Türkiyəli məşhur jurnalist, "Babala TV"nin rəhbəri Oğuzhan Uğur zəlzələ bölgəsinə gedib.
Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.
"Təyyarədən düşən kimi insanlar ətrafımı əhatəyə aldı. Biri "çörək yoxdur" deyir, digəri isə su. Bir qadın ağlayaraq yanıma qaçır və "atam dağıntıların altındadır" deyir, başqası "yardım edin!" deyə bağırır. Ey xalq! Qətiyyən dağıntılar altından çıxan insanları şirin musiqilərlə bəzəyib (zəlzələ ilə bağlı paylaşılan videolarda dağıntılardan sağ çıxarılan insanların emosional görüntüləri nəzərdə tutulur - red.) gerçəkdən uzaqlaşmayın! Gözünüz-qulağınız, ağlınız-fikriniz burada olsun", - deyə jurnalist qeyd edib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3549 nəfər həyatını itirib, 22 168 nəfər isə yaralanıb.