İki gün sonra Astanada beş prezident Putinin rəhbərliyi ilə danışıqlar aparacaq
Qazaxıstanın paytaxtı Astanada mayın 29-da keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının iclasında “Avrasiya İqtisadi Məkanının yaradılması haqqında” saziş layihəsi müzakirəyə çıxarılacaq. Modern.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bəyan edib.
MDB üçün “Avrasiya İttifaqı” kabusu
Onun sözlərinə görə, Astanada keçiriləcək tədbirə Rusiya prezidenti V.Putin Bişkekdən gələrək qatılacaq. Tədbirə həmçinin Belorus, Qazaxıstan prezidentləri iştirak edəcək. Hər üç prezident ölkələrinin Gömrük İttifaqı və Avrasiya İqtisadi Məkanında gələcək inteqrasiya perspektivlərini müzakirə edəcəklər.
“Bu müzakirələrdən biri də İttifaqın yaradılması haqqında saziş layihəsinin hazırlanması olacaq”-deyə Uşakov vurğulayıb.
Dövlət başçıları həmçinin aqrar sənaye siyasəti ilə bağlı razılaşdırılmış konsepsiyanı və qarşılıqlı daxili və xarici ticarət üçün vahid informasiya sistemi haqqında qərarı qəbul edəcəklər.
İclasdan sonra hər üç dövlət başçısının Ukrayna və Qırğızıstan prezidentləri ilə görüşü gözlənilir. Qırğızıstan 2011-ci ildə Gömrük İttifaqına qoşulmaq üçün müraciət edib. Bu qoşulmaqla bağlı proses hələ tam yekunlaşmayıb. Ukrayna isə bu İttifaqda müşahidəçi statusu almağa çalışır.
Xatırladaq ki, Azərbaycan Vahid Gömrük İttifaqına qoşulmaqdan imtina edib. Rəsmi Bakı özünün Avrasiya İqtisadi Məkanı ilə bağlı mövqeyini bildirməyib. Amma Azərbaycan bu birliyə mənfi münasibətini müxtəlif vasitələrlə ortaya qoyub.
Vahid Gömrük İttifaqı yaxud “standart tələ”
Qeyd edək ki, Avrasiya İttifaqının mühüm strukturlarından biri Vahid Gömrük İttifaqının formalaşmasıdır. Moskva hazırda var qüvvə ilə bu birliyin yaradılması üçün səy göstərir. Kreml cazibədar görünən xeyli vədlər versə də, Vahid Gömrük İttifaqının şərtləri ilə tanışlıq bir sıra suallar yaradıb.
Ekspertlərin fikrincə, bu sistemə qoşulan ölkələr Avropaya mal ixracı ilə bağlı ciddi əngəllərlə qarşılaşacaqlar. Belə ki, Vahid Gömrük İttifaqının standartı ilə sertifikat almış məhsul Avropa ölkələrində yaxud əksinə olaraq əlavə yoxlamadan keçməli olacaq.
Əgər Azərbaycan özünün standartlaşdırma siyasətini Avropa İttifaqı modeli əsasında qurursa, o zaman bizim məhsullar Vahid Gömrük İttifaqına daxil olan ölkələrin bazarlarına çıxmaq üçün İttifaqın müəyyən etdiyi standartlara uyğun əlavə yoxlamadan keçiriləcək.
Bu cür gömrük nəzarətindən azad olmağın yolu isə vahid reyestr siyahısından asılı olacaq. Əgər istehsalçı Gömrük İttifaqının vahid reyestr xidmətində qeydiyyatda olacaqsa, o zaman heç bir yoxlama aparılmayacaq. Birliyə daxil olmayan rezident - müəssisələr isə bura aid edilmir. Bu şərtlər isə faktiki olaraq bazara məhsul təklif edən digər ölkələr üzərində Rusiya nəzarəti deməkdir.
Moskva Avrasiya İttifaqı üçün son tarixi 2015-ci il yanvarın 1-i elan edib.
Xaqani SƏFƏROĞLU