Modern.az

Din xadimi olmaq istəyən qadınların NƏZƏRİNƏ

Din xadimi olmaq istəyən qadınların NƏZƏRİNƏ

Mədəni̇yyət

10 Fevral 2023, 16:37

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 13-15 fevral tarixlərində İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti dəfə müsahibə keçirəcək.

 

Bu barədə Modern.az-a Dövlət Komitəsindən məlumat verilib.

 

Ötən ilin 25 oktyabr-25 noyabrda elan edilən müsahibənin bu mərhələsində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün müraciət edən namizədlərin seçimi aparılacaq. Qadın din xadimləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala və Quba şəhərlərdə, eləcə də Lənkəran rayonunda yerləşən 7 vakant yer üzrə 71 müraciət qeydiyyata alınıb.

 

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilib.

 

Müsahibənin nəticələri isə keçirildiyi gün ərzində Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı təyin olunacaq.

 

Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü