Modern.az

Naxçıvanda kütləvi köç? – Deputatlar: “Bu şişirtmədir”

Naxçıvanda kütləvi köç? – Deputatlar: “Bu şişirtmədir”

Təhsil

29 May 2013, 18:07

“Naxçıvanı kütləvi şəkildə tərk edən yoxdur”. Bunu Modern.az-a millət vəkili Fazil Mustafa deyib. ““Muxtar Respublika blokada şəraitində olduğundan işsizlik problemi yaşanır. Əhalinin hər hansı bir şəkildə tam təminatını yerinə yetirmək çətindir. İş yerləri demək olar ki, yetərli səviyyədə deyil. Avtomobil zavodu, ictimai iaşə obyektləri açıldı. Amma İranla sərhədin bağlanması, 45 kilometr məsafənin qoyulması müəyyən problemlər yaratdı. Hesab edirəm ki, buradan başlamaq lazımdır. Ticarət əlaqələri azaldıqca əhalinin pul gəlirləri də azalır. Biri var İrandan 45 kilometrlik viza tətbiq olunmayanda daha rahatlıqla gəlirdi və müəyyən müəssisələrin işləməsi mümkün olurdu. İrandan gələnlərin xərclədiyi vəsaitlərin hesabına da bölgənin müəyyən hissəsi dolana bilirdi. Məhdudiyyətlər çoxdur. Kütləvi şəkildə köçmə məsələsi yoxdur. Amma Türkiyədə işləyən çox sayda Naxçıvan sakini var. Çünki orada iş imkanları Naxçıvandan daha çoxdur”, – deyə F. Mustafa muxtar respublikadan kütləvi köç barədə iddiaları şərh edərkən qeyd edib.

Naxçıvanlı deputat Eldar İbrahimov isə yayılan məlumatları şayiə adlandırıb. O bildirdi ki, Naxçıvanda gedən abadlıq, quruculuq işlərini gözü götürməyənlər belə fikirlər yayırlar: “Naxçıvanda iş yeri də var, sakinlər də işləyir. Əksinə, Naxçıvanda əhali Azərbaycanın başqa bölgələrindən daha yaxşı yaşayır. Kimsə Türkiyəyə gedə, gələ bilər. Amma kütləvi şəkildə Naxçıvanı tərk etmək kimi bir şey yoxdur. Yayılan fikirlər əsassızdır. Çünki uzun illərdir Bakıya köçüb gələnlər artıq Naxçıvanda olan quruculuq, abadlıq işlərinə, oradakı yaxşı yaşayış şəraitinə görə, Naxçıvana köçüb gəlirlər nəinki Naxçıvandan köçüb gedirlər”.

Magistr təhsilinin Naxçıvanda başa vuran “Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov isə hesab edir ki, orda təhsil aldığı müddətdə kütləvi şəkildə kiminsə Türkiyəyə köçdüyünün şahidi olmayıb: “Mən əslən nə naxçıvanlıyam, nə də hazırda Naxçıvanda qohum-əqrəbam, vəzifədə olan bir yaxınım yoxdur. Sadəcə 2005-2007-ci illərdə magistr təhsilimi Naxçıvan Dövlət Universitetində almışam. Ora qəbul olanda mənə də ətrafımdakı bəzi adamlar Naxçıvana getməməyi məsləhət görürdülər. Səbəb kimi isə burada Naxçıvan barədə bəzi şayiə, dedi-qodu xarakterli söz-söhbətləri, cızma qaraları göstərirdilər. Orda olduğum müddətdə kütləvi şəkildə kiminsə Türkiyəyə köçdüyünün şahidi olmamışam. Lakin necə ki, Azərbaycanın Şimal bölgəsində yaşayan bəzi vətəndaşlar sərhəddə yaxın olan Dağıstana, Rusiyaya işləmək üçün gedirlər, yaxud Cənub bölgəsində yaşayanlar İranla ticarət əlaqələri qururlar, eləcə də Naxçıvan sakinlərindən bir qrupu işləmək üçün Türkiyəyə gedir, yaxud İranla yüngül ticarət əlaqələri qururlar. Ancaq bu heç də o demək deyil ki, bütünlükdə Naxçıvan əhli işsizlikdən Türkiyəyə köçüb”.

Bölgədə insanlarla davranışa gəlincə, jurnalist bildirdi ki, əsas problem harada yaşamasından olmayaraq, bəzi adamların özündədir: “Necə olur ki, mən, eləcə də Lənkəran və Masallı rayonundan olan iki magistr yoldaşım (hazırda onların hər ikisi ixtisasına uyğun olaraq vergilər nazirliyində çalışırlar) Naxçıvanda day-daysız, tapşırıqsız sərbəst şəkildə həm oxuyur, həm də iş təklifi ala bilirdik, ancaq bəzi ağzıgöyçəklərin iddia etdiyi kimi, naxçıvanlı orada iş tapa bilmirdi? Axı onlar burada çoxdan yaşayırlar, üstəlik yaxşı əlaqələri, qohum əqrəbaları da var. Fikrimcə, əsas problem harada yaşamasından olmayaraq, bəzi adamların özündədir. Bundan başqa, mənimlə birlikdə magistraturada oxuyan naxçıvanlı gənclərin hamısı bu dəqiqə müəyyən dövlət strukturlarında məsul vəzifədədirlər. Əgər iş-güc yox idisə onlar da Naxçıvandan gedərdilər”.

   Gültəkin Ələsgər 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama