Modern.az

Əflatun Amaşov: “Bu, jurnalistlərin vicdan imtahanıdır...” - MÜSAHİBƏ

Əflatun Amaşov: “Bu, jurnalistlərin vicdan imtahanıdır...” - MÜSAHİBƏ

Media

27 May 2013, 09:47

Ötən həftə media cameyəsinin ən aktual mövzusu evsiz jurnalistlərə paylanacaq mənzillərlə bağlı oldu. Mətbuat Şurası tərəfindən açıqlanan kriteriyalar başda redaksiya rəhbərləri olmaqla, jurnalistləri, ümumən medianı çətin suallar qarşısında qoydu. “Yeni Müsavat” qəzeti bu sualların bir çoxunu Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşova ünvanlayıb. Modern.az saytı Ə.Amaşovun qəzetə verdiyi müsahibəni təqdim edir.

- Birinci ondan başlayaq ki, jurnalistlərin binası ilə bağlı kriteriyalar açıqlanandan sonra mediada gərginlik, müzakirələr başlandı. Bunu gözləyirdiniz?

- Əslində müzakirələr binanın tikilməsi ilə bağlı sərəncam veriləndən sonra başlamışdı. Müxtəlif fikirlər səsləndi. Mən müşahidə etdim: kimlərin ki, evə ehtiyacı vardı, onlar ya loyal yanaşdılar, ya təqdirəlayiq hesab elədirlər. Kimlər ki, artıq nə özünün ehtiyacı var, nə də elə bir kollektivi var, yaxud da əksər parametrlə uyğun gəlmir, onlar nisbətən başqa cür dəyərləndirdilər. Bu da təbiidir.

- Krtiteriyaların müəyyənləşdirilməsində kimlər iştirak etdi?

- Mətbuat Şurası uzun müddət müxtəlif sahələrdə monitorinq aparıb. Onlardan biri də jurnalistlərin sosial vəziyyəti ilə bağlı idi. Biz araşdırdıq, insanların rəylərini öyrəndik. Məlum oldu ki, jurnalistlərin ciddi problemlərindən biri də mənzil problemidir. Çoxsaylı jurnalistlər var ki, bəzilərinin 40-50 il stajı var, amma mənzillə təmin oluna bilməyiblər. Mənzil almaq üçün imkanları olmayıb. Kirayələrdə, yataqxanalarda yaşayır, bu yerlərə gəlin gətirir, qız köçürürlər.

- Binanın tikintisi ilə bağlı qərar 2010-cu ildə verildi, səhv etmirəmsə. Amma kriteriyalar indi müəyyənləşdi.

- Bəli, Mətbuat Şurasının yeni binasının açılışında, 2010-cu il iyulun 22-də prezident İlham Əliyev MŞ İdarə Heyətinin üzvləri ilə görüşdü. Bir sıra məsələləri müzakirə etdik. Orda jurnalistlərin mənzil durumunun ağır olması da müzakirə mövzusu oldu. Prezident də həmin gün jurnalistlərə bina tikilməsi ilə bağlı sərəncam imzaladı. Bu təşəbbüs bizdən oldu və binanın tikilməsi KİVDF-yə həvalə edildi. Artıq bina tikilib, son tamamlama işləri aparılır. İyulun 22-nə qədər yekunlaşacaq. Kriteriyalar da işin gedişinə uyğun olaraq indi müəyyənləşdi.

- Bəs evlərin paylanması məsələsində KİVDF niyə iştirak etmir? Bu səlahiyyət onlardan niyə alındı?

- Mən məsələyə belə yanaşmazdım ki, KİVDF-nin əlindən nəsə alındı. Təşəbbüs MŞ tərəfindən irəli sürüldü. Fond isə binanın tikilməsində təşkilatçı oldu. MŞ-də daha çox jurnalist kollektivi birləşdiyi üçün bu təşəbbüs yenidən ona qayıtdı.

- Kriteriyalar əsasən kimlər tərəfindən müəyyənləşdi?

- Kriteriyalar Mətbuat Şurası İdarə Heyətinin iclasında müəyyənləşdi. Biz təşəbbüs irəli sürəndə də düşünürdük ki, daha çox ehtiyacı olan jurnalistlər bu imkandan yararlansınlar. Kriteriyaları hazırlayanda da bunu nəzərə aldıq. Məsələn, son 3 ildə davamlı fəaliyyət göstərən KİV-lərin ev üçün müraciət etməsi nəzərdə tutulub. Məsələn, “Gündəlik Teleqraf” qəzeti, publika.az saytı kimi media orqanları bu kriteriyalara uyğun gəlmirsə, biz buna yalnız təəssüf edə bilərik.

- Niyə 3 il? Bunun əsaslandırması necədir?

- Bu müddəti də İdarə Heyətində müzakirə etdik. Təkliflər ümumiləşdi. Bəziləri 1 il, bəziləri 5 il istəyirdi. Hamıya məlumdur ki, Azərbaycanda 5 minə yaxın KİV qeydə alınıb. Bunların da mütləq əksəriyyəti qəzetlərdir. Çoxu isə 10-20 il əvvəl fəaliyyətə başlayıblar, bir müddət fəaliyyət göstərəndən sonra dayanıblar. Amma onlar yenə redaksiyalardadır. Redaksiyalarda əyləşirlər, işçilər redaksiyaya gəlib-gedir, amma qəzet işıq üzü görmür, ya da ildə bir neçə sayı işıq üzü görür. Biz qərara gəldik ki, orta rəqəm olaraq 3 ili götürək və bu müddətdə davamlı fəaliyyət göstərənləri nəzərə alaq. Vaxtilə fəaliyyət göstərib, sonra dayananlar bu seçimdən kənarda qalacaq.

- Narazıların bir qismi hesab edir ki, son 3 il eyni media orqanında çalışma şərti ədalətsizlikdir. Bu, nəyə əsasən müəyyənləşdirilib? Axı indi jurnalistlər təbii səbəblərdən - qəzetin bağlanması, şərtlərin uyğun olmaması - media orqanlarını tez-tez dəyişir və bu, normaya çevrilib...

- Jurnalistlər, əlbəttə, daha yüksək maaş təklif edən media orqanlarına gedir. Futbolçular kimi transfer edirlər. Onlar adi qəzetdə çalışanlardan daha yüksək maaş alır. Hətta öz maaşları ilə ev ala bilərlər. Çünki onlar daha çox dövlət qurumlarına transfer olunurlar. Bir neçə il hansısa media orqanında çalışır, sonra saziş bağlayır, mətbuat xidmətinə gedir. Nisbətən daha çox jurnalistikada olan, jurnalistikaya canını qoyan şəxslərin bu evi haqq etdiyinə qərar verdik.

- Bəs jurnalistikada 10 il iş stajının olması? Bu da bir çox jurnalistləri seçimdən kənarda qoyur...

- 10 il müddət kifayət qədər normaldır. Jurnalist 10 il bu sahə ilə məşğul olursa, bu, onun öz yerini jurnalistikada tapdığını göstərir. Həmin şəxs başqa sahəyə getmək istəsəydi, gedərdi. Burda daha bir nüans var. Jurnalistikada 30-40 il stajı olan jurnalistlər var. Amma biz 10 ili minimum staj kimi götürmüşük.

- Daha bir məqam. Özünün adına evi olmayıb, həyat yoldaşının evi olan jurnalistlər də müraciət edə bilməz?

- Xeyr, bu da mümkün deyil. Ola bilər ki, bəzi redaksiyalarda hamının evi olsun. Bu zaman həmin redaksiyadan ev şəraiti yaxşı olmayan - məsələn, birotaqlı evdə çoxlu sayda adamın yaşadığı mənzil nəzərdə tutulur - jurnalistlər müraciət edə bilər.

- Bəs illər boyu mediada çalışmış, amma son bir neçə ildə fəaliyyətini dayandırmış evsiz jurnalistlərin durumu necə olacaq?

- Əgər bu gün həmin şəxs jurnalistikada çalışmırsa, amma həyatını jurnalistikaya həsr edib, evsizdirsə, onlar da nəzərə alınacaq. Həmin evlərin 10 faizinə qədərinin onlara verilməsi nəzərə alına bilər.

- Kriteriyaların açıqlanması zamanı məsuliyyəti birbaşa qəzet redaktorlarının üzərinə atdınız. Nəyə görə bunu daha optimal çıxış yolu hesab edirsiz?

- Mənə elə gəlir, redaksiyaya rəhbərlik edən şəxs daha yaxşı bilir ki, kollektivdə daha çox kimin mənzilə ehtiyacı var. Məsuliyyəti redaksiya rəhbərliyinə aid etdik. Bu, eyni zamanda vicdan məsələdir, jurnalistlərin, redaktorların öz vicdanları qarşısında imtahanıdır.

- Redaktorların sizə göndərdiyi namizədlər qeyd-şərtsiz evlə təmin olunacaq? Yoxsa həmin mərhələdə də müəyyən araşdırmalarınız olacaq?

