Sadıq Elcanlı
«Ədəbi-dram verilişləri»
baş redaksiyasının baş redaktoru
Ciddi, tarixi uğurlar
Azərbaycan Televiziyasının «Ədəbi-dram verilişləri» baş redaksiyası son illər yaddaqalan uğurlu verilişləri ilə seçilib, ənənələrin davam və inkişafına nail olaraq keyfiyyətli yaradıcılıq axtarışları və tapıntıları ilə diqqəti cəlb edib. Oğuz qrupuna daxil olan türk xalqlarının 1500 illik poeziya sərvətini xronoloji ardıcıllıqla təqdim edən «Poeziya», dünya ədəbiyyatının ən uca zirvələrinə, sənət şedevrlərinə həsr olunan «Ədəbi abidələr», teleməkanımızda analoqu olmayan «Azərbaycan dili» elmi-publisistik proqramı, böyük söz xəzinəmizi, ədəbi, milli-mənəvi dəyərlərimizi tam yeni biçimdə özümüzə və dünyaya təqdim edən «Klassik irsimizdən», bütün zamanların problem və uğurlarımını soraqlayan «Zamanın sorağında», teleauditoriyaya xoş ovqat ünvanlayan «Ovqat», qədim-qayım ellərimizin yaddaş yollarından keçən, o yolların etnoqrafik yaddaşını ekranlara gətirən «Yurd yeri», tarixi, müasir mədəniyyət dünyamıza üz tutan «Qobustan» və başqa verilişlərimiz (il ərzində bütövlükdə 225 saatdan artıq həcmdə!) tamaşaçılarla maraqlı ünsiyyət qurub, xalqımıza layiqincə xidmət göstərib və göstərməkdədir.
«Poeziya» verilişinin 200-dən artıq buraxılışı tamaşaçılara təqdim edilib. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın apardığı bu veriliş nəinki Azərbaycanda, nəinki Şərqdə, cəsarətlə deyə bilərik ki, bütün dünyada maraqla qarşılanıb, fərəhləndirici əks-səda yarada bilib. Bunu verilişin ünvanına gələn çoxsaylı məktublar, faks və teleqramlar, Moskvadan professor Tofiq Məlikli, İrandan doktor-professor Cavad Heyət, Almaniyadan məşhur alim Əhməd Şmide və digər görkəmli ədəbi, elmi şəxsiyyətlərin söhbətləri, mətbuatda dərc edilən məqalələr, müsahibələr də təsdiqləyir. «Poeziya» verilişi şablon, qəliblənmiş ədəbiyyatşünaslıq, standart «televiziyaçılar» yollarıyla getmir, ədəbiyyat tariximizi tam dolğunluğuyla, olduğu kimi, bütün görünən və görünməz tərəfləri, aşkar gizlinləriylə birlikdə təqdim edir. Orxon-Yenisey abidələrinin poetik strukturuyla, dahi Xaqaninin təxəllüsü və həbsiylə, M.F.Axundzadənin M.Füzuliyə münasibətinin incə məqamlarıyla, Mir Həmzə Seyid Nigari şəxsiyyətinin gizli tərəfləriylə, Hüseyn Cavidin və digər on bir ziyalının gənc yaşlarında Türkiyə səfərinin sirli səbəbləriylə, eləcə də ədəbiyyat tariximizin bir sıra boş, unudulan səhifələrinin həqiqi məzmunuyla tamaşaçılar ilk dəfə məhz «Poeziya» verilişində tanış ola bildilər. Bu, poeziya tariximizin həqiqətlərini gündəmə gətirən, onu bu günün ədəbi-elmi təfəkkür səviyyəsində yenidən sistemləşdirən, kütləyə yox, məhz xalqa ünvanlanan verilişdir. Və məhz bu unikal özəlliyinə görə nüfuzlu ədəbiyyat, elm, mədəniyyət adamları «Poeziya» verilişini Azərbaycan, ümumən genişmiqyaslı türkdilli teleməkanda analoqu olmayan telehadisə adlandırırlar...
Ədəbiyyat və incəsənət yollarıyla dünyaya çıxmaq, dünyanın səsini-sözünü Azrbaycan Televiziyasının ekranına gətirmək «Əbədi abidələr» verilişinin əsas hədəflərindən biridir. Bu veriliş vasitəsilə Homerin «İliada» və «Odisseya»sı, 3500 yaşlı hind dastanı «Mahabharata», Şumer dastanı «Bilqamıs», 1000 yaşlı «Manas» eposu, V.Şekspirin «Hamlet»i, «Molyer» komediyası, A.Dantenin «İlahi komediyası», İ.V.Getenin «Faust»u, Leonardo da Vinçinin sənət dünyası, 2550 yaşlı Çin dahisi Konfutsinin fəlsəfi düşüncələri, «Avesta» hikmətləri, M.Nostradamus möcüzələri, Lev Tolstoy, Fyodor Dostoyevski, Teodor Drayzer, Uilyam Folkner, Onore de Balzak, Ernest Heminquey, Bunin, Bronte bacıları, M.Selimoviç... nəsri, 800 yaşlı Mövlana Cəlaləddin Rumi poeziyası və sadalamadığımız digər çoxsaylı ədəbi-mədəni incilər gəldi ekranlarımıza. Bu, kitab mütaliəsinin az qala yox olduğu bir vaxtda boşluğu layiqincə dolduran unikal telehadisədir. Xatırladaq ki, «Ədəbi abidələr» verilişinin 230-dan artıq sayı efirə gedib…
Qərəzsiz, vicdanlı ədəbiyyat adamları, sənətşünaslar, telemütəxəssislər görür, bilir və etiraf edirlər ki, Azərbaycan Televiziyasının bütün tarixində ədəbiyyat verilişləri heç vaxt indiki kimi sistemli, genişmiqyaslı, elmi-konseptual istiqamətli olmayıb. Misal gətirdiyimiz ikicə veriliş timsalında bunu aşkar şəkildə görmək, dəyərləndirmək mümkündür. O ki qaldı qərəzli, vicdansız yanaşmalara, bütün uğurlara qara eynəklə baxıb, hər şeyə qara yaxmalara, belə səviyyəsiz, subyektiv sayıqlamalara cavab verməyə ehtiyac yoxdur, atalar demişkən, it hürər, karvan keçər…