dövlətinə qarşı yönəlmiş qəsd kimi qiymətləndirilib. Türkiyə ictimaiyyətinin hər zaman Azərbaycanın yanında olduğu bəyan edilib.

 

Göründüyü kimi, təxribatın birinci günündən bəri Azərbaycan diasporu gərgin şəkildə çalışaraq ölkəmizin uğradığı haqsızlığı, İranın çirkin əməllərini dünyaya çatdırır. Xaricdəki azərbaycanlılar terror olayı ilə bağlı ədalət tam təmin olunana qədər beynəlxalq ictimai rəyin hazırlanması, İrana siyasi təzyiqlərin göstərilməsi, eləcə digər fəaliyyət istiqamətləri üzrə işlərini davam etdirməyi hədəfləyirlər. Vaxtında görülən işlərin nəticəsidir ki, artıq dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Azərbaycan səfirliyinə qarşı törədilmiş amansız hücumu qınayaraq, Bakının mövqeyinə dəstək ifadə ediblər.

 

Ümumilikdə isə qeyd edək ki, istər 44 günlük Vətən müharibəsində, istərsə də Tehrandakı terror aktında həmrəylik nümayiş etdirən, Vətənimizin bütövlüyü uğrunda var gücü ilə mübarizə aparan dünya azərbaycanlıları birlikdə güclü olduğumuzu bütün dünyaya nümayiş etdirdilər. 

 

 

 

Modern Təhlil Qrupu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda dərc olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı