“Son zamanlar tibb işçilərinin və tibbi müəssisələrin aqressiv pasiyentlərin və onların yaxınlarının təcavüzlərinə məruz qalması faktları çoxalıb. Baş vermiş belə neqativ hallar tibbi fəaliyyətə və səhiyyə ocaqlarının işinə mənfi təsirsiz ötüşmür. Bu da ölkənin tibb müəssisələrində şəfa tapmış, habelə hazırda tibb ocaqlarında öz sağlamlığına qovuşmaq üçün müalicə alan yüzlərlə vətəndaşın haqlı narazılığına səbəb olur”.
Modern.az xəbər verir ki, bu açıqlamanı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yayıb.
Nazirlik bildirib ki, mayın 23-də Zabrat qəsəbəsində oktyabr küçəsi, ev 24 ünvanında yaşayan 3 yaşlı Çiçək Kərimovanın xəstələnməsi ilə əlaqədar sahə həkimi pediatr Lalə Mirzəyevaya çağırış verilib. Həkim xəstəyə KRX diaqnozu qoyaraq son 2 gün ərzində çağırış ünvanına bir neçə dəfə aktiv olaraq gedib, uşağın vəziyyətini nəzarətdə saxlayıb.