Modern.az

Hindistanla Suriya niyə İranı dəstəklədi? - Bakıya qarşı addımın pərdəarxası

Hindistanla Suriya niyə İranı dəstəklədi? - Bakıya qarşı addımın pərdəarxası

Analitika

2 Fevral 2023, 09:13

Rəsmi Bakı Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun beynəlxalq müstəvidə pislənilməsinə çalışdığı Qoşulmama Hərəkatında Tehranın süni maneəsi ilə üzləşib. İran tərəfi Azərbaycan səfirliyinə hücumla bağlı sənədlərin qəbuluna əngəl olmaq istəyərkən, 120 üzv dövlətdən yalnız ikisi – Suriya və Hindistan molla rejiminə dəstəyini ifadə edib. 

 

Bu barədə Azərbaycan XİN-in ötən gün yaydığı məlumatda qeyd olunub.

 

“27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun beynəlxalq səviyyədə pislənməsi, terror aktını təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib.

 

Qeyd edək ki, sözügedən terror aktı törədiləndən indiyə qədər səfirliyimizə qarşı silahlı hücum ayrı-ayrılıqda 100-ə yaxın ölkə və bir sıra beynəlxalq təşkilatların katiblikləri tərəfindən pislənib və bu aktı törədənlərin cəzalandırılmasının zəruriliyi verilmiş bəyanatlarda vurğulanıb.

 

İran tərəfi üzvü olduğu və qərarların konsensusla qəbul edildiyi beynəlxalq təşkilatlarda terror hücumunun beynəlxalq müstəvidə geniş şəkildə ifşa olunmasının qarşısının alınmasına çalışıb. Bu xüsusda, hücumdan dərhal sonra Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub.

 

İran tərəfi bununla yanaşı, sözügedən təşkilatlarda öz mövqeyinə dəstək məqsədilə bir çox ölkələrə müraciət etsə də, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub. Bu üç ölkə sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub. Halbuki, Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrində baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib.

 

İran tərəfinin bu təxribatçı addımını pisləyir və beynəlxalq öhdəliklərinə riayət etməsinin zəruri olduğunu bildiririk. Azərbaycan tərəfi səfirliyinə qarşı terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək”, - Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.

 

Göründüyü kimi, Tehranın terror simasına onunla eyni mövqeyi bölüşən Suriya və Hindistan dəstək verib. Maraqlıdır, bu iki ölkənin İrana dəstəyi nədən xəbər verir? Terrora dəstəyin motivləri nədir? Suriya və Hindistan bütün dünyadan təcrid olunmuş və beynəlxalq nüfuzunu tamamilə itirmiş molla rejimi ilə həmrəy görünməkdən niyə çəkinmir?

 

Modern.az bunun səbəblərini araşdırmağa çalışıb.

 

Əvvəlcə, Suriyadan başlayaq.

 

Məlum olduğu kimi, bu ölkədə “Ərəb baharı” dalğası çərçivəsində 2011-ci ildə vətəndaş müharibəsi başlayıb. Zamanla daxili iğtişaşlardan qlobal terror cərəyanına transformasiya olunan gərgin proses hələ də davam etməkdədir. Bu müddətdə İran hakimiyyəti kimi, Əsəd rejimindən də beynəlxalq ictimaiyyət üz döndərib. Hətta bu quruluşun legitimliyi də Rusiya və onun bir neçə satelliti istisna olmaqla, dünya tərəfindən şübhə altına alınır, lider kimi Bəşər Əsəd tərəf müqabili olaraq qəbul edilmir. Öz xalqına silah qaldıran, dinc etirazçıları qanına boğan hörmətsiz bir hakimiyyəti dünya niyə ciddi qəbul etsin ki?!

 

Belə bir məqamda bu ölkənin niyə İranı dəstəklədiyi aydınlaşır. Sırf xarici ölkələrlə münasibətlərə malik olduğunu və guya tam təcrid olunmadığını göstərmək üçün (təbii ki, həm də himayədarı Moskvanın buyruğu ilə) Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazilərində qurulan oyuncaq “dövlət”cikləri – separatçı Abxaziya və Cənubi Osetiya qondarma qurumlarını tanıyan və bu “ölkə”lərlə diplomatik əlaqələr quran Suriyanın köməyinə məhz Tehran çatıb.

 

 

Həmçinin bu illər ərzində Rusiya ilə paralel olaraq molla rejimi də geopolitik xülyalarını reallaşdırmaq naminə Əsəd üçün nəfəslik rolu oynayıb. İran xalqının pulları – milyardlarla vəsait Suriyadakı mövcud rejimi qorumaq üçün Dəməşqə axıdılıb. Adi təbiət hadisəsinin – xırda zəlzələnin fəsadlarını aradan qaldırmaqda çətinlik çəkən, əhalinin elementar ehtiyaclarını ödəmək üçün pul tapmayan, insanları yoxsulluq və səfalət içində yaşayan İran hakimiyyəti Suriyaya təkcə maliyyə vasitəsilə yardım etməyib. Eyni zamanda, proksi qruplaşmalar yaradaraq silahlı dəstələr, hərbi texnika, böyük miqyasda canlı qüvvə ilə Əsədin yıxılmaması üçün dəridən-qabıqdan çıxıb.

 

Təbii ki, bütün bunlar qarşılıqsız deyil və Dəməşqdən səs hüququnun olduğu beynəlxalq platformalarda İranın mövqeyinin dəstəklənməsi tələb olunur. Bu müddətdə Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında və həm İranın, həm də Suriyanın üzv olduğu təşkilatlarda Suriyanın verdiyi səslərə baxmaq kifayətdir. Asanlıqla müşahidə etmək mümkündür ki, istisnasız şəkildə bütün səsvermələrdə Suriya məhz İran kimi davranıb, onun mövqeyini kopyalayıb, bu yolla Tehranın dəstəyinin əvəzini ödəyib.

 

 

Bu baxımdan Qoşulmama Hərəkatında Azərbaycana mane olmağa çalışan İranın Suriya tərəfindən dəstəklənməsi qətiyyən təəccüb doğurmamalıdır və olduqca normal qarşılanmalıdır. Necə deyərlər, başqa necə ola bilərdi ki?

 

İndi isə Hindistanın “başağrısını” müayinə edək.

 

Əvvəla, onu qeyd etmək lazımdır ki, bu ölkə əzəldən – müstəqil olduğu ötən əsrin 40-cı illərindən “Soyuq müharibə” şəraitində hər zaman oxşar mövqeyi ilə seçilib. Belə ki, Pakistan həmişə mütərəqqi Qərbin, Hindistan isə mürtəce SSRİ-nin əsas müttəfiqlərindən biri hesab olunub. Sonralar Pakistanın Çinlə yaxınlaşması onu Qərbdən bir qədər uzaqlaşdırsa da, Hindistan kursunu dəyişməyib və “Soyuq müharibə”nin başa çatmasından sonra da Rusiya ilə dostluğa davam edib.

 

Hindistanın İranla münasibətlərinə gəlincə, ari həmrəyliyi çərçivəsində qohum xalqların yaşadığı bu iki dövlət hər zaman isti münasibətlərə malik olub. İranda islam inqilabının yaşanmasından sonra da mollalar oxşar quruluşun olduğu Pakistan İslam Respublikasını yox, bu ölkəni dəstəkləyib və məhz müsəlman azlığın hüquqlarını tapdalaması ilə ad çıxaran islamafob hakimiyyətlərlə əməkdaşlığa üstünlük verib. Bunda İranın Pakistanın güclənməsindən qıcıqlanması və onun regionda söz sahibi olmasını önləmək üçün düşməni Hindistanı dost tutmaq istəməsi də öz rolunu oynayıb.

 

Bu siyasəti Cənubi Asiyadan Cənubi Qafqaza proyeksiya etsək, İranın ənənəvi məkrli siyasətinin konturları aşkar surətdə görünər. İran Pakistana qarşı etdiyini Azərbaycana qarşı da edib və bölgədə Ermənistanı dəstəkləməklə Bakının qarşısını almağa çalışıb.

 

Hindistanın İranı dəstəkləməsinin arxasında həm də ortaq iqtisadi maraqlar dayanır. Belə ki, Hind okeanı – Qara dəniz – Avropa dəhlizi və Hindistan – Rusiya marşrutu üzrə bu iki ölkənin ortaq layihələr gerçəkləşdirmək arzuları çoxdan məlumdur. Burada Hindistandan su yolu ilə İrana, oradan isə Ermənistan və Gürcüstan vasitəsilə Qara dənizin Avropa sahillərinə yüklərin daşınmasından, habelə Hindistan-İran-Ermənistan-Gürcüstan-Rusiya iqtisadi daşımalarından söhbət gedir.

 

 

Heç şübhəsiz, Hindistanın bu cür addım atmasında son illər Azərbaycanın Pakistanla yaxınlaşmasının da müəyyən təsirləri yox deyil. Təsadüfi deyil ki, xüsusən, II Qarabağ müharibəsindən sonra Hindistanın Ermənistana silah tədarükünə, beynəlxalq müstəvilərdə Dehlinin İrəvanı dəstəkləməsinə şahidlik etmişik. Nə etməli? Diplomatiya həm də ən optimal olanı, maksimum fayda verən variantı seçmək sənətidir və çox hallarda seçimlərdən birini etməklə, özünü digərindən məhrum etmiş olursan.

 

Ortaq dəyərlərə söykənərək, eyni zamanda maraqlar baxımından çıxış edərək Pakistan kimi Azərbaycanı dəstəkləyən siyasi müttəfiqlə və xarici tərəfdaşla yaxın əlaqələr qurmaq sərfəlidirsə, Hindistanın bundan narahat olmasını gözə almağa dəyər. Necə deyərlər, “hər iki qarpızı əldə tutmaq” daha yaxşı olardı, amma nə vaxtsa, bu mümkün deyilsə və mütləq seçim etmək lazımdırsa, daha əlverişli olanı seçmək və digərini itirmək “qızıl qayda”dır. Beləliklə, Hindistanın da İranı dəstəkləməsinin motivi məlumdur və müəyyən mənada bu da gözləniləndir.

 

Lakin İranın qamətini doğrultması üçün Suriya və Hindistanın Qoşulmama Hərəkatındakı səs dəstəyi qətiyyən kifayət deyil. Nəhəng güc mərkəzləri ilə, eyni zamanda qonşularının mütləq əksəriyyəti ilə pis münasibətləri olan bu ölkə nə qədər böyük ambisiyalardan çıxış etsə də, izolyasiya siyasəti onu qəddini dikəltməyə qoymayacaq və ən yaxşı halda belibükük vəziyyətdə sürünməyə davam edəcək.

 

Bəli, ən yaxşı halda belə olacaq...

 

Modern Təhlil Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı