Türkiyədə baş verən dağıdıcı zəlzələ Azərbaycanda da bəzi problemləri gündəmə gətirib.
Modern.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fevralın 6-da keçirdiyi mətbuat konfransında bir sıra məsələlərdən danışıb.
Q.Yetirmişli Azərbaycanda fəlakətli zəlzələnin gözlənilmədiyini qeyd edib.
Amma o, çox ciddi bir məsələnin üstünü açıb.
“2019-cu ilə qədər aparılan inşaat işlərində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunurdu. İndi belə müraciətlər almırıq”, - deyən Qurban Yetirmişli həyəcan təbili çalıb.
O qeyd edib ki, müraciətlər olanda mərkəz əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər:
“Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur”.
Q.Yetirmişli deyib ki, 8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır. Bu zaman xüsusi dəmir-beton sütunlar, onların ölçüləri, armaturlar və digər məsələlər nəzərə alınmalıdır.
"Əgər 8 ballıq zonada bina 1 milyon manata başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri isə əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər".
Qurban Yetirmişli binaların bir-birinə yaxın tikilməsinin təbii fəlakətlər zamanı yarada biləcəyi çətinliklərindən də danışıb:
“Birmərtəbəli binanı söküb, yerində çoxmərtəbəli bina tikirlər, amma yanğınsöndürənlərin, xilasedicilərin gəlməsi üçün yol saxlamırlar. Bu, ciddi problemdir”.