
Bu gün Şərqdə ilk demokratik respublikanın qurulmasından 95 il ötür. Düz 95 il öncə, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əsası qoyulub. Bu, Şərqdə və ümumilikdə türk-müsəlman dünyasında ilk parlamentli respublika idi.
1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının üzvləri Tiflisdə ayrıca iclas keçirib və Azərbaycanın müstəqilliyini elan edib. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu Azərbaycan parlamenti elan edib.
1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət heyəti və sədri seçilib. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri olub.
Bir gün sonra - mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirilib. M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr) Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Nəriman bəy Nərimanbəyov, Sultan Məcid Qənizadə, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Xosrov Paşa bəy Sultanov və Şuranın digər üzvləri (ümumilikdə 26 nəfər) Azərbaycanın İstiqlal Bəyənnaməsini qəbul ediblər.
Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
Azərbaycan Milli Şurası həmin iclasında, Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq edib. İlk Müvəqqəti Hökumət bu tərkibdə idi:
Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov - hərbi nazir
Məmməd Həsən Hacınski - xarici işlər naziri
Nəsib bəy Usubbəyov - maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri
Məmməd Yusif Cəfərov - ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri
Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt -teleqraf naziri
Camo bəy Hacınski - dövlət nəzarətçisi.
Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti paytaxt kimi müvəqqəti olaraq Gəncə şəhərində yerləşib. Çünki Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində idi.
1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad edib və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb.
Lakin Şərqin ilk demokratik cümhuriyyətin hakimiyyəti 23 ay sürüb. O 1920-ci il aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib.
Nəhayət 71 il sonra-1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərək Xalq Cümhuriyyətinin ideyalarını davam etdirib, yeni müstəqil Azərbaycan Respublikası yaradılıb.
A.Qorxmaz