Türkiyədə dəhşətli zəlzələnin baş verməsindən 7 gün keçir. Ölkənin 10 vilayətində dağıntılara səbəb olan təbii fəlakət zamanı indiyədək 25 minə yaxın insan həlak olub, 80 mindən çox yaralı var. Ən çox ölüm faktı Hatay, Kahramanmaraş, Adıyaman, Qaziantep, Osmaniye və Adanada qeydə alınıb.
Modern.az xəbər verir ki, hazırda uçmuş binaların dağıntıları altında axtarış-xilasetmə tədbirləri davam etdirilir. Zəlzələ zonasında xilasetmə əməliyyatlarına ümumilikdə 218 406 nəfər şəxsi heyət, 12 487 texnika cəlb olunub. Günlərlə dağıntı altında ac-susuz qalan bir neçə nəfər xilas olunsa da, ölüm sayının artacağı istisna edilmir. Sosial şəbəkələrdə və mətbuatda itkilərlə bağlı müxtəlif rəqəmlər də səsləndirilir. Bəzi ekspertlər ölü sayının 30-40 min civarında olacağını təxmin edirlər.
İctimaiyyətə təqdim olunan kadrlardan göründüyü kimi, təbii fəlakətin səbəb olduğu dağıntının miqyası olduqca böyükdür. Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, zəlzələdən sonra 10 vilayətdə 171 882 binada araşdırma aparılıb. 24 921 binanın ciddi ziyan dəydiyi müəyyən edilib. Qeyri-rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 11 min bina tamamilə yararsız hala düşüb.
Dağıntılar altında qalan şəxslərin sayına gəlincə, bununla bağlı Türkiyənin rəsmi qurumları hər hansı açıqlama yaymayıb. Hadisədən 7 gün keçməsinə baxmayaraq, rəsmi şəxslər dağıntı altında qalan insanların sayının dəqiqləşdirildiyini deməklə kifayətləniblər. Lakin qeyri-rəsmi informasiyalarda on minlərlə insanın hələ də uçqun altında yaşamaq uğrunda mübarizə apardığı deyilir.
Türkiyəli professor, zəlzələləri araşdıran Övgün Əhməd Ercan ölkəsində baş vermiş yeraltı təkanların əsl fəlakətə səbəb olduğunu deyib. Onun sözlərinə görə, dünyada belə nümunlər çox azdır.
“Dünya belə bir fəlakəti çox az görüb”, - deyən professor bildirib ki, təxmini hesablamalara görə, Türkiyənin zəlzələ bölgələrində 200 minə yaxın adam dağıntılar altında qalıb. Lakin qeyd olunan rəqəm rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
“Biz geofizika mühəndisləri bilirik ki, Türkiyədə zəlzələlər harada və təxminən hansı maqnitudada olacaq. 2001-ci ildə “Zəlzələ çağırışı” adlı kitab yazdım. Türkiyədə zəlzələ olacaq 33 yeri orada qeyd etdim. Bunlara Van, İsparta, Kahramanmaraş, Adana və Ceyhan daxildir. Hələ zəlzələni gözləyən yerlər də var. Təbii ki, biz həmin məlumatları siyasətçilərə də göndərdik ki, oxuyun. Amma zəlzələnin siyasəti, sağı, solu, dini və ya dinsizliyi yoxdur. Biz həmişə məlumat veririk. Bu, bizim borcumuzdur. Lakin tədbir görə bilmirik. Vaxtında qaydaya əməl etsəydilər, dağılmayan binalar inşa edərdilər. Ən dəhşətlisi odur ki, yeni tikilən binalar da dağılıb”, - deyə professor vurğulayıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Eyni zamanda Türkiyədə bir həftəlik matəm elan edilib.