Berlində YUNESKO çərçivəsində Bədən Tərbiyəsi və İdmana məsul Nazirlərin və Səlahiyyətli Şəxslərin 5-ci (MİNEPS V) Konfransı öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, konfrans 2 gün davam edəcək və konfransda ölkəmizi gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, nazirliyinin şöbəsinin müdiri İlham Mədətov, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin 1-ci katibi Eldar Məmmədovdan ibarət nümayəndə heyəti təmsil edir. İclasın rəsmi açılışında YUNESKO-nun Baş Direktoru İrina Bokova, Almaniyanın Federal Kansleri Angela Merkel nitq söyləyiblər. Tədbir çərçivəsində, Azərbaycanda və idman sahəsində gedən inkişafla bağlı film nümayiş etdirilib, Azərbaycan musiqisi səsləndirilib. Konfrans salonunun girişində yaradılmış Azərbaycan guşəsində tədbir günlərində iştirakçılara Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, tarixi barədə müxtəlif kitablar və disklər paylanılır.