Bu gün günorta saatlarında həbs edilən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun kimlər tərəfindən tutulması və harada saxlanılması məlum deyil. Bu barədə Modern.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi İsgəndər Həmidovun harada saxlanılması ilə bağlı onların müraciətini cavablandırmayıb.
“Daxili İşlər Nazirliyinə, Nərimanov rayon polis idarəsinə müraciət etmişik. Heç kim bizə İsgəndər bəyin yerini bildirmir. Biz də qalmışıq belə. Vəkil qalıb ortada bilmir hara getsin. Ombudsman aparatı ilə əlaqə saxladıq ordan bizə söz verdilər ki, köməklik göstərəcəklər Daxili İşlər Nazirliyində isə bir tək onu dedilər ki, araşdırıb məlumat verəcəyik”-deyə N.Cəfəroğlu bildirib.
Millətçi Demokratlar Partiyasının sədri Qələndər Muxtarlı da silahdaşı İsgəndər Həmidovdan məlumatsız olduğunu bildirib.
“İsgəndər Həmidovun həbsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib. İsgəndər bəyin harada saxlanılması bəlli deyil. Hüquq müdafiəçiləri, vəkillər məsələ ilə bağlı iş görürlər”.
Qeyd edək ki, bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər Nərimanov rayonunda yerləşən Montin bağında sabiq daxili işlər naziri İsgəndər Həmidovu saxlayaraq özləri ilə aparıblar.
Anar RÜSTƏMOV