Modern.az

Karate yığmamızdan uğurlu nəticə - FOTOLAR

Karate yığmamızdan uğurlu nəticə - FOTOLAR

11 Fevral 2023, 14:00

Kiprdə gənclər arasında karate üzrə 50-ci Avropa çempionatı başa çatıb.

 

Modern.az xəbər verir ki, çempionatda 48 ölkədən 1114 döyüşçü mübarizə aparıb. Qitə birinciliyi uğrunda mübarizə aparan ən güclü komandalardan biri ümumi hesabda 4-cü yerdə qərarlaşan Azərbaycan yığması olub.

 

Yığmanın üzvləri Vətənə 6 medalla qayıdıblar: üç qızıl - Aysu Əliyeva (59 kq), Fərid Savadov (55) və Eminağa Quliyev (60), bir "gümüş" - Gülay Orucova (54) və iki "bürünc" - Rəhim Əzim ( + 70) və Hüseyn Məmmədli (67).

 

Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev yarışla bağlı təəssüratlarını bizimlə bölüşüb:

 

“Dördüncü yerdə qərarlaşmaq yaxşı nəticədir. Ancaq bir sıra səbəblər olmasaydı, hər şey daha yaxşı ola bilərdi. İdmançılarımızdan biri yarışdan bir gün əvvəl 39 dərəcə hərarətlə yataqda yatırdı. Belə bir günün səhəri 4-5 döyüş keçirmək çox çətin oldu. Əlbəttə, bu yarışın yekun nəticəsinə təsirsiz ötüşmədi. Həm də keçən ilin Avropa çempionu olan Hüseyn Məmmədliyə qarşı yarımfinalda kobud hakim səhvi oldu. Karate kontakt döyüş sənətidir, burada hər şey millimetrlə həll olunur və hətta təcrübəli hakim belə səhv edə bilər. Yan 4  hakilmərin Hüseyn Məmmədlinin 3 xallıq ayaq zərbəsini orta hakim ləğv edərək cərimə verib. Onu finala vəsiqədən məhrum ediblər. Amma buna baxmayaraq Hüseyn fikrini cəmləyə bildi və mübarizə apararaq 3:0 hesabı ilə qalib gəldi. O, 3-cü yerə layiq görüldü.

 

Aysu Əliyeva çox böyük təəssürat yaratdı. Aysu son bir neçə ay nəsə inamsız çıxış edirdi. Sanki nəsə onun fikrini yayındırırdı. Lakin Larnakada o, bütün fikrini cəmləyərək rəqiblərindən üstün gəldi və Avropa çempionu adına layiq görüldü. O, bu yaş kateqoriyasında Azərbaycandan ilk Avropa çempionudur”.

 

Aysudan əlavə daha iki döyüşçümüz çempion olub: “Dünya və Avropa çempionu Fərid Savadov 2-ci dəfə Avropa çempionu, Dünya çempionu  Eminağa Quliyev isə 3-cü dəfə Avropa çempionu adına layiq görülüb. Onu da qeyd edim ki, F.Savadov 16-17 yaş kateqoriyasında yeganə dünya çempionumuzdur”.

 

Baş məşqçi qeyd edib ki, bu il Azərbaycanın da iştirakı ilə maraqlı və mühüm tədbirlərlə zəngin olacaq:

 

"Bu siyahıda 18-20 yaşlılar arasında oktyabr ayında keçiriləcək “World Combat Game” yarışı xüsusi yer tutur. Bu mötəbər yarışa lisenziya balları toplamaq üçün  bir neçə “Youth Liga” yarışları keçiriləcək. “World Combat Game” yarışına “Youth Liga” yarışlarında reytinqdə ilk sıralarda olan idmançılar lisenziya qazanmış olacaq. Ümid edirəm ki, ölkəmizi bir neçə döyüşçü təmsil edəcəyik".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək