Bu gün “El” hərəkatının təcili toplantısı keçirilib. Modern.az-ın məlumatına görə, toplantıda bu gün elan olunması nəzərdə tutulan Milli Şura ilə bağlı bəyanat qəbul edilib.
Bəyanatda qeyd olunur:
“El hərəkatı Milli Şuranın elan edilməsini olduqca vacib sayır. Milli Şura Azərbaycan siyasi həyatının ən vacib rola malik qurum ola bilər. İctimai maraq sübut edir ki, Milli Şuranın yaradılması bu gün sosial sifarişdir. Ancaq istər müxalifət, istərsə iqtidar düşərgəsindən bu ideyanın gerçəkləşməsinə mane olan qüvvələr var. Biz bütün bu cəhdləri Azərbaycanın milli mənafelərinə qarşı yönələn cəhd kimi dəyərləndiririk.
El hərəkatı bu duruma qətiyyətlə etiraz edir, 28 May kimi əlamətdar bir gündə Milli Şuranın elan edilməsinin vacibliyini bəyan edir. Qoy bu işə mane olanlar öz məsuliyyətlərini dərk etsinlər, tarix qarşısında milli birliyə mane olduqları üçün məsuliyyət daşıyacaqlarını anlasınlar”.
Anar RÜSTƏMOV