Mayın 29-dan iyunun 1-inədək Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forum Azərbaycan prezidenti İlham Əliyevin himayəsi ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında baş tutacaq.
Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.
Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı da keçiriləcək.
Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə forum hər iki ildə bir dəfə Bakıda keçirilir. Tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.
Modern.az