Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin internet portalının ("azerrosnn.ru") rəhbərliyi Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi Əbdürrəhman Vəzirovla bağlı yayımladığı qalmaqallı müsahibənin təfərrüatlarına aydınlıq gətirib. Bu barədə adı çəkilən redaksiyadan Modern.az saytına açıqlama verilib.
Bildirilib ki, Ə.Vəzirovun “Turan” Agentliyinə bugünkü açıqlamasına görə, guya, onun adından saxta müsahibə hazırlanıb və Azərbaycan KİV-lərində yayılıb. Vəzirov bu açıqlamada müsahibə vermədiyini bildirib və saxta müsahibənin ona aidiyyəti olmadığını bəyan edib.
“Azerrosnn.ru” saytının redaksiyası isə az öncə bununla bağlı rəsmi açıqlama verib. Modern.az saytına daxil olan açıqlamada bildirilib:
“Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibinin adından KİV-də yayılmış müsahibə tam səhihdir və Əbdürrəhman Vəzirovdan götürülüb. Bizdə olan müsahibənin audio yazısı 40 dəqiqə davam edir. Müsahibə zamanı təkcə jurnalistləri deyil, bütün Azərbaycan ictimaiyyətini maraqlandıran suallara cavablar əks olunub. Biz hələlik respublikada onsuz da gərgin ictimai –siyasi vəziyyəti nəzərə alaraq, müsahibənin siyasi məsələləri əhatə edən ikinci bölümünü yaymamaq qərarına gəldik. Bu söhbət zamanı ölkəmizin 90-cı illərinin siyasi tarixinin bir sıra məsələlərinə aydınlıq gətirilib”.
Xatırladaq ki, Ə.Vəzirovla müsahibənin Azərbaycan dilində tərcüməsini Modern.az saytı yaymışdı. Azərbaycanın aparıcı KİV-ləri də həmin müsahibəni yayımlayıblar.
Modern.az