Modern.az

Deputat: “Rəhim Qazıyev özünü öldürsəydi dünya dağılmayacaqdı ki" - MÜSAHİBƏ

Deputat: “Rəhim Qazıyev özünü öldürsəydi dünya dağılmayacaqdı ki" - MÜSAHİBƏ

Parlament

27 May 2013, 14:09

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Modern.az saytına müsahibə verib.

- Məlahət xanım, bu gün Azərbaycanın gündəmində olan əsas məsələlərdən biri qarşıdan gələn prezident seçkiləridir. Seçkilərə 5 aydan az vaxt qalıb. Hakim partiyanın bir nümayəndəsi kimi kimi hazırki ictimai-siyasi durumu necə qiymətləndirirsiniz? Ölkəmizdə seçki ab-havası varmı?

- Hamıya məlumdur ki, oktyabr ayında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar ictimai-siyasi sferada bir canlanma hiss olunur. Demək olar ki, seçkiöncəsi siyasi partiyalarda müəyyən mənada canlanma əmələ gəlib. Adətən görürsünüz ki, 5 il ərzində adı heç bir işdə hallanmayan adamlar seçkiöncəsi özlərini fəal göstərməyə çalışırlar. İndiyə kimi bir dəfə də olsa, adı hallanmayan bu insanlar lazımlı-lazımsız hərəkətlərlə, əməllərlə gündəmə gəlmək istəyirlər. Elə qüvvələr, elə təşkilatlar var ki, 4-5 ildən sonra “siyasətlə” məşğul olduqları yadlarına düşür.
Digər siyasi qurumlardan fərqli olaraq, Yeni Azərbaycan Partiyasının ilboyu gördüyü işlər, xalqa göstərdiyi xidmətlər göz önündədir. Hakim partiyanın namizədinin seçildiyi gündən indiyə kimi gördüyü iş 2013-cü il prezident seçkilərinə hazırlıq deməkdir. Əslində bizim partiyamızın irəli sürdüyü namizədin gördüyü işləri lentə alsalar, bu, seriallar olar. Bizim namizədimiz artıq seçkidə qələbə üçün tam təminat qazanıb. Cənab Prezidentin gördüyü işlər qarşıdaki seçkilərdə qələbə qazanması üçün xalqın təminatıdır.
Ötən il Prezidentimizin səyi nəticəsində qazandığımız ən böyük uğurlardan biri də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına keçici üzv olmasıdır. Bu, Azərbaycan üçün çox böyük uğurdur. Təbii ki, bundan sonra da Azərbaycan daha böyük nailiyyətlərə çatıb. Ölkənin infrastrukturu inanılmaz dərəcə də yaxşılığa doğru inkişaf etməyə başlayıb. Bilirsiniz ki, bu gün dünyada qlobal maliyyə böhranı hökm sürür. Avropanın ən böyük ölkəsində belə, böhran səbəbindən böyük layihələr dayandırılıb. Amma bizim ölkəmizdə isə əksinədir. Dünyanın belə bir böhranda olduğu vaxtda, Azərbaycanda çox böyük maliyyə tutumlu layihələr həyata keçirilir. Görülən işlər ölçüyəgəlməzdir. Amma bütün bunlar o demək deyil ki, hər şey istədiyimiz şəkildədir. Görüləcək işlər də kifayət qədərdir.

- Sizcə, problemlər daha çox hansı sahələrdədir?

- Hələ Azərbaycanda aparıcı sahələrdən olan təhsil sistemində görüləsi çox işlər var. Səhiyyədə də buna ciddi ehtiyac var. Bu o demək deyil ki, bu problemlər hər zaman olacaq. Təbii ki, mövcud problemlərin aradan qaldırılması üçün ölkə başçısının tapşırığı ilə ciddi işlər görülür. Nəzərə almaq lazımdır ki, Azərbaycanda hər şey sıfırdan qurulub. Vaxt var idi Azərbaycan hansısa ölkələrdən borc alırdı, amma indi ölkəmiz borc alan ölkədən borc verən ölkəyə çevrilib. Sözsüz ki, bütün bunlar cənab Prezidentin gördüyü işlərin nəticəsidir. Bu gün Azərbaycanın dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməsini kimlərsə qəbul etməsə də, bizim uğurumuzdur. Bəzən bizim mətbuatda manşetlərdə qırmızı hərflərlə yazırlar ki, Azərbaycana xarici təzyiqlər artır. Azərbaycana tarix boyu xarici təzyiqlər olub. Tarixdən ən azından anlayışı olan insanlar bunu gözəl bilirlər. Bəli, doğrudur dünyanın super güclü dövlətlərinin Azərbaycanda hər zaman, tarixin istənilən dövründə maraqları toqquşub. Bu bölgə uğrunda böyük güclər vuruşublar. Sadəcə olaraq indi məsələnin belə geniş müstəvidə qaldırılması başqa məqsədlərə dayanır. Əsrlər əvvəl insanlar bu və ya digər məsələlərdən xəbərsiz idilər. Amma indi internet, sosial şəbəkələr vasitəsilə istənilən məlumatı dünyanın bir tərəfindən digər tərəfinə ötürmək mümkündür. İndi kimlərsə düşünürlər ki, Azərbaycana qarşı təzyiqlər artır. Bu qətiyyən belə deyil. Biz bu maraqların qurbanı olmamalıyıq, onların oyunçusuna çevrilməməliyik.
Prezidentimiz də çalışır ki, Azərbaycan xalqını bu qüvvələrin marağından qorusun. Biz problemlərimizi də inkar eləmirik. Bəli, problemlərimiz var. Korrupsiya var, Korrupsiyaya qarşı Mübarizə Komissiyası var. Bəzi məmurların özbaşnalığı var. Cənab prezident də, Yeni Azərbaycan Partiyasının parlamentdə olan təmsilçiləri də buna qarşı kəskin fikirlərini bildirirlər. Prezident yadınızdadırsa qeyd edib ki, 2020-ci ilə kimi Azərbaycanda problem olmayacaq. Bizim ən böyük problemimiz Qarabağ problemidir. Bunu da inşallah həll edəcəyik.

- Məlahət xanım, təmsil etdiyiniz hakim partiyanın seçki hazırlığı necə gedir? Bəzi partiyadaşlarınız əminliklə vurğulayırlar ki, YAP yenə qalib gələcək. Seçkiyə rəsmən start verilmədən belə bəyanatların səsələndirilməsi sizcə, doğrudurmu?

- Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, bölgənin ən böyük partiyasıdır. Bizim kifayət qədər potensial bazamız var. Bizim seçkilərdə qələbə qazanacağımızla bağlı heç bir şübhəmiz yoxdur. Xalqın da şübhəsi yoxdur, jurnalistlərin də olmasın.

- Seçkilərdən söz düşmüşkən, müxalifət partiyaları da iddialı görünürlər. Necə hesab edirsiniz, müxalifətin qalib gəlmək şansı yoxdur?

- Müxalifət kimdir axı? Bu gün özünü müxalifət hesab edən insanlar arasında barmaqla sayılası qədər tanınmış insan var. Mən heç onlara da müxalifət deməzdim. Mən heç onların adlarını da çəkmək istəmirəm. Bu 20 ildə onlar Azərbaycan naminə nə ediblər? Tarix göz qarşısındadır. Bu gün bəlkə də gənclər hadisələrdən bir o qədər məlumatlı deyillər, amma orta yaşlı insanlar özlərini müxalifət adlandıran insanları gözəl tanıyırlar. Bu gün müxalifətdə olan bəzi insanlar 92-93-cü illərdə hakimiyyətdə olanda telefonla yalvara-yalvara Heydər Əliyevə zəng edib, onu Naxçıvandan Bakıya çağırırdılar. İndi hər şeyi unudublar. Hamısı ölkəni pis vəziyyətdə qoyub gizlənmişdilər. İndi birdən-birə onlara nə olub? Ayıb deyilmi? Təəssüf ki, bu hadisələr televiziyalarda vaxtlı-vaxtında göstərilmir.

- Müxalifət liderləri İsa Qəmbər, Eldar Namazov prezident seçkilərində mübarizə aparacaqlar. Sizcə, müxalif düşərgədə Yeni Azərbaycanın Partiyasının qarşısına çıxa biləcək ən güclü rəqib kimdir?

- İsa Qəmbər, Əli Kərimli indi özlərini müxalifət kimi qələmə verirlər, amma vaxt vari idi, onlar xalqı çətində qoyub qorxularından gizlənmişdilər. Telefonda qalmışdılar, yalvarırdılar ki, Heydər Əliyev gəlsin. İnsalar bilmirlər ki, Rəhim Qazıyev kimdir? Hamı yaxşı bilir ki, o kimə xidmət edir. Rəhim Qazıyev həmin insandır ki, deyirdi: “Anamım goru haqqı Şuşa getsə özümü öldürəcəm”, ayıbdır eee, bu rəzalətdir. Belələri adamların üzünə necə baxa bilirlər? Sən özünü öldürməklə dünya dağılmayacaqdı ki? Möhtərəm Prezidentimiz onu əfv elədi. İndi guya, bu insanlar cana gəliblər.
Hələ bu Leyla Yunusa bax. Leyla Yunus kimdir axı? Bu adam hələ Azərbaycan dilində danışa bilmir. Guya, özünü vətənpərvər kimi qələmə verməyə çalışır, kəkələyə-kəkələyə Azərbaycan dilində danışır. Vallah, bu həqarətdir. Hər bir millətin dili onun milli şüurudur, milli ruhudur. Azərbaycana Amerikadan, Avropadan, Yaponiyadan səfirlər gəlir, 10 gündən sonra görürsən ki, bunlar Azərbaycan dilində danışırlar. Bunların bizim ana dilini öyrənməyə ehtiyacı yoxdur. Leyla Yunus kimi insanlar doğma anasının dili ilə niyə danışmır? Deməli anasına hörməti yoxdur ya da onun anası azərbaycanlı deyil. Gülməlidir, bu adam ana dilində danışa bilmirsə, hansı dövlətçilikdən danışa bilər? Ona desən ki, Mirzə Ələkbər Sabirdən bir şeir söyləsin, qətiyyən deyə bilməz. Milli ruhu olmayan adam nədən danışa bilər?
Müxalifət artıq bilmir nə etsin. Gündə bir təşkilat yaradırlar. Bu insanlar bilməlidirlər ki, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Kasıb itinin adını gümüş qoyan kimi, bunlar da müxtəlif adda təşkilat, birlik yaradırlar. Bilmirlər ki, bütün bunların heç bir xeyri yoxdur. İstəyirlər yüz nəfər namizəd olsun, buna bizim etirazımız yoxdur. Bu meydan, bu da onlar.
Bunlar necə insanlardırlar ki, Avropadan, Qərbdən Azərbaycanı kimsə tənqid edəndə, sevinirlər. Amma ölkəmizin xeyrinə kimsə danışanda, bunların sifətləri dəyişirr. Mən əminəm ki, hər dəfə olduğu kimi, bu dəfə də müxalifət uğursuzluğa düşəcək.

Onlara məsləhət edirəm ki, özlərində bir islahat aparsınlar, fikirləşsinlər. Təhlil eləsinlər, özlərindən bu qədər razı olmasınlar.
Mən bir daha deyirəm ki, bu gün Azərbaycanda müəyyən problemlər var. Biz bu problemləri həll edirik. Amma onu da etiraf etməliyəm ki, bəzi problemlər müəyyən məmurlar tərəfindən yaradılır. Bunu da bilirik. Buna qarşı da mübarizə aparırıq.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...