Modern.az

Milli Şura... Bu dəfə kim vəzifəsini, deputatlığını, azadlığını itirəcək?

Milli Şura... Bu dəfə kim vəzifəsini, deputatlığını, azadlığını itirəcək?

28 May 2013, 15:21

Elan vermişdilər ki, mayın 28-də Milli Şura elan olunacaq. Çox möhtəşəm səslənirdi: “Elan olunacaq”.  Səhərdən oturmuşam kompüterin qabağında. Səbirsizliklə gözləyirəm. Elan olunmur ki, olunmur. İndi də xəbər gəldi ki,  Milli Şuranın elan olunması təxirə salındı. Mən başa düşmədim oyun oynayırsınız? Elan edin bilək də... sizin təbirinizcə desək, gələcəyimiz kimdir? Növbəti beşillikdə Xalqımıza kim rəhbərlik edəcək? Elan etməyəcəksinizsə, işimi bilim. Çünki prezident seçkilərində mənim öz namizədim var. İyunun 15-də elan etmək istəyirəm. Ciddi sözümdür. Özü də birbaşa evimdən. Mətbuat vasitəsiylə. Novxanıya getməyə ehtiyacım yoxdur.

Siz işi uzadınca bir hadisə yadıma düşdü. Parlament seçkiləri öncəsiydi. Dedilər Rəsul Quliyev Amerikadan gəlir. Artıq ordan çıxıb da. Bütün televiziya, radio kanalları, qəzetlər başladılar canlı reportajlar yaymağa. Təyyarə artıq Bakıya yaxınlaşırdı. Hava gəmisi Azərbaycan sərhədlərini keçəndə səmada xalqımızın “azadlıq  günəşi” doğmağa başladı. Hava gözəlləşdi. Dedim ki, indi təyyarədən düşəcək. Hamıya nümayişkaranə əl edəcək. Qoluna qandal vurub aparacaqlar Bayıl türməsinə. Camaat da onun müdafiəsinə qalxacaq. Hakimiyyət də məcbur olub onu azad edəcək. Yeni “xilaskar” obrazı yaranacaq. Amma belə olmadı.  Demə təyyarəni sürən Bakı avtoşlarından biriymiş. Xaricdə belə şeylərə pis baxırlar, axı. Cəzası da böyükdür.  Ona görə də Binə aeroportuna “zmeyka” eləməyə gəlib. Elədi də. Çox uğurlu alındı. “Zmeyka” edib təzədən qayıtdı Amerikaya. Heç benzin də doldurmadı. Dedi ki, Rəsulun vaxtında benzini təmiz buraxırdılar, indi isə qaz qarışdırırlar. “Paleslər” vurar.

Bu “zmeykadan” sonra 2 alimimiz türməyə getdi. Bir Xalq yazıçımız ona “dostum” deyib deputatlığa həsrət qaldı. İki vəzifəli adamımz da həm vəzifəsini itirdi, həm də azadlığını. Ətrafı da qaldı əziyyətdə. Amma deyəsən Milli Şurada təmsil olunacaq adamlar doğurdan da savadlı insanlarmış. Mirzə Fətəli Axundovun da yaradıcılığını gözəl bilirlər. “Aldanmış kəvakib”i dəfələrlə oxuyublar.

Milli Şura elan olunmadı. Mən isə səhərdən oturmuşam kompüterin qabağında. Qulağım səsdədir. Görüm bu dəfə hansı lox türməyə gedəcək, hansı nazir vəzifəsini itirəcək, hansı ziyalı deputatlıqdan məhrum olacaq.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!