Bu gün Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri bitdikdən sonra müxalif siyasi qüvvələrin təmsilçiləri - ACP (Sülhəddin Əkbər), ALP (Əvəz Temirxan), AXCP (Əli Kərimli), KXCP (Bəybala Əbil), EL (Eldar Namazov) və Müsavat (İsa Qəmbər) partiyaları rəhbərlərinin görüşü keçirilib.
Modern.az saytı "musavat.com"a istinadən xəbər verir ki, axşam saat 22:00-a qədər davam edən görüşdə Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri müzakirə olunub. Müzakirələrə telefon və skaypla Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu da qatılıblar. Geniş məsləhətləşmələr nəticəsində Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi razılaşdırılıb.
Beləliklə, 28 may Respublika günündə Demokratik Qüvvələrin Milli Şurasının yaradılması barədə qərar qəbul edilib. Ən yaxın günlərdə Milli Şuranın ilk toplantısı keçiriləcək, Milli Şuranın bəyannaməsi və tərkibi xalqa təqdim ediləcək.
AXCP sədri Əli Kərimli də özünün Facebook səhifəsində Milli Şuranın yarandığı barədə məlumat paylaşıb. AXCP sədri yazıb:
"Uzun və hərtərəfli müzakirələrdən sonra Milli Şuranın yaradılması haqda qərara gəldik. Ölkənin real müxalifət partiyaları, tanınmış ziyalıları, vətəndaş cəmiyyətinin öncülləri, inanclı kəsimin təmsilçiləri, gənc liderlər Milli Şurada birləşdilər. Yaxın günlərdə Milli Şuranın bəyannaməsi və tərkibi elan olunacaq".
Ə.Kərimli bildirib ki, Milli Şura bütün demokratik qüvvələrin, fəal vətəndaşların təşkilatlanaraq, azad və ədalətli seçkilər uğrunda dinc və kütləvi mübarizəyə səfərbər olunmasını təmin edəcək.