Qubalıları Milli Məclisdə təmsil edən Vahid Əhmədov rayondakı ofisində seçicilərini qəbul edərək, onlarala görüşüb. Bu barədə Modern.az-a deputat köməkçisi Arif Orucov məlumat verib. Ən azı ayda bir dəfə qəbul aparan millət vəkili bu dəfə də qəbul üçün Qubadan və ətraf rayonlardan ofisə gəlmiş bütün vətəndaşları təkbətək qəbul edib. Ümumilikdə 32 nəfəri qəbul edən millət vəkili onların problemlərini dinləyərək, həlli üçün vacib olan tədbirləri müəyyən edib. Qəbul zamanı ən çox qaldırılan məsələlər sırasında işsizlik və iş yerlərinin az olması, son zamanlar təbiət hadisələri nəticəsində əhaliyə dəyən ziyanın aradan qaldırılması istiqamətində görülən işlərin sürətləndirilməsi imkanları, imkansız ailələrə müxtəlif yardımların olunmasında rast gəlinən bürokratik əngəllər və ya məmur özbaşınalıqları, illərlə həll olunmayan - meyvə bağları üçün nəzərdə tutulmuş dərman preparatlarının keyfiyyəti məsələsi və s. bu kimi problemlər olub. Bir çox məsələlər yerindəcə, rayon idarə və müəssisələrinin rəhbərləri ilə operativ təmaslardan sonra həllini tapıb ki, bu da seçicilər tərəfindən böyük razılıqla qarşılanıb. Yerdə qalan digər məsələlərin həlli üçün tədbirlər müəyyənləşdirilib, həllinə nəzarət deputat köməkçisinə həvalə edilib. Qəbul bitdikdən sonra Vahid Əhmədov rayonun icra başçısı Mübariz Ağayevlə birgə rayonda geniş vüsat almış təmir-tikinti işləri ilə yerində maraqlanıb, rayon İcra Hakimiyyəti üçün yeni inşa olunan binada, Gənclər evində, Bayraq meydanında və Yaşıl Teatr kompleksində tikintinin gedişatı ilə tanış olub. Qeyd etmək lazımdır ki, çox yaxın vaxtda yuxarıdakı obyektlərdə daxil olmaqla 28 yeni obyektin istifadəsi nəzərdə tutulub.







Modern.az