Modern.az

Çavuşoğludan konsulluqların bağlanmasına sərt REAKSİYA - YENİLƏNİB

Çavuşoğludan konsulluqların bağlanmasına sərt REAKSİYA - YENİLƏNİB

3 Fevral 2023, 13:05

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Argentinanın xarici işlər və beynəlxalq ticarət naziri Santiaqo Kafiero ilə İstanbulda təşkil edilən birgə mətbuat konfransında bir sıra Avropa ölkələrinin konulluqlarını bağlamasından danışıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir bu addımı sərt tənqid edib.

 

"Niyə bağladılar? Onlar deyirlər ki, terror təhlükəsi var. Əgər terror təhlükəsi varsa, xüsusən də biz müttəfiqiksə, bizə bu təhlükənin haradan gəldiyini deməməlidirlər? Deyirlər ki, bizdə konkret məlumat var, təhlükə var, bağlayırıq. Bəs bu kimdən gəldi, haradan gəldi, kim edəcək? Bunlar haqqında məlumat yoxdur. Doğru olan odur ki, bu məlumatları bizə, təhlükəsizlik bölmələrimizə, kəşfiyyat bölmələrimizə ötürməli idilər.

 

Əgər belə bir təhlükə varsa, onu aradan qaldırmaq lazımdır. Daxili İşlər Nazirliyimizdən soruşuruq, konkret məlumat paylaşımı, kəşfiyyat paylaşımı yoxdur. Kəşfiyyatımızdan soruşuruq, konkret məlumat paylaşımı yoxdur. Yaxşı, bağladın, belə bir təhlükə var. Sən yalnız özünü düşünürsən? Əslində bu izahatların və bu qapadılmaların məqsədli olduğunu düşünürük. Dünən səfirləri nazirliyə çağıraraq məhz bunu dedik. Bəzi nazirlərlə də danışdıq.

 

Dünən axşam Niderlandın xarici işlər naziri ilə də danışdıq. Buradan aldıqları müraciətləri həftəsonu İstanbula göndərəcək və vizalara baxacaq. Bu, xoş niyyət əlamətidir. Amma bütün ölkələrin konsulluqları bağlayarkən detalları bizimlə bölüşərək bu addımları atması məqsədəuyğundur. Əgər Türkiyə qeyri-sabitdirsə, Türkiyədə terror təhlükəsi olduğu təəssüratı yaratmaq istəyirlərsə, bu, dostluğa, müttəfiqliyə yaraşmaz. Xüsusilə AKP hökumətini, bizi seçki öncəsi çətin vəziyyətə salmağa çalışırlarsa, xalqımız bunun arxasında nə olduğunu çox yaxşı bilir. Bu, onlara heç bir xeyir vermir, məqsədlərinə xidmət etmir. Beləliklə, biz bir qədər dürüstlük, bir qədər səmimiyyət gözləyirik. Dünən səfirlərə verdiyimiz mesaj məhz budur.

 

Dünən burada dedik ki, terror təşkilatlarının məkrli gündəminə xidmət etməsinlər. Eyni zamanda İŞİD və PKK başda olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizə aparırıq, xarici terrorçularla ən çox mübarizə aparan ölkə bizik. Digər tərəfdən, Daxili İşlər Nazirliyimiz Quranın yandırılmasından sonra xüsusilə bəzi ölkələrin missiyaları üçün təhlükəsizlik tədbirlərini artırdı. Biz artıq tədbirlər görürük. Biz bu məsələlərə həssas yanaşırıq, çünki bu missiyaları qorumaq bizim borcumuzdur.

 

Amma bu hadisə ilə heç bir əlaqəsi olmayan bəzi ölkələri, Avropa ölkələrini də görürük və onlar da missiyaları bağlayırlar. Biz onu da bilirik ki, bəzi ölkələr başqalarına bu aksiyaya qoşulmağı təklif edirlər. Bizdə belə məlumatlar var. Yəni istənilən baxımdan bu izahatlar, qapadılmalar məqsədyönlüdür. Lazımi xəbərdarlıqları etdik. Bundan sonra konkret məlumat və sənədləri paylaşmadan belə üsullara getsələr, onlara qarşı atacağımız əlavə addımlar da olacaq. Bu mesajı onlara da verdik", - deyə Çavuşoğlu söyləyib.

 

***

12:28

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir sıra Avropa ölkələrinin İstanbuldakı diplomatik nümayəndəliklərini bağlamasına münasibət bildirib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Çavuşoğlu bu addımın məqsədli şəkildə atıldığını deyib.

 

"Bəzi ölkələrin digər ölkələrə "buna siz də qoşulun" dediyini də bilirik", - XİN başçısı bəyan edib.

 

Qeyd edək ki, Böyük Britaniya, Almaniya, Niderland, Fransa və Norveç də daxil olmaqla, 9 Avropa ölkəsi təhlükəsizlik təhdidi olduğunu əsas göstərərək Türkiyənin İstanbul şəhərindəki konsulluqlarını bağlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?