Modern.az

Xankəndinin deputatı: “ATƏT niyə separatçı qurumla birgə monitorinq keçirir?” - ETİRAZ

Xankəndinin deputatı: “ATƏT niyə separatçı qurumla birgə monitorinq keçirir?” - ETİRAZ

Parlament

27 May 2013, 13:14

Modern.az bir müddət öncə ATƏT-in nümayəndə heyətinin Qondarma Dağlıq Qarabağ Respublikasının “hakimiyyət orqanlarının” razılığı ilə  mayın 23-də Füzuli rayonunda monitorinq keçirəcəyilə bağlı geniş yazı təqdim  etmişdi. Münaqişə tərəfləri Azərbaycan və işğalçı Ermənistan olsa da qondarma “Dağlıq Qarabağ rejiminin bu işə əl qatması ziddiyyətli məqamlardan xəbər verir. Hələ may ayının 16-da keçirilmiş monitorinqlə bağlı erməni mətbuatı həyasızcasına ““ATƏT-in  müşahidə missiyasını Qarabağ tərəfədən DQR-in Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin  nümayəndələri müşayiət edib”-deyə yazır. May ayının 23-də keçirilmiş monitorinq də bu qəbildəndir. Onsuz da erməni riyakarlığına və təxribatına hamımız bələdik. Maraqlı cəhət ondan ibarətdir ki, sülh və vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT necə olur ki, oyuncaq bir qurumun “iqtidar nümayəndələrinin” xeyir-duası ilə monitorinq həyata keçirir?  Azərbaycan tərəfi isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Modern.az bu təxribat xarakterli hərəkət barədə Xankəndindən deputat seçilmiş Flora Qasımovadan münasibət öyrənib. 
Millət vəkili bildirib ki, burada əsas məqsəd qondarma respublikanın öz hərbi hissələrinin mövcudluğunu nümayiş etdirməkdir.
“Azərbaycan həmin qondarma, separatçı rejimi və onun silahlı qüvvələrini tanımır. Mənə də maraqlıdır vasitəçilik vəzifəsini öz üzərinə götürmüş ATƏT niyə separatçı bir qurumun hərbiçilərinin müşayiəti ilə monitorinq keçirir? Bizim torpaqlarımızı Ermənistan silahlı qüvvələri işğal edib. Azərbaycana qarşı ikili mövqe səbəbindən problemin həlli uzanır”-deyə deputat qeyd edib.

Xanım deputat onu da əlavə edib ki, status-kvonun saxlanmasında ATƏT maraqlıdır^ “Yeri gələndə bizi təqsirləndirirlər ki, Azərbaycanın dövlət başçısı müharibə ritorikası ilə danışır. Mən bir şeyə əsəbiləşirəm. İşğal olunmuş torpaqlarımızı azad etmək barədə bəyanatlar səsləndirəndə qıcıqlanırlar. Ancaq ermənilər zəbt etdikləri rayonların adlarını dəyişirlər. İşğal etdikləri ərazilərdə qeyri-qanuni insanları yerləşdirirlər. Bu məsələyə isə aidiyyatı təşkilat və dünya supergücləri öz iradlarını bildirmirlər”.

Flora Qasımova fakt araşdırıcı missiyanın da ünvanına ciddi və haqlı ittihamlar səsləndirib. “Bu məsələ dinlənilib. Amma heç bir ölçü götürülməyib. Həm ATƏT-in münaqişə ilə bağlı Minsk Qrupunun həmsədrləri, həm də nümayəndə heyətinin monitorinq qrupunun hamısı erməniyə xidmət edir”-deyə Flora Qasımova vurğulayıb.

Parlamentari qeyd edib ki, bizim daha ATƏT-ə inamımız yoxdur və bir beynəlxalq təşkilat olaraq onların bu cür addımlar atmasında təəccüblü bir məqam yoxdur. Eyni zamanda ATƏT-in bu addımı atmasının  məsuliyyəti Ermənistanın üzərindən götürmək niyyəti daşıdığını bildirib.
“Bəlkə də gələcəkdə danışıqlara “Dağlıq Qarabağ Respublikasını” qatmaq məqsədi ilə belə bir hərəkət edirlər. Mən artıq onların heç birinə inanmıram. Mövcud vəziyyəti saxlamaqla ATƏT ermənilərin işğalına haqq qazandırmaq istəyirlər. Təkcə rəsmi dairələr deyil, artıq Azərbaycan xalqının da ATƏT-ə heç bir inamı yoxdur”.

Xatırladaq ki, mayın 23-də keçirilmiş  monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi, ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri Pavlo Şamayev, İrji Aberle (Çexiya)  təmas xəttinin “qarşı tərəfində” isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeniy Şarov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Mik Dolan keçirib.

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...