Modern.az

Bir video ilə karyerası məhv olan məşhur siyasətçi...

Bir video ilə karyerası məhv olan məşhur siyasətçi...

Aktual

11 Fevral 2023, 12:10

Türkiyənin məşhur siyasətçisi, ölkənin ana müxalifət partiyası CHP-nin sabiq sədri Dəniz Baykal dünyasını dəyişib. 

 

Modern.az bir vaxtlar Türkiyə siyasətinin aparıcı simalarından olan Baykalın dosyesini təqdim edir:

 

Dəniz Baykal 20 iyul 1938-ci ildə Türkiyənin Antalya şəhərində anadan olub. 1952-ci ildə Antalya Atatürk məktəbindən, 1955-ci ildə isə Antalya liseyindən məzun olub. Baykal Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1959-cu ildə ali məktəbi bitirib. Bir il sonra Ankara Universitetinin Siyasi Elmlər fakültəsinə assistant kimi qəbul olunub. 1963-cü ildə doktarantura işini tamamlayan Baykal daha sonra Amerikaya gedib. O təhsillə bağlı işlərini Kolumbiya və Berkeley universitetlərində davam etdirib.

 

 

Bir çox kitab və məqalələrin müəllifi olan Baykal 1960-cı illərdə Demokrat Partiyasına qarşı yaradılan tələbə hərakatlarına qatılmaqla siyasətə qədəm qoyub. Cümhuriyyət Xalq Pariyasının (CHP) 1965-ci il seçkilərində məğlubiyyətini analiz edib. Bununla o, CHP rəhbərliyinin diqqətini çəkməyi bacarıb. Beləliklə, 1968-ci ildə CHP-yə üzv olmaqla aktiv siyasi fəaliyyətə başlayıb. 

 

14 oktyabr 1973-cü il seçimlərində CHP 185 millət vəkili ilə birinci olub. CHP-nin favoritləri siyahısında yer alan Dəniz Baykal partiyanın Antalyadan deputatı seçilib. 1974-cü ildə yaranmasında iştirak etdiyi Bülent Ecevit hökumətinin maliyyə naziri olub.

 

1977-ci ilin 5 iyun tarixində yeniden Antalyadan millət vəkili seçilən D.Baykal bir il sonra enerji və təbii resurslar naziri təyin edilib. 

 

1982-ci il konstitusiyasına görə, onun 5 il müddətində siyasətlə məşğul olması qadağan edilib. 1983-cü ildə siyasi partiyaların fəaliyyət göstərməsinə icazə verilib. Baykal bu zaman yenidən siyasətlə məşğul olmaq istəsə də, nəzarətə götürülüb. 1987-ci ildə qadağa aradan qalxdıqdan sonra Baykal Sosial Demokrat Xalqçı Partiyaya keçib. Bu partiyadan da Antalya millət vəkili seçilib. SHP-də ilk olaraq sədr müavini, daha sonra sədr olub. Lakin burada da çox qalmayıb. 10 sentyabr 1990-cı ildə partiyada hökm sürən fikir ayrılığını səbəb gətirərək, sədrlikdən istefa edib.

 

Dəniz Baykal Antalya millət vəkili kimi Türkiyə Avropa Birliyi Qarışıq Parlamenlərarası Komitənin sədri vəzifəsini icra edib. Avropa Şurası Parlamentarilər Məclisinin üzvlüyünə seçilib. TBMM xarici işlər şurasının üzvlərindən biri olub.

 

1992-ci ilin iyulunda bağlanmş siyasi partiyaların yenidən fəaliyyətinə icazə verən qərardan sonra CHP-yə keçib. Həmin ilin sentyabrında partiyanın sədri seçilib. Bu zaman onun 54 yaşı olub. 10 may 2010-cu ildə qeyri-etik görüntüləri yayılan Baykal siyasi müstəvidə böyük qalmaqal predmetinə çevrilib. O, haqqında yayılan iddialara etiraz olaraq CHP sədri postundan istefa verib və həmin vaxtdan aktiv siyasətdən uzaq düşüb. Daha sonra onun səhhətində ciddi problemlər yaranıb. 

 

D.Baykalın 2 övladı, 3 nəvəsi var.

 

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı