Modern.az

Bakının Şəhidlər Xiyabanında Nuru Paşa anıldı - FOTOLAR

Bakının Şəhidlər Xiyabanında Nuru Paşa anıldı - FOTOLAR

Təhsil

25 May 2013, 11:56

Modern.az saytının məlumatına görə, bu gün Böyük Quruluş Partiyası (BQP) Şəhidlər Xiyabanında Türk əsgərinin şərəfinə qoyulmuş abidəni ziyarət edib, onun önünə əklil qoyub.

BQP başqanı, millət vəkili Fazil Mustafa bildirib 95 il əvvəl - 25 may 1918-ci il tarixində türk sərkərdəsi Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Gəncəyə daxil olub.
Deputatın sözlərinə görə, 95 il öncə Nuru Paşanın Azərbaycanı xilas missiyası Gəncədən başlayıb. BQP başqanı bu anlamlı tarixin yaddaşlarda qalmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Böyük Quruluş Partiyasının Türk əsgərinin abidəsi önünə qoyduğu əklilin üzərinə bu sözlər yazılıb: Milli Qəhrəman Nuru paşaya və əsgərlərinə onların haqqını tanıyan azərbaycanlılardan!”

Mərasimdə çıxış edən Fazil Mustafa Nuru Paşanın Azərbaycana gəlişilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadədən sitat gətirib. Onun sözlərinə görə, M.Ə.Rəsulzadə bu barədə danışarkən Nuru Paşanı Azərbaycana göydən enmiş xüsusi mələk adlandırıb.  

Nuru Paşa 1918-ci ilin mayında Azərbaycana gələrək Qafqaz İslam Ordusunun milli hərbi qüvvələrinin yaradılmasında və təşkilatlanmasında, Azərbaycana qardaş türk hərbi qüvvələrinin vaxtında gətirilməsində, nəhayət, Azərbaycanın düşmənlərdən təmizlənməsində böyük rol oynayıb. Nuru Paşanın qoşunları 1918-ci il iyunun 17-dən sentyabrın 14-dək bir-birinin ardınca uğurlu döyüş əməliyyatları apararaq işğal altında olan Azərbaycan torpaqlarını bolşevik-daşnak qaniçənlərindən təmizlədi və həmin ilin 15 sentyabrında Bakını azad edib.

Bakının azad olunması ilə əlaqədar Osmanı Türkiyəsinin hərbi naziri Ənvər Paşanın Xəlil və Nuru paşalara göndərdiyi təbrik teleqramında deyilirdi: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini böyük bir sevinc və məmnunluqla qarşılarım. Türk və islam tarixi bu xidmətləri unutmayacaqdır. Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edərim”.

Bakı şəhəri azad edildikdən sonra Qafqaz İslam Ordusu hissələri Qarabağa göndərilərək Qarabağın erməni daşnaklarından təmizlənməsi əməliyyatına başlanıldı və bütün müqavimətlərə rəğmən uğurlu döyüşlərlə türk-azəri qoşunları Şuşaya daxil olaraq şəhərdə Azərbaycan bayrağını qaldırdı.

Lakin Türkiyənin Birinci Dünya Müharibəsində uduzması Nuru Paşanın bu işini yarımçıq qoydu. 1918-ci il oktyabrın 30-da imzalanmış Mondros barışığından sonra Osmanlı qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qaldı.








Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama