Modern.az

YAP-dan Milli Şura AÇIQLAMASI: “Rusiyanın 5-10 manatına göz dikənlərə sözümüz yoxdur”

YAP-dan Milli Şura AÇIQLAMASI: “Rusiyanın 5-10 manatına göz dikənlərə sözümüz yoxdur”

29 May 2013, 13:12

“Azərbaycanın daxilində, xaricində, dünya miqyasında YAP və onun namizədinə rəqib ola biləcək bir şəxs, qurum yoxdur”. Bunu Modern.az-a aşıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifətin dünən elan etdiyi Milli Şuranın prezident seçkilərində iştirakla bağlı perspektivini şərh edərkən bildirib.

YAP funksionerinin sözlərinə görə, hakim partiya hansı qurumun yaranmasından və orda kimlərin iştirak etməsindən asılı olmayaraq, xalqa xidmətindədir.

“Bu istiqamətdə işlərimizi də davam etdiririk. Fəaliyyətimizin nəticəsi də ondan ibarətdir ki, Azərbaycan xalqı Heydər Əliyev siyasətinin davam etdirilməsini tələb edir. Xalq bizim işlərimizi çox yüksək qiymətləndirir. Biz ictimaiyyətlə görüşlərdə də bunun şahidi olduq”-deyə o, vurğulayıb.

Partiya rəsmisi müxalif qüvvələr barədə də sərt sözlər söyləyib. “Onların hamısına Azərbaycan xalqı nifrət bəsləyir. Çünki onların iç üzünü yaxşı tanıyırlar. Həmin qüvvələrin hansı təşkilata keçməsindən, adlarını və rənglərini neçə dəfə dəyişmələrindən asılı olmayaraq, Azərbaycan xalqı bunları yaxşı tanıyır”.

Millət vəkilinin fikrincə, digər partiyalar qəzet səhifələrində gurultulu çıxış etsələr də, indiyə qədər öz namizədlərini müəyyənləşdirə bilməyiblər. “Hələ bilmirlər ki, kim çıxacaq ortaya. Bu baxımdan öz namizədlərini müəyyənləşdirə bilməyən, Rusiyanın müəyyən dairələri tərəfindən alınan 5-10 manata göz dikən, Azərbaycan xalqının maraqlarını satan bu insanlara xalq nə deyə bilər? Yalnız bu insanlara nifrət edə bilər. Ona görə də Azərbaycan seçiciləri yekdilliklə YAP-ın namizədi, prezident İlham Əliyevə səs verəcək”.

S. Novruzov "Milyarderlər ittifaqı" ilə Milli Şuranın əlaqələrinin olması barədə deyilənlərə isə belə münasibət bildirib: “Onların əlaqəsinin olub-olmaması barədə bir şey bilmirəm. Ancaq Rusiyanın müəyyən dairələrindən Azərbaycan xalqının maraqlarını satdığına görə 5-10 manat verirlər”.

Xatırladaq ki, Milli Şura may ayının 28-də, Respublika Günündə elan olunub.

Aqşin KƏRİMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama