STV-nin məhşur “Ayna” proqramının tanınmış aparıcısı Modern.az saytına müsahibə verdi
Türkiyənin “Samanyolu” telekanalının dünyaca populyar “Ayna” proqramının əməkdaşları Azərbaycana gəliblər. 1992-ci ildən bu yana dünyanın 145 ölkəsi ilə bağlı verilişlər hazırlayan “Ayna” proqramının 5 əməkdaşı var.
Onların Azərbaycana budəfəki gəlişi əvvəlkindən xeyli fərqlənir. Heyətin aktiv üzvlərindən olan Mehmet Saim Orhan budəfəki gəlişləri ilə bağlı Modern.az saytına ekskluziv açıqlama verib.
Müsahibimiz bildirib ki, 1992-ci ildən fəaliyyət göstərirlər:
- İndiyədək dünyanın 192 ölkəsinin 145- də olmuşuq.
Onu da qeyd edək ki, 2002-ci ildən Mehmet Saim Orhanın təşəbbüsü ilə “Ayna” proqramı yeni formatda işini davam etdirir.
Öncə həmsöhbətimizdən 145 ölkəyə səfərləri zamanı daha yadda qalan məqamlardan bir neçəsini danışmasını xahiş etdik.
Ancaq onun reaksiyasından anladıq ki, getdiyi hər bir ölkə, çəkdiyi hər bir süjet onun üçün əzizdir, birini digərindən fərqləndirməyin əleyhinədir.
“Bütün dünyada insanlar eynidir...”
O, “bizim üçün hər bir insan əzizdir. Onları fərqləndirmirik” deyə sualımızı cavablandırdı.
Yalnız getdiyi ölkələrdə təbiətin fərqliliyindən danışmağa üstünlük verdi.
Məlum oldu ki, bu “səyyah” üçün Brazilyanın təbiəti maraqlı olub. Eyni zamanda Kanada, Norveç təbiətinin gözəlliyindən danışdı. Norveçi günəş batmayan ölkə adlandırdı.
Afrika ölkələrinin isə onun üçün xüsusilə maraqlı olduğunu dilə gətirdi:
“Afrika bilirsiniz necə məkandır. Məncə bunu duymaq üçün mütləq orada olmaq lazımdır. Afrika elə bir məkandır ki, orada dünyanın modern məsələrindən heç bir əsər-əlamət yoxdur. Orada əhali çox aşağı səviyyədə yaşayır. O bölgəyə dəfələrlə səyahət etmişik, hər zaman eyni şeyin şahidi olmuşuq. On minlərlə insan günortadan bilir ki, axşam yeməyə bir şey tapmayacaq, ac yatacaq. Kiçicik müşahidə etməklə bunları duymaq olur. Onu da hiss edirsən ki, hansısa qüvvə bu insanların olan-olmazını sümürüb aparıb. Adam o bölgədə ürək ağrısı keçirir. İnsanlıq nədən yeməklə imtahana çəkilməlidir? Amma biz jurnalistik. Məsələnin həlli təbii ki, bizlik deyil. Sadəcə “Samanyolu” gerçəyi dünya çapına çıxarır”.
“Azərbaycanlılar çox səmimidirlər...”
Mehmet Saim Orhan deyir ki, bütün ölkələrdə insanlar eynidir, sadəcə, mədəniyyətlər, təfəkkürlər fərqlidir.
“Bəli, insanlar bütün dünyada eynidir onlar yalnız xaraktercə fərqlənirlər. Azərbaycan insanının ən gözəl cəhəti isə onun qonaqpərvərliyi, səmimiliyidir. Azərbaycanlılar çox yaxşı insanlardırlar. Biz 3 gündür ki, buradayıq. Bizi görən hər kəs “Qonağımız olun” deyirlər. Çox istiqanlısınız. Başqa ölkələrdə belə qonaqpərvərliyə rast gəlmək mümkün deyil. İndi burada Çağdaş Azərbaycanı tanıdan bir proqram hazırlayırıq. “Samanyolu” təkcə Türkiyədə deyil, əksər ölkələrdə yayımlanır. Hətta bizim “Ayna” proqramı ayrı-ayrı dillərə tərcümə olunaraq müxtəlif ölkələrdə nümayiş etdirilir. Hesab edirəm ki, bu mənada biz Azərbaycanı daha yaxşı və ətraflı tanıda biləcəyik. Bizim əsas hədəflərimizdən biri burada gedən dəyişiklikləri, inkişafı dünyaya çatdırmaqdır. Biz Azərbaycanı kənardan izləyirik. Azərbaycan bu gün inkişaf səviyyəsinə görə digər dünya ölkələrini xeli geridə qoyur. Buranın yemək mədəniyyəti çox yüksək səviyyədədir. Sizin ləvəngi, piti kimi yeməkləriniz bənzərsizdir. Bu yeməklərin necə hazırlanmasını dünyaya çatdıracağıq. Sizdə səhər yeməyinin də bir ayrı özəlliyi var... İçərişəhər bizim üçün çox maraqlı yerlərdən biridir. Mən Azərbaycana ilk dəfə 1996-cı ildə, ikinci dəfə 2005-ci ildə gəlmişdim. Üçüncü dəfə gəlişim indiyə təsadüf etdi. İnanılmaz inkişaf var ölkənizdə”.
”Heydər Əliyev bizə çox səmimi həmsöhbət oldu...”
“Biz 1996-cı ildə bura gələndə Azərbaycanın ümumilli lideri Heydər Əliyevdən bir reportaj hazırladıq. Çox səmimi həmsöhbət oldu. O, Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsində çox böyük işlər gördü. Bu gün isə bu əlaqələrin genişləndirlməsində Prezidentiniz İlham Əliyevin əvəzsiz xidmətləri var. Əlaqələrin çox yüksək səviyyədə olması ümumilikdə hər bizimizin xeyrinədir”.
“Azərbaycanı Orta Asiya ilə eyni tuturlar, amma…”
Mehmet Saim Orhan deyir ki, bəzi ölkələrdə Azərbaycanı Orta Asiya ölkələri ilə eyni səviyyədə tuturlar. Amma bura gəlib bu gözəllikləri görən biri artıq düşüncəsinin yalnış olduğu qənaətinə gəlir.
”Xarici ölkələrin inkişaf təcrübəsinin burda daha geniş şəkildə tətbiq olunduğunu görürük. İndi Azərbaycan yalnız özünün iqtisadi göstəriciləri ilə irəlidə deyil. Bu inkişaf mədəniyyətdə, ədəbiyyatda da özünü doğruldur. Sizin ədəbiyyatınızın möhtəşəm simaları var və bu simalarla Azərbaycan dünyaya çıxacaq qədər resursa maliksiniz”.
“Burda şeir bilməyən insan tapmaq çətindir”
”Elə biz də Azərbaycandakı son vəziyyəti dünayaya göstərmək üçün buradayıq. Heydər Əliyev iki ölkə arasında qardaşlıq münasibətlərinin yaranmasına çox böyük töhfələr verib. “Bir millət, iki dövlət” - bu fikirlər ona məxsusdur. Biz bütün dünyada bu fikri qəbul etdirməliyik. Bu gün İlham Əliyev bu yolu çox böyük şərəflə və uğurla davam etdirir. Dünyada 50 milyon azərbaycanlı yaşayır və bu da azərbaycanlıların dünyada yerini göstərən bir amildir. Biz bu məsələləri öz proqramımızda qeyd edəcəyik”.
“Modern Azərbaycanı dünya çapına çıxaracağıq”
”Azərbaycanın çox müasir və modern gəncliyi var. Muğam mədəniyyəti burada yüksək səviyyədədir. Biz proqramımızda Alim Qasımovun ifasına yer verəcəyik.
Azərbaycanda olduğumuz müddətdə təhsillə də maraqlandıq, universitetlərdə olduq. Azərbaycan təhsili ilə də öndə gedən ölkələr sırasındadır. Azərbaycan insanında gördüyümüz böyük keyfiyyətlərdən biri də insanlrın səmimi olmasıdır. Bu Azərbaycan xalqının xarakterik olan xüsusiyyətlərindən biridir”.
“Böyük ailə institutunuz var...”
“Dünyanın ayrı-ayrı ölkələrindən fərqli olaraq Azərbaycanda uşaqları 18 yaşına çatandan sonra evdə kirayəçi kimi saxlamırlar. Onlar üçün əllərindən gələni edirlər. Ev və digər problemlərini həll etməyə çalışırlar. Bu ailəcanlılğın böyük nümunəsi və böyük dəyərlərə sahib olan bir millət deməkdir. Ailə institunun burda bu şəkildə formalaşması ölkənizin dünyanın əksər ölkəsindən fərqli bir stiuasiyada olduğunun göstəricisidir. Eyni zamanda burada yaşlılara hörmət məsləsi də çox fərqlidir. Böyüklərə hörmət, onların dediyindən kənara çıxmamaq ciddi məqamlardı. Bu, həm də adət-ənənlərin yaşadılmasından xəbər verir. Qaldı ki, Azərbaycan qadınının obrazı məsləsinə, deyərdim ki, sizin xanımlarınız daha baxımlı və özlərinə qarşı diqqətcildirlər. Afrika, Asiya ölkələrində çətin vəziyyətədə olan qadınları görürük. Orada qadınlar ən çətin işlərdə çalışırlar. Evin bütün yükünü öz üzrələrinə götürürlər. Amma Azərbaycanda biz bunların əksini gördük”.
“Türkiyədə böyük yeriniz var...”
Bir məsələni də diqqətinizə çatdırım ki, Azərbaycanın və azərbaycanlıların Türkiyədə xüsusi yeri var. Bu, Türkiyənin ən böyük şəhərindən tutmuş ən kiçik kəndinə qədər hər yerdə özünün göstərir. Azərbaycanın sevinci bizim sevincimizdir”.
Sonda Mehmet Saim Orhandan Azərbaycanla bağlı hazırladıqları proqramda Qarabağla bağlı nələrin əks olunacağı ilə maraqlandıq. Müsahibimiz bundan əvvəl Azərbaycanla bağlı hazırlanan verilişdə qaçqın və köçkünlər, Ermənistanın Azərbaycan torpaqlarını necə işğal etməsi məsələsinə xüsusi yer verdiklərini dedi:
“Bu dəfə isə hədəfimiz modern Azərbaycanı dünyaya tanıtdırmaqdır”.
Pərvin ARZUQIZI