“El" hərəkatının lideri Eldar Namazovun təcili Moskvaya getməsi ilə bağlı məlumat yayılıb. Xəbəri dəqiqləşdirmək üçün “El” hərəkatını Ali Məclisinin sədri Eldəniz Quliyevlə əlaqə saxladıq.
Eldan Namazovun Moskva səfərindən məlumatsız olduğunu deyən E.Quliyev bu barədə mətbuatdan eşitdiyini deyib.
“Eldar Namazovun Mosvkaya getməsindən xəbərim yoxdur. Mətbuatda oxudum ki, Eldar bəy səfərə gedib. Moskva səfəri ilə bağlı mənə Eldar Namazov hər hansı məlumat verməmişdi”-deyə E.Quliyev deyib.
Qeyd edək ki, musavat.com-un məlumatına görə, Eldar Namazovun Moskvaya getməsinin başlıca səbəbi Ziyalılar Forumunun lideri, görkəmli kino xadimi Rüstəm İbrahimbəyovla görüşməkdir. E.Namazov R.İbrahimbəyovla bu günlərdə elan olunması gözlənilən Milli Şura barədə son məsləhətləşmələr, dəqiqləşdirmələr aparacaq.
Daha sonra bildirilir ki, E.Namazov Moskvadakı görüşlərini başa çatdırdıqdan sonra birbaşa Türkiyəyə uçacaq və mayın 26-da qardaş ölkədə keçirilən, böyük öndərlər Rəsulzadə və Elçibəyə həsr olunan tədbirdə iştirak edəcək. Qeyd edək ki, həmin tədbirə Müsavat Partiyasının hazırda İsveçdə olan başqanı İsa Qəmbər də qatılacaq. Mayın 26-dan 27-nə keçən gecə hər iki siyasətçi Bakıya dönəcəklər.
Anar RÜSTƏMOV