- Redaksiyaların mənzil siyahısı ilə bağlı keçirilən iclasında Mətbuat Şurası nümayəndəsi iştirak edəcək. Bir çox redaksiyalarda Həmkarlar İttifaqı yoxdur. Amma hansında varsa, orda da ittifaq nümayəndəsi iştirak edəcək. Redaksiya iclasdan sonra jurnalistin adı olan protokolu Mətbuat Şurasına göndərəcək. Məsələn, jurnalistin birotaqlı evində 10 nəfər yaşayırsa, bu barədə arayış, əmək kitabçasının surəti, tərcümeyi-halı, vəsiqəsinin surəti də göndərilməlidir. Əgər bunlar olmasa, müəyyən problem yarada bilər. Eyni zamanda KİV-dən onun mütəmadi olaraq 3 il fəaliyyət göstərməsi ilə bağlı sənəd alınacaq.

- Maraqlıdır, niyə redaksiyadaxili iclasda MŞ nümayəndəsi iştirak etməlidir? Bu, nə üçün lazımdır?

- Mətbuat Şurasının nümayəndəsi iclasa müdaxilə etməyəcək. Biz sadəcə iclasın olub-olmayacağını müşahidə edəcəyik. Bəzi redaksiyalarda az adam ola bilər. Onlar iclas keçirməyib sənəd göndərə bilər. Biz bunun qarşısını almaq, normal redaksiyadaxili müzakirələrin keçirilməsi üçün öz nümayəndəmizi iclasa göndərəcəyik.

- Məsələn, evi olduğu halda sənədləşmələrdə özünü evsiz kimi təqdim edən jurnalistlərlə bağlı araşdırma aparacaqsız? Yoxsa redaksiya onları namizəd kimi göstərsə, siyahıya düşəcəklər?

- Burda daha çox məsuliyyət redaktorun üzərindədir. Redaksiya rəhbərliyi yaxşı bilir ki, kimin evi var, evi nə zaman satıb, alıb, hazırda kimin evində yaşayır. Eyni zamanda bir məsuliyyət də var. Bu vicdan imtahanıdır. Əgər jurnalistin evi varsa və yenidən ev almaq xülyasına düşürsə, bu, doğru deyil. Ya da redaktor bilə-bilə öz yaxın adamına ev verirsə, kiminsə stajını çox göstərirsə, bu da yolverilməzdir. İstərdim ki, Azərbaycan jurnalistləri bu imtahandan şərəflə çıxsınlar.

- Şəffaflığın təmin olunması üçün nələr edəcəksiz?

- Dediyim kimi, bizim nümayəndələr redaksiyalardakı iclaslarda iştirak edəcəklər. Bir də yanlış, saxta sənədləri qəbul etməyəcəyik. MŞ İdarə Heyətində ekspertlərin iştirakı ilə bu sənədlərə baxış keçirəcəyik. Çünki Azərbaycan jurnalistləri bir-birini o qədər yaxşı tanıyır ki, heç kim bir-birini aldada bilməyəcək.

- Ev şəraiti pis olan jurnalistlərin də binadan ev alma şansları nə dərəcədədir?

- Bu məsuliyyət də redaktorun və redaksiyanın üzərindədir. Hansısa redaksiyada kiminsə mənzil şəraiti pisdirsə, digərləri evlə təmin olunubsa, bu halda ev şəraiti pis olan jurnalistlər də siyahıya düşəcək.

- Başda Mehman Əliyev olmaqla bir qisim jurnalistlər hökumətdən ev verilməsinə qarşı çıxır. Yeri gəlmişkən, baş direktor “Turan”ın kollektivindən heç kimin müraciət etməyəcəyini açıqlayıb. Arqument kimi isə bunun jurnalistləri asılı vəziyyətə salacağını bildirirlər. Siz bununla bağlı nə düşünürsüz?

- Təbii ki, müraciət etməyənlər ev də almayacaqlar. Bu, təbiidir. O ki qaldı, bu bina ilə bağlı yozumlara, çox istərdim ki, biz bu məsələləri siyasiləşdirməyək. Çünki bu məsələ MŞ tərəfindən təşəbbüs kimi irəli sürülüb. Bu, jurnalistlərin xahişidir və cavabı müsbət verilib. Onlar elə düşünür ki, hakimiyyət jurnalistlərə ev verirsə, jurnalist asılı vəziyyətə düşəcək. Mən bununla razı deyiləm. İnsan var ki, bir qələm versən də, əqidəsindən tez dönür. İnsan var milyonlar bağışlasan da, öz fikrini vacib sayır.

- (zarafatla) Yəni, deyirsiz ki, həmin binada yaşayan jurnalist hökumət əleyhinə radikal yazılar yazsa, evi əlindən alınmayacaq. Düz başa düşdüm?

- Təbii ki. Bunun əksi mümkündür, sizcə? Əgər insan öz əqidəsinin qulu olubsa, onu döndərmək mümkün deyil. İstər öz evində yaşasın, istər hökumətin evində. Əgər insan öz əqidəsini hər an satırsa, ev onunçün bəhanədir. O evlər jurnalistin mülkü olacaq. Heç bir halda onu jurnalistin əlindən almaq mümkün olmayacaq.

- Ev ideyasına qarşı çıxanlar deyir ki, bunun əvəzində qəzetlərə reklam, kreditlər verilməsi yaxşı olardı və bu halda jurnalistlər öz maddi durumunu düzəldib, öz hesabına ev ala bilərdi.

- Haqlısız, bizi qınayırlar ki, guya ancaq ev verməklə məşğuluq. Halbuki Mətbuat Şurasının fəaliyyəti genişdir. Mütəmadi olaraq medianın iqtisadi durumu ilə bağlı məsələni gündəmə gətiririk. KİV-in İnkişafına Dövlət Dəstəyi konsepsiyası təşəbbüsü MŞ tərəfindən irəli sürülüb. Azərbaycan rəhbərliyi tərəfindən qəbul olunub və bunu həyata keçirmək üçün fond yaradılıb. Hazırda fond redaksiya və jurnalistlərə layihələr, qrantlar verir, layihələri maliyyələşdirir. Konsepsiya böyükdür. Orda KİV və əməkdaşlara subsidiyalar, azfaizli və faizsiz kreditlərin verilməsi nəzərdə tutulub. Bunu da MŞ gündəmə gətirib. Fondun büdcəsi artdıqca fond bu fəaliyyəti də həyata keçirəcək. Bundan başqa, MŞ rəsmi qurumların mediaya reklamlarının verilməsi ilə bağlı konsepsiya hazırlayıb, müvafiq qurumlara verib. Özəl şirkətlərin reklamlarının mətbuat arasında bölüşdürülməsi ilə bağlı təkliflər verib. Hazırda gündəmdə olan Diffamasiya haqqında qanunu da MŞ təqdim edib. Eyni zamanda jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması təşəbbüsünü də biz qaldırmışıq. Sadaladığım məsələlər üzərində paralel fəaliyyət göstəririk ki, medianın iqtisadi durumu yaxşılaşsın. Bəziləri deyir medianın iqtisadi durumunu yaxşılaşdıraq, sonra evlər tikək. Uzun illər jurnalistikada işləmiş, evsiz jurnalistlər var. Onlar 10-20 il gözləməlidir ki, bütün sadalananlar bir-bir həyata keçsin?

- Maraqlıdır, indidən zənglər başlayıbmı? Xahişlər, minnətçilər....

- Başlayıb, təbii. Bizim qoyduğumuz qaydalar əksəriyyət tərəfindən qəbul olunub. Əksəriyyət vəziyyətə aydınlıq gətirildiyini vurğulayır. Müraciət edənlərin bir qismi də kriteriyaların düzgünlüyünü vurğulamaqla yanaşı, bu kriteriyalarda müəyyən istisnaların olmasını arzulayırlar.

- Bundan sonra daha bir binanın tikilməsi mümkündürmü?

- Bununla bağlı MŞ təşəbbüslə çıxış edəcək.

- Evin yerləşdiyi ərazi ilə bağlı ilk gündən müəyyən söz-söhbətlər gəzirdi. Bəziləri deyirdi ki, zəmini möhkəm deyil və sair. Binanın etibarlılığı ilə bağlı nə deyə bilərsiz?

- Məndə olan məlumata görə, bina Bakıdakı ən dözümlü binalardan biridir. Ekspertlər də rəy verib.

- Bir mənzilin qiyməti neçəyə başa gəlir?

- Yüksək səviyyədə təmir olunub. Amma məbləği barədə dəqiq heç nə deyə bilmərəm. Bu məsələ ilə başqa bir təşkilat məşğul olduğundan məlumatım yoxdur.

- Proqnozlar belədir ki, bu ev bölgüsü onsuz da cəbhələrə bölünən, münasibətlərin soyuq olduğu jurnalistikada ciddi nifaq yaradacaq. Bu mənzərə sizi narahat edirmi?

- Mən buna inanmıram. Əgər hansısa jurnalistin layiqli həmkarı mənzillə təmin olunubsa, bunu sevinclə qarşılamaq lazımdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi