Modern.az

Xanım jurnalist metro polislərindən şikayətçidir - Ramil Usubov və Tağı Əhmədova

Xanım jurnalist metro polislərindən şikayətçidir - Ramil Usubov və Tağı Əhmədova

Media

25 May 2013, 17:12

Bu ölkə tarixin hər anında qəhrəmanlar yetişdirib, yetişdirəcək də... Lakin bir sıra hallarda  cəmiyyətimizdəki bəzi ünsürləri görəndə, onların nalayiq davranışları ilə qarşılaşanda, müsbət düşüncələrin darmadağın olur. Bunu yazmağa məni dünən yaşadığım bir hadisə vadar etdi.

Mayın 24-də axşamüstü saat 17-18 arasında metronun “İçəriçəhər” stansiyasının girişində jurnalist həmkarımı gözləyirdim. Yarım saata yaxın gözləyəsi oldum, amma sonda həmkarım mobil telefonuma zəng edib xəbər verdi ki, gəlməyəcək və mən metro ilə geri dönməyi qərara aldım. Elə girişdən içəri keçmişdim ki, bayaqdan həmkarımı gözlədiyim yarım saat müddətində gözlərini mənə zilləmiş və guya ki, stansiyanın təhlükəsizliyini təmin etməli olan 3 nəfər metro polisindən hansısa biri arxamca söz atdı – “geeeet, geeeet, gözlədiyin də gəlmədi, get oxu...”. Və gülüşdülər...

Əslində eskalatorla aşağı düşünəcən düşündüm, mən bunların cavabın verim yoxsa... Və sonra qərarımı verdim ki, yox, mən belələrinin cavabını verməliyəm, bunları elə vəziyyətə qoymalıyam ki, bir də heç bir qıza-qadına başlarını belə, qaldırıb baxmasınlar, nənki söz atmaq...

Axı niyə, nə üçün Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullar mənə görə, sizə görə, o polislərə, onların analarına, bacılarına, arvadlarına görə, yəni bu millətə görə, bu millətin namusuna, qeyrətinə görə canlarını qurban verdikləri halda, cəbhədən çox-çox arxada, kimlərinsə himayəsilə rahat metro stansiyasında daldalanan hansısa polis işçisi qadına, qıza söz atmalıdır?
Niyə Mübariz təkbaşına erməni tərəfə keçib, orada onları qırıb, sonra şəhid olduğu halda, bu ....lar mənə və mənim kimi gündə ictimai nəqliyyatdan istifadə edən yüzlərcə qızın-qadının üzünə hırıldayıb, yersiz atmaclarla ürəyimizi bulandırmalı, Azərbaycan kişisinə yaraşmayan hərəkətlər eləməlidir?

Əyər məni qorumaqla, strateji baxımdan ictimai nəqliyyatda mənim təhlükəsizliyimi təmin etməklə görəvli olan bu metro polisləri mənə söz atırsa, onda tində-bucaqda duran avaralardan, əyyaşlardan nə gözləməliyəm?
Bu cür əxlaqsız davranışları ilə hüquq-mühafizə sisteminə ləkə gətirən asayiş keşikçilərinin adına “polis” deməyə adamın dili də gəlmir.

Hadisəyə görə birbaşa stansiya rəisinin yanına gedib, şikayət etdim və onları otağa çağırtdırdım. Orada onlara sual verdim, dedim ki, bu cəmiyyətdə sizin də doğma, yaxın qadınlarınız yaşayır, kimlərsə onlara söz atsa, siz necə olarsız?
Jurnalist olduğumu deyənə, onları buna peşiman edəcəyimi söyləyənə qədər bu 3 “kişi” polis işçisi məni borclu çıxarmağa, üstümə yeriyib, hədə-qorxu gəlməyə çalışdılar. Loru dildə desəm, üzümə dururdular. Sanki mən bunlara deməliydim ki, “sən Allah baqışlayın, günahkar siz yox, mənəm”.
Elə stansiya rəisinin otağındaca israrla onların ad və soyadlarını istədim, biri verdi ABBASOB ZİYA, o biriləri qorxdular, ad soyadlarını deməkdən çəkindilər.

Deməli, 24.05.2013 tarixində saat 18.00-a az qalmış metronun “İçərişəhər” stansiyasının düz girişində mühafizə xidmətində dayanan Ziya Abbasov və onunla birgə eyni iş saatında, növbədə dayanan daha iki polis işçi Azərbaycan vətəndaşı olan xanıma qarşı nalayiq hərəkətə yol verdilər...

Mən bir azərbaycanlı xanım və bir jurnalist olaraq daxili işlər naziri, cənab Ramil Usubova, Bakı Metropoliteninin rəisi, cənab Tağı Əhmədova, Metroda Polis Şöbəsinin rəhbərliyinə müraciət ünvanlayaraq, yuxarıda qeyd olunan hadisəni araşdırmağı, polis adına yaraşmayan hərəkətlərə yol verdiklərinə görə günahkar şəxslərin cəzalandırılmasını xahiş edirəm.

Çox istərdim ki, bu hadisə obyektiv araşdırılsın. Qoy polis adını ləkələyən şəxslərlə bağlı lazımi ölçü götürülsün ki, sabah onlar bir də başqa qızlara, qadınlara qarşı belə biabrçılıq edə bilməsinlər.

Günəş Fərhadlı,
Modern.az saytının əməkdaşı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi